Şərur Rayon Olimpiya-İdman Kompleksində keçirilən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov açaraq bildirib ki, istedadlı qadınların fəaliyyətlərinin dəstəklənməsi Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət qadın siyasətinin tərkib hissəsidir. Bu gün öz istedadları ilə seçilən və rəssamlıq, toxuculuq kimi el sənəti nümunələrini yaşadan qadınlar üçün hər cür şərait yaradılır. Bu, sənət nümunələrinin qadınlarımız tərəfindən qorunub yaşadılması baxımından əhəmiyyətlidir.
Qeyd edilib ki, ötən il Şərur rayonunda ilk dəfə olaraq keçirilən sərgidə rayonun 81 istedadlı qadınının 460 rəsm və əl işi sərgi-satışa çıxarılıb. Bu tədbirdə isə 87 istedadlı qadın 563 rəsm və əl işi ilə iştirak edir. Sərgidə sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, tikmə, toxuma, xalçalar və digər dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanıb. Xalqımızın qədim tarixini, zəngin mədəniyyətini nümayiş etdirən bu cür sərgilər milli dəyərlərimizin yaşadılması, təbliği, istedadlı insanların üzə çıxarılması, yeni sənətkarlar nəslinin yetişməsi baxımından müstəsna əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında qeyd edib ki, ulu öndərimizin əsasını qoyduğu dövlət qadın siyasəti və xalqımızın milli dəyərlərini qoruyub yaşatmaq istiqamətində aparılan ardıcıl tədbirlər Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Bunun nəticəsidir ki, muxtar respublika qadınları dövlət idarəçiliyində, ictimai-mədəni həyatda fəal iştirak edirlər. Muxtar respublikada həyata keçirilən dövlət qadın siyasəti istedadlı qadınlarımızı da əhatə edir, onların üzə çıxarılması və yaradıcılıqlarının inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görülür. İstedadlı qadınlara dövlət dəstəyi xalqımızın mənəvi xəzinəsi, milli varlığımızın mövcudluğunu təmin edən milli dəyərlərimizə və onun keşiyində duran qadınlarımıza dövlət qayğısının növbəti nümunəsidir. Bu qayğının növbəti nümunəsini Şərur rayonunun timsalında da görürük. Belə ki, Şərur rayonunda yaşayan qadınlar dövlət quruculuğunda, ictimai həyatda fəal iştirak edir, muxtar respublikamızın sosial-mədəni inkişafına öz töhfələrini verirlər.
Bildirilib ki, gənc qızların xüsusi peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün peşə kurslarının təşkil olunması, sənət nümunələrinin qadınlarımız tərəfindən qorunub saxlanılması, yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir. Artıq 2 ildir ki, muxtar respublikanın rayonlarında qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışları təşkil olunur. Rayonlarda ictimaiyyətin marağına səbəb olan və onları milli dəyərlərə daha da yaxınlaşdıran bu sərgi-satışlar yaradıcı qadınları üzə çıxarır. Hər bir rayona məxsus adət-ənənələrin əl işlərində öz əksini tapması, ailə-məişət tərzlərinin, məxsusi xalçaların, bəzək nümunələrinin, gündəlik məişətdə istifadə olunan əşyaların sərgilənməsi sərgi-satışları daha da rəngarəng edir.
Vurğulanıb ki, bu gün Şərur rayonunda yaşayan istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın təşkil edilməsində məqsəd rayon üzrə qadınlarımızın istedad və bacarıqlarını inkişaf etdirmək, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaqdır.
Şərur rayon Ələkli kənd tam orta məktəbinin müəllimi Gövhər İsmayılova çıxışında deyib ki, belə tədbirlər istedadlı qadınlara göstərilən diqqətin bariz nümunəsi olmaqla yanaşı, həm də milli və mənəvi dəyərlərimizin yaşadılmasına xidmət edir. O, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Üç gün davam edən sərgi-satışa Şərur rayonunun ümumtəhsil, yaradıcılıq məktəblərinin, digər müəssisə və təşkilatların kollektivləri böyük maraq göstəriblər.
Ramiyyə ƏKBƏROVA