23 Dekabr 2024, Bazar ertəsi

Bu yaxınlarda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev və sənətşünas Nizami Alıyevin “Bəhruz bəy Kəngərli taleyi” kitabı işıq üzü görüb. Müəlliflərin bu əsəri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tövsiyə və tapşırıqlarının həyata keçirilməsi istiqamətində görülən işlərin tərkib hissəsi kimi də diqqəti cəlb edir. Belə ki, ulu öndər hələ 2002-ci ildə – görkəmli rəssamın adını daşıyan muzeyin açılışında demişdir: “Hesab edirəm ki, Azərbaycanda, o cümlədən Naxçıvanda bizim sənətşünaslar, tədqiqatçılar Bəhruz Kəngərlinin yaradıcılığını daha professional səviyyədə tədqiq etməli, əsərlər yazmalıdırlar”.

Müəlliflərin apardıqları tədqiqat işləri Naxçıvanla yanaşı, Moskva və Tiflis şəhərlərini də əhatə edib. Həmin tədqiqatlar rəssamın həyat və yaradıcılığı ilə bağlı yeni faktları üzə çıxarıb. Bütün bunların hamısı 512 səhifəlik kitabda öz əksini tapıb. Aparılan tədqiqatlar rəssamın həyat və yaradıcılığından bəhs edən və sovetlər dövründə nəşr olunan bir neçə kitab və kataloqda təhrif olunan faktları da aradan qaldırmağa imkan verir. Kitabda rəssamın adının “Bəhruz bəy” kimi təqdim olunması, əslində, kommunist rejiminin ona qarşı etdiyi haqsızlıqlara etirazın ifadəsidir.
Kitabın əvvəlində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən Bəhruz bəy Kəngərlinin adının əbədiləşdirilməsi məqsədilə imzalanmış sərəncamlar yer alıb.

Qeyd etmək lazımdır ki, yeni nəşr ensiklopediya xarakterlidir. Başqa sözlə desək, burada Bəhruz bəy Kəngərli haqqında kifayət qədər yeni məlumatlar əldə etmək mümkündür. Kitabda “Kəngərlilər”, “Rəssamın dövrü və mühiti”, “Uşaqlıq illəri”, “Təhsil illəri”, “Sənət dünyası”, “Portret cizgiləri”, “Rəssam haqqında fikirlər”, “Ölməzlik”, “İthaflar”, “Kataloq” və “Arxiv” bölmələrinin yer alması da dediklərimizi təsdiqləyir. Rəssamın yaratdığı “Qaçqınlar” silsiləsinin ayrıca təqdimatını və təhlilini erməni təcavüzünün ifşası üçün çox tutarlı bədii-tarixi material saymaq olar. Bu bölmələrin hər biri cəmisi 30 il ömür sürmüş fırça ustasının təzadlarla dolu həyat yoluna işıq salmaqla yanaşı, oxucuları bir-birindən maraqlı, yeni faktlarla da tanış edir.
Kitabda rəssamın mənsub olduğu məşhur Kəngərlilər nəsli barəsində məlumat verən müəlliflər onların qədim türk tayfalarından biri olması və bu nəslin Azərbaycan tarixini şərəfləndirən şəxsiyyətlər yetişdirməsi barədə də ətraflı yazırlar.
Nəşrin diqqətçəkən məqamlarından biri müəlliflər tərəfindən rəssamın yaradıcılığında geniş yer almış uşaq portretlərinin kimliklərinin müəyyən olunmasıdır. Müxtəlif mənbələrdən Kəngərli ailəsində böyüyən uşaqların fotolarını əldə edən tədqiqatçılar müqayisə nəticəsində həmin portretlərdə kimlərin təsvir edildiyini dəqiqləşdirməyə nail olublar. Bu uşaqların həyat yolunu izləyən kitab müəllifləri 30-cu illərdə repressiya dalğasının bu nəsildən də yan keçmədiyini üzə çıxarıblar. Malikanələri əllərindən alınmış uşaqlar bundan sonra ozamankı Sovetlər Birliyinin müxtəlif guşələrinə səpələniblər. Rəssamın qardaşı Rüstəm Belqorod vilayətinin Valuysk şəhərində Boris Şirəliyev adı altında yaşamağa məcbur olub, bacısı Gültac isə “Tahirova” soyadını qəbul etməklə təhlükədən xilas ola bilib.
Bəhruz bəy isə portretlərini çəkdiyi qohumlarını qorumaq üçün müxtəlif adlarla təqdim edib, onların naməlum qalmasına çalışıb. İş o yerə çatıb ki, o, həyat yoldaşı Hürnisəni əks etdirən əsəri də “Qaçqın xanım” adlandırmaqla, onun anonimliyini təmin edib. Yalnız rəssamın bacısı Mənsurənin sağlığında oğlu Xanlara “Qaçqın xanım” əsərində kimin təsvir edildiyini söyləməsi müəlliflərə əsərin əsl prototipinin kim olduğunu ictimailəşdirməyə imkan verib.
“Təhsil illəri” bölməsində rəssamın yenicə yaranmaqda olan sənət dünyası ilə yanaşı, onun gürcü dostları – Lado Qudiaşvili, Mixail Çiaureli və Ketevan Meqalaşvilidən söz açılıb.
Kitabın rəssamın dövrü və mühitindən söz açılan bölməsində Naxçıvanda ədəbiyyat, incəsənət və maarif sahəsində fəaliyyət göstərən ziyalıların gənc Bəhruza təsiri barədə maraqlı faktlar verilib.
1910-cu ildə Tiflisə rəssamlıq üzrə ixtisas təhsili almağa yollanan Bəhruz bəy Kəngərlinin oxuduğu yer haqqında məlumatın verilməsi, kitab müəlliflərinin əvvəllər kilsə olmuş həmin binanı tapmaları və onun müxtəlif fotolarını təqdim etmələri nəşrin müsbət xüsusiyyətlərindəndir.
“Rəssamın bədii irsi” bölməsində görkəmli fırça ustasının 7 il ərzində yaratdığı rəngkarlıq və qrafika əsərləri, teatr-dekorasiya nümunələri barəsində ilk dəfə məlumat verilir, onlar növ və janr üzrə təhlil olunur. Məlum olur ki, Bəhruz bəy Kəngərlinin 450 əsəri Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində, 58 ədədi isə Naxçıvandakı Bəhruz Kəngərli Muzeyində saxlanılır. Yaxşı haldır ki, bu siyahı “Kataloq” bölməsində bir qədər də zənginləşdirilib. Bu siyahıya rəssamın şəxsi kolleksiyalarda qorunan əsərləri də daxil edilib. İctimaiyyətə ilk dəfə təqdim olunan həmin əsərlərin sırasında “Bektaşilər”, “Dəniz mənzərəsi” və “Qızılgüllər” rəngkarlıq, “Mirzə Heydər Nəsirbəyov”, “Əsəd ağa Kəngərlinin portreti”, “Nazlı xanım Tahirova (Nəcəfova)” və sair qrafika əsərləri daxildir.
Bəhruz bəy Kəngərlinin bədii irsini janrlar üzrə təhlil edən müəlliflər onların bədii-texniki xüsusiyyətlərini ilk dəfə dərindən təhlil edib, daşıdığı bədii-estetik xüsusiyyətləri üzə çıxarıblar. Müəlliflərin rəssamın rəngkarlıq işlərində, xüsusilə də yaradıcılıq niyyətinin əksi olan kiçikölçülü əsərlərində yüksək sənətkarlıq nümunəsi sərgilədiyini vurğulamaları onun bədii irsinə verilən obyektiv dəyərləndirmədir.
“Portret cizgiləri” bölməsi isə məzmun etibarilə digər rəssamlara həsr olunmuş monoqrafiyalarda rast gəlinməyəcək bir müəllif yanaşmasının nəticəsidir desək, yanılmarıq. Müəlliflərin burada rəssamın avtoportretləri, ona həsr olunmuş ədəbi nümunələr, barəsindəki məqalələr və söylənilmiş fikirlər əsasında yaratdıqları “Bəhruz bəy Kəngərli obrazı” kifayət qədər oxunaqlıdır.
Rəssamın vəfatından bu günümüzə kimi onun barəsində görkəmli şəxsiyyətlərin və müxtəlif peşə adamlarının söylədiyi fikirlərin kitabda yer alması onun yaradıcı şəxsiyyət və sənətkar kimi dəyərləndirilməsi işində mühüm rol oynayıb. Məşhur Kəngərlilər nəslinin nümayəndəsi olan Bəhruz bəy Kəngərliyə kommunist rejimi dövründə münasibət arzulanan səviyyədə olmasa da, müstəqillik illərində bu boşluğun doldurulması istiqamətində davamlı işlər görülüb. Kitabın “Ölməzlik” bölməsində bu işlər barədə ətraflı bəhs olunub.
Rəssamın Bakı və Naxçıvan muzeylərində qorunan şəxsi əşyaları haqqında verilən illüstrasiyalı məlumatlar onun maraq dünyasını və zövqünü duymağa imkan verir.
Zaman-zaman Bəhruz bəy Kəngərlinin ömür yolu ilə yaxından tanış olan yazıçı və şairlər, eləcə də rəssam və heykəltəraşlar onun obrazlarına fərdi münasibətlərini bədii şəkildə ifadə etməyə çalışıblar. Bunun nəticəsində Bəhruz bəy Kəngərlinin əhatəli obrazlar qalereyası yaradılıb ki, bunlarla kitabda tanış olmaq mümkündür.
Qeyd etmək lazımdır ki, müəlliflərin rəssamla bağlı üzə çıxardıqları arxiv materiallarını kitaba daxil etmələri onun məzmununu daha da zəngin və oxunaqlı edir. Kitab ingilis və rus dillərində yazılmış iki məqalə ilə tamamlanır. Bu da müxtəlif xalqların nümayəndələrini rəssamın yaradıcı­lığı ilə tanış etmək baxımından əhəmiyyətlidir.
Ümumiyyətlə, “Bəhruz bəy Kəngərli taleyi” kitabı görkəmli sənətka­rın anadan olmasının 125-ci ildönümünün qeyd olunduğu bir vaxtda milli təsviri sənətimizin inkişafında xüsusi rolu olan sənətkarın xatirəsinə ən yaxşı töhfə sayılmağa layiqdir. Kitabı Azərbaycan sənətşünaslığını zənginləşdirəcək sanballı tədqiqat əsəri hesab etmək olar.

Qafar QƏRİB

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR