Muxtar respublikamız son 20 ildə uğurlu quruculuq və inkişaf yolu keçmiş, qısa zaman kəsiyində böyük nailiyyətlər əldə olunmuşdur. Naxçıvanın tarixinə qızıl hərflərlə yazılan bu illər təkcə sosial-iqtisadi nailiyyətlərlə deyil, həm də demokratikləşmə prosesinin yeni mərhələdə uğurlu davamı, elektron medianın inkişafı, ümumiyyətlə, kütləvi informasiya vasitələri orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan mühüm addımlarla da əlamətdar olmuşdur. Bu sahədə həyata keçirilən tədbirlərin məntiqi davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 20 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının yaradılması və bu qurumun fəaliyyəti muxtar respublikada elektron jurnalistikanın sürətli inkişafının daha bir təzahürü kimi səciyyələnir.
Ötən müddətdə Televiziya və Radio Şurası üçün müasir tələblərə cavab verən iş şəraiti yaradılmış, əməkdaşların istifadəsinə yeni texniki avadanlıqlar verilmişdir. Şuranın Əsasnaməsində teleradio yayımının texniki keyfiyyətinə nəzarət etmək, izləyicilərdən və teleradio yayımçılarından daxil olmuş ərizə və şikayətləri araşdırmaq, teleradio məhsullarının istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, səlahiyyətləri daxilində yayımçılar üçün icrası məcburi olan qərarlar vermək kimi hüquqlar verilmişdir.
Muxtar respublikada televiziya və radio yayımlarının fəaliyyətinin tənzimlənməsi, yayım zamanı ictimaiyyətin maraqlarının qorunması, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsinə nəzarətin həyata keçirilməsi şuranın əsas fəaliyyət istiqamətlərindəndir. Ötən dövrdə muxtar respublika ərazisindəki televiziyaların reyestrdən keçirilməsi üçün tələb olunan sənədlərin siyahısı hazırlanmış, teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin qaydaları tərtib olunmuş, lisenziyanın forması təsdiq edilmişdir. Həmçinin şura iclaslarının keçirilməsi qaydalarına dair reqlament qəbul edilmiş, radioyayım vasitələrinin texniki istismar qaydaları müəyyənləşdirilmişdir. Efirdə keyfiyyətin yüksəldilməsi, qanunvericiliyin tələblərinə əməl edilməsi, ictimaiyyətin maraqlarının qorunması üçün bir sıra tədbirlər görülmüşdür. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun və “Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq müxtəlif istiqamətlər üzrə “Xüsusi qaydalar” hazırlanmış, teleradioların fəaliyyəti üçün standartlar müəyyənləşdirilmişdir.
Televiziya və Radio Şurası ötən müddət ərzində səlahiyyətinə aid edilən hüquqlarından istifadə etmiş, yol verdikləri nöqsanlara görə teleradiolara 4 dəfə yazılı, 15 dəfə şifahi xəbərdarlıq olunmuşdur. Şuranın dövlət dilindən istifadə ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bütün teleradiolar öz yayımlarını ancaq Azərbaycan dilində həyata keçirirlər. Bundan başqa, şura Naxçıvan Muxtar Respublikası ərazisində teleradio yayımı sahəsində dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı qaydalar hazırlayaraq teleradiolara göndərmişdir. Arxivlərin və fonotekaların qorunması məqsədilə “Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən teleradiolarda fonotekaların və videoyazıların qorunmasına dair qaydalar” hazırlanmışdır. Bu qaydalara uyğun olaraq fonoteka və videotekaların ayrıca monitorinqi aparılmışdır.
Ötən dövrdə teleradio əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə seminarlar və treninqlər keçirilmişdir. “Elektron media: hüquqi tənzimləmə və təcrübə”, “Telejurnalistikada xəbər yaradıcılığı”, “Hərbi-vətənpərvərlik proqramları: əsas istiqamətlər və prioritetlər”, “Teleradiolarda uşaq verilişləri: problemlər, vəzifələr”, “Telejurnalistikada rejissor, operator və montaj yaradıcılığı”, “Televiziya jurnalistikasında peşəkarlıq”, “Milli dəyərlərin yaşadılmasında kütləvi informasiya vasitələrinin rolu: vəzifələr, istiqamətlər” və digər mövzularda seminar-treninqlərin keçirilməsi ümumi işə öz töhfəsini vermişdir.
Teleradio materialları geniş auditoriyaya təqdim olunduğu üçün yaradıcılıq baxımından yüksək səviyyədə işlənilməli, ictimaiyyətin maraqlarına xidmət etməli, bir sözlə, cəmiyyətin tələbini ödəməlidir. Bunun üçün, ilk növbədə, peşəkarlıq lazımdır. Televiziya və Radio Şurası fəaliyyətində bu məsələni diqqət mərkəzində saxlayır, muxtar respublikada fəaliyyət göstərən teleradiolarda texniki və yaradıcılıq baxımından keyfiyyətin yüksəldilməsinə xüsusi diqqət göstərməklə bərabər, həm də teleradioların müxtəlif tematik istiqamətlər üzrə müntəzəm olaraq monitorinqini aparır. Ötən müddətdə şura tərəfindən teleradiolarda müxtəlif tematik istiqamətlər üzrə 150-yə yaxın monitorinq müzakirəsi keçirilmişdir. Əsas diqqət teleradiolarda yol verilən nöqsanların tezliklə aradan qaldırılmasına və monitorinqlərin nəticəli olmasına yönəldilmişdir.
Şura əməkdaşları tərtib edilmiş iş qrafiki əsasında açıq monitorinqlərdə iştirak edərək verilişlərində daha çox qüsurlara yol vermiş əməkdaşlarla söhbətlər aparmış, nöqsanların gələcəkdə təkrarlanmaması istiqamətində müvafiq tövsiyələr verilmişdir. Bir çox hallarda qüsurlar efirə getməzdən əvvəl aradan qaldırılmış, yararsız telemateriallar proqramdan çıxarılmışdır. Aparılan monitorinqlərin, xüsusilə teleradiolarda yaradılan şəraitin, gənc və yaradıcı əməkdaşların işə cəlb olunmasının nəticəsidir ki, bu gün teleradiolarda nöqsanlar azalmışdır.
Şura nail olmağa çalışır ki, milli dəyərlərimiz, tarixi-mədəni irsimiz teleradiolarda tanıdılsın və təbliğ olunsun, doğma diyarımızın sosial-iqtisadi inkişafı teleradioların fəaliyyətində prioritet istiqamət kimi götürülsün. Monitorinq müzakirələri zamanı qarşıya qoyulan bu tələblər teleradio əməkdaşlarının diqqətinə çatdırılır.
2017-ci il yanvar ayının 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirə şura əməkdaşları üçün də əsas fəaliyyət istiqaməti olmuşdur. Bu müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Televiziya və Radio Şurasının da qarşısında mühüm vəzifələr qoymuş, bir sıra tapşırıqlar vermişdir. Tapşırıqlardan biri muxtar respublikada yayımlanan digər telekanalların fəaliyyəti ilə bağlı təhlillərin aparılması olmuşdur. 2017-ci ilin fevral ayından şura muxtar respublikada yayımlanan digər ölkə telekanallarının fəaliyyətini də nəzarətə götürmüş, bu telekanallarda Naxçıvanla bağlı efirə təqdim olunan telematerialları təhlil edərək aidiyyəti üzrə məlumat vermişdir.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq şura muxtar respublikanın zəngin tarixi-mədəni irsi və müasir inkişafı ilə bağlı video və fotomaterialları sosial şəbəkələrdə və müxtəlif sosial qruplarda yayımlamışdır. Tapşırıqlardan biri də Naxçıvan Dövlət Universitetinin “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun fəaliyyətinin davamlılığının təmin edilməsi olmuşdur. Qeyd edək ki, hazırda Naxçıvan Dövlət Universitetinin “Nuhçıxan” radiosu və “Universitet” televiziyası həftənin III, IV və V günləri efirə çıxır.
Bu gün muxtar respublikada teleradioların ən müasir maddi-texniki bazaya malik olması, əməkdaşlar üçün müasir iş və yaradıcılıq şəraitinin yaradılması, Naxçıvan Dövlət Televiziyasının və Radiosunun, “Naxçıvanın səsi” radiosunun internet üzərindən birbaşa yayımlanması qarşıya mühüm vəzifələr qoyur. Belə ki, teleradiolarda keyfiyyətə daim nəzarət olunması, mövcud texniki imkanlardan səmərəli istifadə və tamaşaçı tələbini ödəyən yeni teleradio materiallarının hazırlanması, əməkdaşların peşəkarlığının artırılması daim diqqət mərkəzində saxlanılır, şura qeyd olunan məsələlərlə bağlı müvafiq tədbirlər görür, yaradıcı işə köməklik göstərir.
Televiziya və Radio Şurası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarını özünün fəaliyyət istiqamətinə çevirmişdir. Hazırda şura vətənpərvərlik, yurd sevgisi hisslərinin, milli dəyərlərin qorunmasına, xalq yaradıcılığının, tarixin və mədəniyyətin təbliğinə xidmət edəcək yeni silsilə veriliş və proqramların tamaşaçı və dinləyicilərə təqdim edilməsi ilə bağlı ardıcıl iş aparır, yeni telelayihələr üzərində işləyir. Kollektiv bundan sonra da Ali Məclis Sədrinin fərman və sərəncamlarından, təsdiq olunmuş tədbirlər planlarından irəli gələn vəzifələrin teleradiolarda icrasına və teleradio verilişlərinin ötürülməsi üçün istifadə olunan texniki yayım vasitələrinin istismarına nəzarət edəcək, ictimaiyyətin maraqlarına uyğun verilişlərin hazırlanıb efirə təqdim edilməsinə nail olacaqdır.
Naxçıvan Muxtar Respublikasının
Televiziya və Radio Şurası