23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanda oyma, yonma, döymə üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi tarixən mövcud olub. Ölkəmizin qədim məskənlərindən olan Gəmiqayada və Qobustanda daşlar üzərindəki oymalar, rəsmlər, fiqurlar buna sübutdur. 

Bu gün haqqında danışacağımız sənətkar daşduzdan əl işləri yaradan Naxçıvan şəhər sakini Zülfüqar Zeynalovdur. Doğma Naxçıvanımızı müalicə turizmi məkanı kimi də şöhrətləndirən, tariximizin qədimliyinin daş möhürü olan duz Zülfü­qar­ Zeynalov üçün ilham mənbəyidir. Bu günə kimi 30-a yaxın sənət əsəri ərsəyə gətirən usta nəinki Naxçıvanda, bütövlükdə Azərbaycanda yeganə sənətkardır ki, əsərlərini daşduzdan yaradır. Cansız daşduz parçalarından yaratdığı əl işləri insanı düşüncələr aləminə aparır. Daşduzdan bacarıqla istifadə edərək əsərlər yaradan usta deyir ki, dünyanın bir sıra ölkələrinin muzeylərində gördüyüm müxtəlif daş materiallardan hazırlanmış eksponatlarla bağlı videokadrlara həsədlə baxardım. Əvvəlcə taxtadan, keramikadan müxtəlif suvenirlər, abidələr hazır­layırdım. 2004-cü ildə isə daşduzdan ilk əl işim olan qılıncı ərsəyə gətirdim. Zülfüqar ustanın sözlərinə görə, daşduzla işləmək, ondan sənət əsəri yaratmaq o qədər də asan deyil. Necə deyərlər, yüz ölçüb, bir biçməlisən. Daşduz adi daş kimi mülayim, “sözəbaxan” olmadığına görə bu materialla işləyən zaman daha dəqiq və diqqətli olmaq lazımdır. Bu sənət insandan dözüm, səbir, istedad, sevgi tələb edir. Bunlar kompleks şəkildə olanda yaxşı əsər meydana gəlir.

Zülfüqar usta onu da bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncam onu da xeyli sevindirir. O deyir ki, hazır­ladığı bütün sənət əsərlərini yaradılacaq Naxçıvan Duz Muzeyinə hədiyyə etməyə hazırdır. Bu sənət nümunələri həm də doğma diyarımıza dünyanın dörd bir guşəsindən gələn turistlər vasitəsilə xarici ölkələrə yol açacaq, Naxçıvanın qədimliyini, bu gününü, sağlamlıq baxımından duzun oynadığı rolun daha geniş mənada təbliğinə imkan yaradacaq.
Qeyd edək ki, bu il Novruz bayramında “Naxçıvanqala” Tarix­-Memarlıq Muzey Kompleksində sərgilənən daşduzdan düzəldilmiş əl işlərinə böyük maraq olub.
Məlumdur ki, Naxçıvan şəhəri 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunub. Zülfüqar ustanın əl işlərində əksini tapan loqotip və tarixi abidələr də bu əlamətdar tədbirə töhfədir.
Zülfüqar usta ən böyük arzusunun daşduzdan müstəqil Azərbaycanımızın qurucusu Heydər Əliyevin abidəsini yaratmaq olduğunu deyir. O, hazırda “Üzüm bağında lampa” adlı əsər üzərində işləyir. Zülfüqar ustanın küsüşən butalar, tar, kamança, qaval təsviri, “İslami dəyərlərin simvolu”, “İlahi kitabə”, “Naxçıvanqala”, “Çay dəstgahı”, “Möminə xatın türbəsi”, “Azərbaycan bayrağı”, “İslam Həmrəyliyi Oyunlarının simvolu”, “Saz”, “Delfin”, müxtəlif qab nümunələri, çıraqlar, güldanlar, gülabdanlar, badya, vaza və digər əl işləri onun istedadının təcəssümü, bu insana bəxş edilən yaradıcılıq bacarığının məhsuludur. Gecəni nura qərq edən lampalara baxanda Naxçıvan duzuna, bu sərvətdən incəsənət nümunələri yaradan insanın yaradıcılığına valeh olursan.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR