Aprelin 21-də Naxçıvan Dövlət Filarmoniyasında görkəmli Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı Tofiq Quliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev “Tofiq Quliyevin həyat və yaradıcılığı” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 7 fevral tarixli Sərəncamına əsasən bu il ölkəmizdə görkəmli bəstəkarın 100 illiyi qeyd edilir. Vurğulanıb ki, Tofiq Quliyevin yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edir. Hələ ötən əsrin 30-cu illərində muğamlarımızın nota köçürülməsi sahəsində gördüyü işlər respublikamızın həyatında mədəni hadisə kimi qiymətləndirilib.
Qeyd olunub ki, görkəmli bəstəkar müxtəlif illərdə 5 musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. Həmçinin bir çox kino musiqilərinin müəllifidir. Bütün bunlarla yanaşı, Tofiq Quliyev estrada musiqisinin əvəzsiz sənətkarı kimi də tanınıb. Bəstəkarın lirik, şux, nikbin və oynaq çalarlı musiqiləri əbədiyaşardır.
Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında Tofiq Quliyevin əsərləri səsləndirilib. Orkestrin solistlərinin ifaları alqışlarla qarşılanıb.
Əli RZAYEV