Naxçıvan Muxtar Respublikasının coğrafi ərazisi tarixilik baxımından ölkəmizdə, eləcə də Cənubi Qafqazda özünəməxsusluğu ilə seçilir. Regionun yaşayış məskəni kimi minilliklərə gedib çıxan tarixinə buranın hər qarışında rast gəlmək olar. Aparılan arxeoloji təhlillər bu qədim Azərbaycan diyarının zəngin tarixə və mədəniyyətə malik olduğunu dəfələrlə sübut edib. Bu zənginliyin maraqlı tərəflərindən biri də odur ki, muxtar respublikada şəhər mədəniyyətinin formalaşdığı, mühüm ticarət və sənətkarlıq mərkəzlərinə çevrilmiş coğrafi ərazilər mövcuddur. Belə mədəni mərkəzlərdən biri də Ordubad rayonu ərazisində yerləşən Xaraba Gilan (Kiran, Gilan) orta əsr şəhər yeridir.
Sahəsi 100 hektardan çox olan Xaraba Gilan 1926-1929-cu illərdə və 1976-cı ildən tədqiq olunur. Abidənin qərb tərəfində eradan əvvəl II-I minilliklərə aid yaşayış məskəni və nekropol aşkar edilib. “Naxçıvan Abidələri Ensiklopediyası”nda göstərilir ki, buradakı Narınqalanın sahəsi 10 hektardan çoxdur və vaxtilə məhəllələrlə birlikdə qala divarları ilə əhatə olunmuşdu. Eyni zamanda qala divarları dördkünc və dairəvi bürclərlə möhkəmləndirilmişdi. Daş, çiy və bişmiş kərpicdən yaşayış evləri, karvansaralar, türbələr, məscid, habelə sənətkarlıq ocaqları və digər tikinti qalıqları aşkar edilmiş, xeyli maddi-mədəniyyət nümunəsi tapılmışdır. Tapıntılar zamanı XII-XIV əsrlərə aid gil qab və memarlıq fraqmentləri üzərində kufi, nəsx xətləri ilə yazılara rast gəlinib. Xaraba Gilan abidəsini tədqiq edən alimlər burada şəhər mədəniyyətinin antik dövrdə – eradan əvvəl V-IV əsrlərdə yarandığını, orta əsrlərdən isə bu şəhərin Azərbaycanın mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olduğunu bildirirlər. Tədqiqatlar nəticəsində aydınlaşıb ki, Kiran şəhərinin dağıdılması monqol istilaları zamanı baş verib.
Orta əsr şəhərlərinə xas qala divarları, qeyd etdiyimiz kimi, Xaraba Gilanda da izlənilib. Ətraf yerlərə nisbətən hündür dağın üzərində yerləşən Narınqalanın ətrafı hər tərəfdən sıldırım qayalarla əhatə olunub. Buna baxmayaraq, yaşayış yeri müdafiə divarları ilə əlavə olaraq möhkəmləndirilib. Qala divarları dördkünc və yarımdairəvi formalı bürclərlə möhkəmləndirilib. İçərisində yaşayış binalarının və ictimai binaların qalıqları var. Arxeoloji tapıntılar XII-XIV əsrlərə aid edilir.
“Naxçıvan Abidələri Ensiklopediyası”nda qeyd olunur ki, nekropol Xaraba Gilan şəhər yerinin şimal-şərq hissəsində yerləşir. Burada qülləli və kubşəkilli türbələrdən başqa daş hasarla əhatələnmiş qrup və tək qəbirlər var. Qrup qəbirlər türbələrdən bir qədər aşağıda dağın ətəyində, tək qəbirlər isə türbələrə yaxın, bəziləri isə türbələrin enli kürsülüyü üzərində yerləşib. Tək qəbirlərin üstü pilləli formada işlənib, başdaşı yerinə isə hündürlüyü 70-80 santimetr olan əhəngdən tökmə üsulu ilə hazırlanmış dördbucaqlı daş qoyulub. Bu əhəng daşın ortasına da tökmə üsulu ilə həndəsi ornament, haşiyələrinə ərəb əlifbası ilə yazılmış “Qurani-Kərim”dən ayələr və digər yazılar salınıb. Qrup qəbirlərdə isə heç bir yerüstü əlamət yoxdur. Bu qəbirlərin yanları və üstü irihəcmli daş plitələrdən qurulmuşdur. Ehtimal olunur ki, bu qəbirlərdə yoluxucu xəstəliklərdən ölmüş insanlar dəfn olunmuşlar. Nekropolun ən görkəmli abidələri IX-XIII əsrlərə aid kubşəkilli və qülləvarı türbələrdir. IX-X əsrlərə aid olan türbələr sadə quruluşlu olub, nekropolun cənub-şərq hissəsində yerləşir. Bu türbələr sərdabə və yerüstü hissələrdən ibarətdir. XII-XIII əsrlərə aid türbələr isə Naxçıvan memarlıq məktəbinin ən yaxşı nümunələri sırasına aid olmaqla yanaşı, həm də onlarda Orta Asiya memarlığının təsiri izlənir. Belə türbələr Səlcuqların görkəmli nümayəndələrinə məxsus olub. Təsadüfi deyil ki, həmin türbələr nekropolun şimal tərəfində bir-birilə üzvi surətdə bağlı olan kompleks təşkil edirlər.
Maraqlı faktlardan biri də odur ki, tədqiqatçılara görə, Xaraba Gilandakı qəbirlərin hamısı müsəlman qəbirləridir. Türbələrdə və ətrafındakı bəzi qəbirlərdə ölülər tabutda dəfn olunub. Məlumdur ki, Azərbaycanda tabutda dəfnetmə adəti XIV əsrə qədər davam edib. Digər tərəfdən, Məkkəyə və ya hansısa müqəddəs yerə aparılması nəzərdə tutulan (ya vəsiyyətə, ya da övladlarının arzusu ilə) ölülər də tabutlarda dəfn olunurdu. Xalq arasında belə qəbirlər “əmanət” adlandırılıb. Buradakı memorial abidələrin tikintisində mükəmməl tikinti texnikasından, mürəkkəb memarlıq üsullarından və keyfiyyətli tikinti materiallarından istifadə olunduğuna görə türbələr əsrlərlə təbii qüvvələrin və aşınmaların dağıdıcı təsirinə davam gətirə bilib. Bununla yanaşı, Xaraba Gilan ərazisi Naxçıvanda şəhər mədəniyyətinin ən möhtəşəm incilərinin qalıqlarını özündə bu gün də yaşatmaqdadır. Arxeoloq Bəhlul İbrahimlinin rəhbərliyi ilə burada aparılan tədqiqatlar nəticəsində aşkarlanan çoxsaylı maddi-mədəniyyət nümunələri, şəhər tikililəri, ərazi barədə tarixi mənbələrdə verilən məlumatlar bu şəhərin ticarət yolları üzərində mühüm nöqtələrdən biri olduğunu sübut edir. Naxçıvan ərazisində yerləşən ən möhtəşəm şəhər karvansaralarından biri də məhz Xaraba Gilandadır. Bu ərazidə arxeoloqlar tərəfindən şərti olaraq II və III məhəllələr adlandırılan məhəllələrin arasında yerləşən bu karvansara böyük bir qaya üzərindədir. Tədqiqatçıların qeydlərindən aydın olur ki, bu karvansara kompleksi yataq, məişət, təsərrüfat otaqlarından, anbarlardan və tövlələrdən ibarət olmuşdur.
Qeyd edək ki, son illərdə Xaraba Gilanda aparılan arxeoloji tədqiqatlar nəticəsində aşkar olunmuş maddi-mədəniyyət nümunələri bu qədim şəhərin zəngin tarixi və mədəniyyətindən xəbər verir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xaraba Gilan” arxeoloji ekspedisiyası ötən il Plovdağ arxeoloji abidələr kompleksində, Xaraba Gilan orta əsrlər şəhər yerində arxeoloji qazıntı işləri aparıb və tarixi əhəmiyyət daşıyan bir çox məlumatlar əldə edilib. Qazıntı işlərində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları da yaxından iştirak ediblər.
Tədqiqatlar zamanı qədim şəhərin birinci məhəlləsində böyük bir ikimərtəbəli ictimai yaşayış binasının bir hissəsi qazılıb və bu binanın I və II mərtəbələrinin iki otağı və müdafiə divarına bitişik bir otağı ilə bir dəhlizi qazılıb üzə çıxarılıb. Burada əsas diqqəti cəlb edən binanın I mərtəbəsinin mürəkkəb tağşəkilli memarlıq üslubunda tikilməsidir. Arxeoloji qazıntı zamanı dəridən tikilmiş qadın ayaqqabısı, müxtəlif naxışlı parçalar, XII əsrə aid nəfis şəkildə hazırlanmış qablar və sair aşkar olunub. Eyni zamanda buradan Eldənizlər və Hülakülər dövrünə aid mis sikkələr də tapılıb.
Ümid edirik ki, arxeoloji tədqiqatların davam etdirilməsi növbəti dövrlərdə Azərbaycanın orta əsrlərdə mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olmuş Xaraba Gilan haqqında yeni məlumatların əldə olunmasına imkan verəcək.
Səbuhi HƏSƏNOV
Mənbə: “Naxçıvan Abidələri Ensiklopediyası”