Çalışqanlığı və istedadı ilə fərqlənən Anar Sadiqov Naxçıvan Dövlət Universitetinin Memarlıq ixtisasının 3-cü kurs tələbəsidir. Tələbə Elmi Cəmiyyətinin konfransında onun çıxışını dinləmişdim. Bundan sonra bu gəncin əl işləri ilə yaxından maraqlanmağa başladım. Bu yaxınlarda isə Anarla görüşüb həmsöhbət olduq. Öyrəndim ki, o, 1996-cı ildə Naxçıvan şəhərində anadan olub, şəhər 14 nömrəli tam orta məktəbi bitirib. Bu sənətə marağı onda əmisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar memarı İlqar Sadiqov yaradıb. Kiçik yaşlarından başlayaraq maketlər düzəldib.
Anar 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Memarlıq ixtisasına qəbul olub. Bundan sonra daha da səylə çalışmağı qarşısına məqsəd qoyub. Elə birinci kursda işlədiyi layihələr uğurlu olduğu üçün Naxçıvan Dövlət Universitetində keçirilən sərgilərdə nümayiş etdirilib.
O, təhsil aldığı müddət ərzində muxtar respublikada keçirilən bir sıra müsabiqələrdə iştirak edib. Naxçıvan Dövlət Universiteti, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Landşaft memarlığı” adlı müsabiqədə uğur qazanaraq 3-cü yerə layiq görülüb. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi, Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən Naxçıvan şəhərinin təbiəti, tarixi və memarlıq abidələrinin fotomüsabiqəsində də iştirak edərək üçüncü yerə layiq görülüb. Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyəti xətti ilə təşkil olunmuş müsabiqədə “Naxçıvanın müasir memarlığında Əcəmi yaradıcılığı” mövzusunda işi ilə birinci dərəcəli diplomla təltif edilib.
Anarın birinci kursda işlədiyi ilk layihəsi gələcəkdə Naxçıvan Dövlət Universitetinin girişində milli ornamentlərdən istifadə edilərək tikilməsi nəzərdə tutulan yeni üslubda memarlıq abidəsi olub. O, həmin layihəsində mədəniyyətimizi, təhsilimizi, dövlətçiliyimizi Əcəmi yaradıcılığı ilə üzvi vəhdətdə təsvir edib.
Anar digər bir layihəsini də Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin yerləşdiyi binanın fasadının yenidən layihələndirilməsinə həsr edib. Həmin layihədə, əsasən, binanın fasadında Naxçıvan memarlıq məktəbinin elementlərindən məharətlə istifadə olunub.
Onun gələcəkdə tikilməsi nəzərdə tutulan “Rektorluq binası” layihəsi də maraqlıdır. Bina zirzəmi qatı ilə birlikdə dördmərtəbəlidir. Bu binada rektorluğun ayrı-ayrı bölmələri ilə bərabər, iclas zalı, Heydər Əliyev Universiteti, Atatürk Mərkəzi və sair otaqlara da yer ayrılıb. Binanın fasadında Anar Sadiqovun milli üslubda işlədiyi həndəsi naxışlar Əcəmi memarlıq məktəbinin nümunəsidir.
O, hazırda 3 layihə üzərində işləyir. Onlardan biri universitet daxilində avtomobil dayanacağının inşası layihəsidir. Digərləri isə Tibb, Sosial idarəetmə və hüquq fakültələri binalarının yenidən layihələndirilməsidir.
Anar Sadiqovla söhbətimizdən aydın olur ki, müəllimləri və ailəsi onun ixtisaslı bir kadr kimi yetişməsi üçün əllərindən gələni əsirgəmirlər. Eləcə də Memarlıq kafedrasının müdiri, dosent Gülnarə Qənbərova onun memar kimi yetişməsində səylə çalışır.
Anar gələcəkdə Naxçıvanla bağlı layihələrə imza atmaq arzusundadır. O, bu layihələrdə mədəniyyətimizi əks etdirən ornament və naxışlara üstünlük verəcəyini deyir.
Bu gün muxtar respublikada istedadlı, müxtəlif yaradıcılıq sahələri üzrə ixtisaslaşmış gənclərə ehtiyac var. Ona görə də belə gənclərin üzə çıxarılması üçün tədbirlər görülür, onlar dövlətin hərtərəfli diqqət və qayğısını öz üzərlərində hiss edirlər. Bu da gənclərin qarşısında mühüm vəzifələr qoyur: çalışmaq, təşəbbüs göstərmək, ixtisaslı kadr kimi formalaşaraq cəmiyyətə faydalı olmaq.
İstedadlı gənclərimizdən olan, bacarıq, zəhmət tələb edən memarlıq kimi yaradıcı sənətin öhdəsindən müvəffəqiyyətlə gələn Anara bu çətin və məsuliyyətli yolda uğurlar arzulayırıq.
Fatma BABAYEVA