Tədbir iştirakçıları əvvəlcə Hüseyn Cavidin şəhərin mərkəzində ucaldılan məqbərəsini ziyarət edib, dahi şairin Naxçıvan şəhərindəki ev-muzeyində olublar.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova deyib ki, bu gün istər poeziyada, istərsə də dramaturgiyada orijinallığı ilə seçilən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair-dramaturq Hüseyn Cavidin anadan olmasından 135 il ötür. Hüseyn Cavid 1937-ci ilin iyun ayında “gizli millətçi əks-inqilabi təşkilat”da iştirakı bəhanəsi ilə günahsız yerə səkkizillik həbs cəzasına məhkum olunub. Həmin ildən onun bütün əsərlərinin nəşri və tamaşaya qoyulması qadağan edilib.
Ulu öndər Heydər Əliyevin qayğısı ilə ötən əsrin 70-ci illərindən etibarən Cavidin əsərləri nəşr olunmağa başlayıb, rus dilində 2 cildliyi işıq üzü görüb. Ümummilli lider Heydər Əliyev çox böyük cəsarət tələb edən addım atıb, Cavidin cənazəsi 1982-ci ildə Uzaq Sibirdən Bakıya, noyabrın 2-də isə Naxçıvana gətirilib. Bu fakt keçmiş Sovetlər Birliyi məkanında repressiya olunmuş şəxsə dövlət səviyyəsində göstərilmiş münasibətin yeganə cəsarətli nümunəsidir.