İyirmi ildən artıqdır, Ermənistan tərəfindən tətbiq edilən ağır iqtisadi blokadaya baxmayaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif Yusif oğlu Talıbovun rəhbərliyi altında Azərbaycanın Naxçıvan Muxtar Respublikasında tarixi və mədəni abidələrin bərpası işlərinin həyata keçirilməsi istiqamətində çox mühüm uğurlar əldə edilmişdir.
Belə abidələrdən biri olan Möminə xatın türbəsi Azərbaycan memarlıq məktəbinin banisi və nüfuzlu Avropa memarlıq məktəbinin müəllimi hesab edilən Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən Naxçıvan şəhərində tikilmişdir. Möminə xatın türbəsi Azərbaycan milli memarlığı və Şərq memarlığının incisi hesab olunur. Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatının qəbri üzərində məqbərə yaradılmasına qərar vermiş və onun tikintisi oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən 1186-cı ildə Naxçıvan şəhərinin qərbində başa çatdırılmışdır. Abidənin baştağında kufi xətti ilə bu sözlər yazılmışdır: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Abidənin ümumi hündürlüyü 34 metr olmuş, sonralar 8 metr hündürlükdə olan xarici örtüyü dağılmışdır. Türbə yeraltı (sərdabə) hissə və nadir əsərlərlə üzlənmiş divarlardan ibarətdir. Divarların üzərində olan açıq mavi konturlar mədəni abidəni üzərində mədəniyyətlərarası dialoq və tarixi xəzinələrin əks olunduğu memarlıq əsərinə çevirir. Tanınmış tarixçi M.V.Alpatov qeyd etmişdir ki, “Naxçıvan şəhərində olan Möminə xatın türbəsi nadir gözəllik və zəriflik abidəsidir və geniş şəkildə Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin mövzusunu əks etdirir”.
Digər nadir memarlıq abidəsi isə Naxçıvan şəhəri, Şeyx Məhəmməd Xiyabani küçəsində yerləşən Yusif Küseyir oğlu türbəsidir. Xalq arasında “Atababa günbəzi” də adlanır. Bu türbə XXI əsrin əvvəlində bərpa edilmişdir. Abidə yeraltı sərdabədən və yerüstü qülləvarı hissədən ibarətdir. Planda abidənin yerüstü hissəsi daxildən və xaricdən səkkizbucaqlı şəkildədir. Divarların qalınlığı 80 santimetrdir və bişmiş kərpicdən (20x20x4,5 sm) inşa edilmişdir. Türbənin səkkizbucaqlı prizmatik gövdəsi xaricdən piramidaşəkilli, daxildən isə tavan çatma tağşəkilli sferik günbəzlə örtülmüşdür. Türbədə biz ikiqat günbəz quruluşunun zəmanəmizə gəlib çatmış yeganə bir nümunəsini görürük. Yusif Küseyir oğlu türbəsi Qafqaz regionunda olan yeganə bir türbədir ki, mədəni təsir və dini incəsənəti özünün qülləşəkilli səciyyəvi xüsusiyyəti və memarlıq cizgilərində birləşdirmişdir.
Qarabağlar türbəsi isə Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən orta əsrlərə aid tarixi-memarlıq abidəsidir. Abidənin çox qiymətli mədəni xəzinəsi son zamanlar təmir edilərək cilalanır. Əlavə olaraq abidənin yaxınlığında qoşa minarə və onların arasında yerləşən dini bina tikililəri qalmaqdadır. Qoşa minarənin XII əsrin sonu, XIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağı isə XIV əsrə aiddir. Abidə Hülakü xan tərəfindən arvadı Quti xatının şərəfinə tikilmişdir. Qoşa minarəli baştağının kitabəsində ərəb dilində bu sözlər yazılmışdır: “Allahın bu nişanəsi türkmən Quti xatındır”. Türbənin 12 bucaqlı yeraltı sərdabəsinin divarları daşdan, günbəzləri isə kərpicdən hörülmüşdür. Türbənin səthi qırmızı və firuzəyi kaşılı kərpiclə örtülmüş həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilmişdir.
Qarabağlar abidəsinin üzərində olan kitabələrin mətni şaquli şəkildə, dəfələrlə təkrarlanan rombların içərisində yazılan “Allahdan başqa Allah yoxdur, Məhəmməd onun rəsuludur” kəlamlarından ibarətdir. Türbənin kompozisiya xüsusiyyəti onun 4 baştağlı olmasından (səthi qırmızı və firuzəyi kaşılı kərpiclə örtülmüş həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilmişdir) və türbənin yuxarısındakı kitabə qurşağının nəsx xətti ilə işlənməsindən ibarətdir. Bu mədəni abidə XI əsr Fransız memarlıq məktəbinə təsir etmiş Bərdə türbəsinin müəllifi Əhməd Əyyub oğlu Hafiz Naxçıvani tərəfindən inşa edimişdir.
Naxçıvan Mesopotamiya ədəbiyyatı, Şumer və Qədim Yunan dini əlyazmalarında diqqət mərkəzində olan, İslam mədəniyyətində mühüm yer tutan Nuh Peyğəmbərin vətənidir.
Peter TASE
04.06.2017
“Soberania digital” qəzeti, Argentina