23 Dekabr 2024, Bazar ertəsi

Doğma Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarı mədəniyyət, sənət, ədəbiyyat beşiyi kimi dünya sivilizasiyasına onlarla qüdrətli sənətkarlar bəxş edib. Naxçıvan deyəndə fikrimizdə əzəmətli, minilliklərdən səs-soraq verən abidələri, sərt qayaları, yaşıl bağları, saf bulaqları, coşqun Arazı canlanır. Bu möhtəşəm diyarda yetişən, formalaşan yaradıcı insanlar, onların həyat və fəaliyyəti Azərbaycan mədəniyyəti tarixində silinməz izlər qoyub. Musiqi mədəniyyətimizin inkişaf tarixində bir çox incəsənət xadimlərinin danılmaz xidmətləri olub. Belə fədakar insanlardan biri də Səidə Məmmədovadır.

Səidə xanım 1942-ci ildə, ilin ən gözəl fəslinin ən gözəl ayında – mayın 25-də Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1960-cı ildə Naxçıvan Şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbini bitirdikdən sonra Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun Xor-dirijorluq şöbəsinə daxil olub. 1964-cü ildə texnikumu uğurla bitirən Səidə Məmmədova elə həmin ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında həmin ixtisas üzrə təhsilini davam etdirib. 1969-cu ildə konservatoriyanı bitirərək təyinatla Naxçıvan Şəhər Uşaq Musiqi Məktəbində müəllim kimi fəaliyyətə başlayıb. Hələ konservatoriyada oxuduğu illərdə istedadı və bacarığı ilə seçilən, yüksək idarəçilik qabiliyyətinə malik olan Səidə xanım bir neçə il Bakı şəhərindəki Nərimanov rayonunun Mədəniyyət Sarayının bədii rəhbəri olub, eyni zamanda fortepiano ixtisası üzrə müəllim işləyib.

1969-cu ildən 1975-ci ilədək Naxçıvan Şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəllimi və xormeyster kimi çalışan Səidə Məmmədova 1975-ci ildə yenicə yaradılmış Naxçıvan Orta İxtisas Musiqi Məktəbinin müdiri vəzifəsinə təyin olunub. İlk təşkilatçısı Səidə Məmmədova olan bu məktəb qısa zamanda respublikada tanınan əsl sənət ocağına çevrilib. O, öz ciddiliyi, tələbkarlığı ilə məktəbdə təlim-tərbiyə işlərinin yüksək səviyyədə olmasını, burada müxtəlif musiqi kollektivlərinin formalaşmasını, onların muxtar respublika səviyyəli tədbirlərdə və konsertlərdə iştirakını təmin edərək özünü doğruldub, 1983-cü ilədək daşıdığı vəzifənin öhdəsindən layiqincə gəlib. Qeyd edək ki, bu məktəbin yetirmələri bu gün də Naxçıvanda milli musiqinin, mədəniyyətin inkişafı naminə səylə fəaliyyət göstərirlər.
Yuxarıda qeyd etdiyimiz kimi, Səidə Məmmədova yüksək təşkilatçılıq qabiliyyətinə malik bir musiqiçi olaraq bir sıra tədbirlərin konsert proqramlarının təşkilində, müxtəlif musiqi kollektivlərinin yaradılmasında böyük rol oynayıb. Səidə xanım 1974-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan MSSR-in 50 illik yubileyinə həsr edilmiş təntənəli yığıncağın bədii hissəsində Naxçıvan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında Cahangir Cahangirovun Naxçıvan haqqında kantatasına böyük məharətlə dirijorluq edib. Sənət fədaisi olan gənc qız 1973-cü ildə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin, 1974-cü ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunub. 1978-ci ildə Azərbaycan KP MK-nın və Azərbaycan Respublikası Ali Sovetinin təşkil etdiyi bayram konsertində bəstəkar Ramiz Mirişlinin Fikrət Qocanın sözlərinə yazdığı “Naxçıvan təranələri” süitasının Səidə xanımın dirijorluğu ilə təqdimatı ozamankı nəslin yaddaşında bu gün də əsl incəsənət hadisəsi kimi yaşayır.
1987-ci ildə Azərbaycan KP-nin və Azərbaycan SSR Ali Sovetinin Oktyabr inqilabının 70 illiyinə həsr olunmuş təntənəli yığıncaq ilə əlaqədar keçirilən konsert zamanı Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijorluq pultu arxasında respublikanın ən məşhur dirijorlarını görməyə adət etmiş bir çoxları üçün Səidə Məmmədovanın çıxışı təəccüb doğurub. Çoxları təklif edib ki, konsert fonoqram ilə baş tutsun. Lakin onun dirijorluq məharəti, orkestri ələ almaq bacarığı konsertin çox yüksək səviyyədə sona çatması ilə nəticələnib. Bu gənc xanım öz əzmkarlığı, qeyri-adi yaradıcılıq enerjisi ilə milli musiqi salnaməsinə Azərbaycan Dövlət Simfonik Orkestrinin yüksək tərkibli heyətinə rəhbərlik edən ilk qadın dirijor kimi düşüb.
O zamanlar Naxçıvanda da keçirilən bir çox dövlət konsertlərinin bədii rəhbəri olan Səidə Məmməd­ova bütün əsərləri yüksək səviyyədə musiqi ictimaiyyətinə təqdim edib. Səidə Məmmədova həmin illəri xatırlayaraq qeyd edir ki, xor kollektivini, orkestri təşkil etmək olduqca çətin idi, çünki ixtisaslı musiqiçilər azlıq təşkil edirdi: “O zaman özfəaliyyət kollektivlərinin üzvlərindən, müxtəlif rayon və kəndlərdən ən istedadlı musiqiçiləri toplayıb bu kollektivləri ərsəyə gətirdik. Ancaq çox çətin idi. İfaçıların çoxu notu belə, tanımırdı. Bu səbəbdən onlara əsərləri zümzümə edərək öyrədirdim”.
Yüksək peşəkarlığı və idarəetmə qabiliyyəti ilə seçilən Səidə Məmmədova 1996-cı ildə Naxçıvan Dövlət Universitetində yaradılan İfaçılıq kafedrasına müdir vəzifəsinə təyin olunub. Səidə xanım bu gün gənc­lərin peşəkar, yüksək mədəni səviyyəyə malik musiqiçilər kimi yetişməsində səylərini əsirgəmir. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin yaranmasının 30 illiyi münasibətilə keçirilən dövlət tədbirindən sonra bədii hissədə konsertin yüksək səviyyədə baş tutmasında bədii rəhbər və dirijor Səidə müəllimənin öz payı olub. Tələbə xorunun, rəqs qrupunun və xalq çalğı alətləri orkestrinin birgə hazırladığı Ramiz Mirişlinin “Doğma diyar” süitası qədim Naxçıvanımızın musiqi salnaməsi kimi ictimaiyyət tərəfindən alqışlarla qarşılanıb.
1999-cu ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 75 illiyi münasibətilə keçirilən yubiley tədbirində isə Səidə xanım dahi Üzeyir bəyin Azərbaycanın şanlı qəhrəmanlıq tarixindən bəhs edən “Kor­oğlu” operasından “Çənlibel xoru” kimi qiymətli sənət töhfəsi ilə iştirak edib. Naxçıvan musiqi mədəniyyətinin inkişafı üçün əlindən gələni əsirgəməyən Səidə Məmmədova Naxçıvan Dövlət Universitetində fəaliyyəti dövründə də bir çox uğurlara, yeniliklərə imza atıb. Belə ki, 2000-ci ildə universitetin rektoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə ictimai əsaslarla müəllim və tələbələrdən ibarət opera studiyası yaradılıb, bu studiyaya rəhbərlik də məhz Səidə Məmmədovaya tapşırılıb. Opera studiyasında səhnələşdirilən, 2001-ci il iyun ayının 15-də Milli Qurtuluş Günü münasibətilə keçirilən dövlət tədbirində təqdim olunan dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasından 2 pərdə böyük əks-səda doğurub. 2004-cü il iyunun 30-da Səidə Məmmədovanın rəhbərliyi ilə Üzeyir Hacıbəyovun daha bir əsərinə müraciət edən opera studiyasının əməkdaşları bu dəfə “Arşın mal alan” musiqili komediyası ilə Türkiyənin bir çox universitetlərində çıxış ediblər, onların çıxışı alqışlarla qarşılanıb. 2007-ci ilin iyununda Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyi ilə əlaqədar Rusiyanın Novosibirsk şəhərində ke­çirilən “Naxçıvan Dövlət Universiteti həftəsi”ndə təqdim olunan bu əsər sibirlilərin və uzaq Sibirdə yaşayan həmvətənlərimizin xatirəsinə həmişəlik həkk olub.
Akademik Budaq Budaqov 2004-cü ildə akademik İsa Həbibbəyliyə yazdığı məktubda belə qeyd edir: “2004-cü ilin sentyabr ayının 22-də sizin rəhbərlik etdiyiniz universitetin opera studiyasının ifasında “Arşın mal alan” operettasına baxdığım tamaşadan böyük mənəvi zövq almışam. Tələbələrin çıxışı 1945-ci ildə “Arşın mal alan” filmində oynamış dahi artistlərin ustalıq maneralarından fraqmentləri xatırladır. Çalğıçıların ifasındakı koordinasiya diqqətəlayiqdir. Operettanın dirijorunda – Səidə xanım Məmmədovada olan şuxluq, dirijorluq məharəti və enerjisi çıxış zamanı hər bir artistə və musiqiçiyə paylanırdı. Öz sənətinin aşiqi olan mütəxəssislər bu temperamentdə, bu həvəsdə dirijorluq edə bilərlər. Bütün tamaşanın enerji qütbü dirijorda cəmləşmişdir”.
2007-ci ildə Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyi Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyevin iştirakı ilə dövlət səviyyəsində qeyd olunub. Konservatoriyanın yeni binasının açılışına təsadüf edən, Səidə xanımın bədii rəhbər və dirijoru olduğu yubiley konserti həm əhəmiyyətli mədəniyyət hadisəsi, həm də hesabat kimi universitetə uğur gətirib.
Səidə Məmmədova elmi-metodik səviyyəsi, pedaqoq səriştəliliyi, elm sahəsində müvəffəqiyyətləri ilə Naxçıvanın fortepiano ixtisası üzrə ilk professoru adını qazanıb. Onun sənəti, istedadı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, müxtəlif fəxri fərmanlarla təltif olunub. Səidə xanım 1977-ci ildə “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Əməkdar incəsənət xadimi”, 1988-ci ildə “Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi” fəxri adları, 2007-ci ildə “Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunub. 2007-ci ilin may ayında isə Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdünə layiq görülüb.
Böyük ürəyə, həssas qəlbə malik olan Səidə Məmmədovanın özünə­məxsus zərif dünyasını, incə, həyatsevər qəlbinin lirik duyğularını yaşadan və sevdirən bəstələri də az deyil. Onun “Sevirəm yurdumu”, “Ürəkdir sevən səni”, “Ülkərim”, “Ayrılıq”, “Könlümdəsən həmişə”, “Görüş”, “Nigarım mənim”, “O kaman səsi”, “Naxçıvan” və başqa mahnıları könülləri oxşayır. Səidə xanım xor üçün bir neçə mahnını, Saray Şəkərlinin “Bilsəydim ki”, “Nazlı dilbər”i və digərlərini işləyib hazırlayıb.

Gözəl insan, tanınmış dirijor, pedaqoq, fəal ictimai xadim olan Səidə Məmmədova ömrünün 75-ci baharını yaşayır. Əslində, Səidə xanımın gözəl qamətinə, nurlu simasına nəzər saldıqda onun bu yaşda olduğuna inanmaq olmur. Ancaq buna inanırıq ki, tükənməz sənət eşqi, həyatsevərliyi, yetirmələrinin sənət uğurları, dövlətimizin əsl sənətə və sənətkara verdiyi qiymət bundan sonra da Səidə xanımın mənalı ömrünə ömür qatacaq.

Günay MƏMMƏDOVA
sənətşünaslıq üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR