23 Dekabr 2024, Bazar ertəsi

Kəngərli rayonunun 38 sakini tərəfindən qədim mədəniyyətimizi və tariximizi əks etdirən məişət əşyaları, çıraq, küpə, odun ütüsü, patefon və digər nümunələrdən ibarət 63 eksponat rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, muxtar respublikada 29 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Burada da 114 mindən çox xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır. Müstəqillik illərinə qədər əgər muxtar respublika ərazisində 13 muzey fəaliyyət göstərirdisə, müstəqillik dövrünə qədəm qoyduqdan sonra Naxçıvanın tarixini və görkəmli şəxsiyyətlərinin yaradıcılığını əks etdirən 16 muzey yaradılıb. Son illərdə muzeylərimizə göstərilən dövlət qayğısının təzahürü olan muzey sahəsində kadr yetişdirilməsi işi də xüsusilə qeyd edilməlidir.

Vurğulanıb ki, bu gün muzeylərimizi ziyarət edənlərin də sayı əhəmiyyətli dərəcədə artıb və muzey işçilərinin üzərinə daha böyük vəzifələr düşür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən muxtar respublikanın nazirlik, komitə və təşkilatlarının kollektivləri mütəşəkkil şəkildə muzeylərimizi ziyarət edirlər. Keçən il muxtar respublikanın muzeylərini 321 minədək, bu ilin 3 ayı ərzində isə 92 minədək vətəndaş ziyarət edib ki, bunların arasında həm yerli əhali, həm Azərbaycanın digər regionlarından muxtar respublikamıza gələn qonaqlar, həmçinin xarici vətəndaşlar da olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən bu gün muxtar respublikamızda olan muzeylər ilə orta məktəblər arasında distant dərslər keçilir, həmçinin yetişməkdə olan gənc nəsil üçün açıq dərslər təşkil edilir.
“Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi də tariximizin və mədəniyyətimizin yaşadılması istiqamətində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır”, – deyən Natəvan Qədimova bildirib ki, nazirlik tərəfindən muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi də daim diqqətdə saxlanılır və bu işdə muxtar respublika sakinləri yaxından iştirak edirlər. Ötən il ərzində muzeylərə 1500-ə yaxın, son üç ay ərzində isə 266-ya yaxın eksponat daxil olub ki, bu eksponatlar da könüllü halda muzeylərə və nazirliyə hədiyyə edilib. Son illərdə, bütövlükdə, tariximizə, mədəniyyətimizə göstərilən dövlət qayğısının nəticəsidir ki, bu gün maddi-mədəniyyət nümunələrinin toplanması işində vətəndaşlarımız səy göstərirlər.
Sonra eksponatları muzeyə hədiyyə edənlərdən Qarabağlar kənd sakini Aygün Bağırova, Çalxanqala kənd sakini Bəhman Məmmədov, Şahtaxtı kənd sakinləri Səbuhi Əsəd­ov, Ramiz Şükürov çıxış edərək bildiriblər ki, maddi-mədəni irsimizin qorunması baxımından belə tədbirlər əhəmiyyətlidir. Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir. İnanırıq ki, bu işlər gələcəkdə də davam etdiriləcəkdir.
Qeyd edək ki, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 17 iyun tarixli Sərəncamına əsasən yaradılıb. Hazırda muzeydə rayonun tarixi ilə bağlı 2600-dən çox eksponat qorunub mühafizə olunur. Bu eksponatlardan 800-ə yaxını ekspozisiyada nümayiş etdirilir.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR