23 Dekabr 2024, Bazar ertəsi

Bu gün Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair-dramaturq Hüseyn Cavidin anadan olmasından 135 il ötür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.

Hüseyn Cavid ilk təhsilini Naxçıvan şəhərindəki mollaxanada almış, ərəb-fars dillərini öyrənmiş, Şərq ədəbiyyatına dair ilkin biliklər əldə etmişdir. Sonra Naxçıvanda M.T.Sidqinin təşəbbüsü ilə açılmış “Tərbiyə” məktəbində təhsilini davam etdirən Hüseyn Cavid burada dünyəvi elmlərə yiyələnmiş, “Gülçin” təxəllüsü ilə ilk şeirlərini yazmağa başlamışdır. O, dünyagörüşünün inkişafında mühüm mərhələ təşkil edən İstanbul Universitetini (1906-1909) bitirdikdən sonra 1909-1910-cu illərdə Naxçıvanda müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1911-ci ildə Tiflisə gedən Hüseyn Cavid 1917-ci ilə qədər burada yaşamış, ədəbi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 1918-1919-cu illərdə Naxçıvandakı “Rüşdiyyə” məktəbində dərs demişdir.

Hüseyn Cavid yaradıcılığı boyu nə yazmışdırsa, öz qəlbinin səsi ilə yazmışdır. Ədib deyirdi ki, “Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir”. Şairin yaradıcı­lıq yolunun ümumi təhlili, obrazlarının bədii kamilliyi və əxlaqi zənginliyi göstərir ki, bu ədəbi etiraf tamamilə doğrudur. Son dərəcə mürəkkəb həyat və yaradıcılıq yolu keçmiş ədibin ilham pərisi daim həqiqət eşqi ilə alovlanmışdır. Həqiqəti axtarıb tapmaq, ona qovuşmaq yolunda tərəddüdlər, şübhələr keçirən şair heç vaxt öz idealından – həqiqətdən ayrılmamış, bütün yaradıcılığı boyu əsərlərindəki hadisələr, romantik obrazlar vasitəsilə onu insanlara aşılamağa, həqiqətin çətin yollarını göstərməyə çalışmışdır. Bütün həyatını bu yüksək amala həsr etmiş böyük sənətkarın bircə arzusu var idi: öz doğma xalqını azad və xoşbəxt görmək, ana Vətənə xidmət etmək. Xalqımızın ümummilli lideri Heydər Əliyev Hüseyn Cavidin yaradıcılığını xarakterizə edərək deyirdi: “Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”.

Hüseyn Cavid sənəti, görüşləri və yaradıcılıq taleyi baxımından ədəbiyyat tariximizdə özündən əvvəlkilərə və sonrakılara bənzəməyən bir sənətkardır. Sənətkar kimi çox əzəmətli və məğrur, mütəfəkkir şair-dramaturq kimi çox zərif və incəqəlbli, fitri istedad sahibi olan Hüseyn Cavidin yaratdığı obrazlar bənzərsiz və təkrarolunmaz insan xarakterlərinin canlı qalereyasıdır. Şair-dramaturqun “Qız məktəbində”, “Şərq qadını”, “Novruz bayramı”, “Vərəmli qız”, “Dəniz pərisi”, “Get”, “Qonşu çiçəyi”, “Mən istərim ki”, “Görmədim”, “Hərb allahı qarşısında”, “Bir xatirə”, “Qürubə qarşı” kimi şeirləri, “Azər” poeması və “Uçurum”, “Ana”, “Maral”, “Şeyx Sənan”, “Afət”, “Topal Teymur”, “İblis”, “Knyaz”, “Xəyyam”, “Səyavuş”, “Şeyda”, “Peyğəmbər” və başqa monumental əsərləri Azərbaycan romantik ədəbiyyatının qızıl fonduna daxil olmuşdur.
Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əks olunub. O, şeiri səhnəyə gətirən ilk Azərbaycan ədibidir. Dahi sənətkarın yaratdığı obrazlar – Şeyx Sənan, İblis, Azər, Əmir Teymur, Xəyyam, Səyavuş, Əfrasiyab və onlarla başqaları bənzərsizliyi, təkrarolunmazlığı və cazibə dairəsi ilə ədəbiyyatımızda əbədiyaşarlıq qazanmışdır. Bu obrazlar həyat və insan, zaman və mühit, ideya və fikirlərin çarpışması fonunda dünya haqqında mükəmməl təsəvvür yaratdığı üçün əbədidir.
Hüseyn Cavid 1937-ci ilin iyun ayında “gizli millətçi əks-inqilabi təşkilat”da iştirakı bəhanəsi ilə səkkizillik həbs cəzasına məhkum edilmişdir. O, 1938-1940-cı illərdə keçmiş SSRİ ərazisindəki ən uzaq və ən soyuq həbs düşərgəsi olan Maqadan şəhərində sürgündə olmuşdur. 5 dekabr 1941-ci ildə Sibirdəki Tayşet rayonunun Şevçenko qəsəbəsində sürgündə ikən vəfat edən Hüseyn Cavid şəxsiyyəti və yaradıcılığı, ona verilən yüksək qiymət haqqında düşünərkən böyük sənətkarın mərhum qızı Turan xanımın dediyi belə bir fikir yada düşür: “Atama əsl bəraəti 1981-ci il iyul ayında “Hüseyn Cavidin 100 illiyi haqqında” qərardan sonra hesab edirəm. Bu, ədalətin zəfər çalması idi. Bunun üçün, birinci növbədə, mən Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə minnətdaram”.
Ümummilli liderimizin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən bu qərar dahi şair və dramaturqa dövlət səviyyəsində verilən yüksək qiymətin parlaq nümunəsi kimi mədəniyyət və ədəbiyyat tariximizdə mühüm hadisə idi. Ümummilli lider Heydər Əliyev çox böyük cəsarət tələb edən addım atmış, Cavidin cənazəsi 1982-ci ildə Uzaq Sibirdən Bakıya, noyabrın 2-də Naxçıvana gətirilmişdir. Bu fakt keçmiş Sovetlər Birliyi məkanında repressiya olunmuş şəxsə dövlət səviyyəsində göstərilmiş münasibətin yeganə cəsarətli nümunəsidir. Ötən əsrin 70-ci illərindən başlayaraq Cavidin əsərlərinin nəşrinə başlanmış, rus dilində 2 cildliyi işıq üzü görmüşdür. Azərbaycanın şəhər və rayonlarında böyük ədibin yubiley tədbirləri təşkil olunmuş, əsərləri respublikamızın teatrlarında səhnəyə qoyulmuş, adına küçələr, məktəblər, kitabxanalar verilmişdir.
1992-ci il oktyabrın 23-də Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. O vaxt ümummilli lider Heydər Əliyev Naxçıvanda Ali Məclisin Sədri işləyərkən yubiley tədbirində Hüseyn Cavid haqqında dərin məzmunlu çıxış etmiş, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevi Cavid şəxsiyyətinə, irsinə, ailəsinə diqqət və qayğı həmişə düşündürürdü. 1995-ci il iyunun 10-da ulu öndərimiz Heydər Əliyevin yanında keçirilmiş müşavirədə görkəmli şair-dramaturq Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı məsələlər geniş müzakirə olunmuşdur.
Ulu öndərin ən böyük arzularından biri 1996-cı il oktyabrın 29-da həyata keçmişdir. Həmin gün Naxçıvanda böyük sənətkarın məqbərəsinin təntənəli açılışı olmuşdur. Təntənəli mərasimdə geniş nitq söyləyən ümummilli liderimiz böyük sənətkara yüksək qiymət verərək deyirdi: “Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün, gələcək nəsillər üçün dərslik kitabıdır”.
Azərbaycanda Hüseyn Cavidin yubileylərinin keçirilməsi, əsl poeziya bayramlarına çevrilməsi sənət və sənətkara ulu öndərin verdiyi qiymətin nəticəsidir. Bu yubileylərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. “Cavid ömrü boyu” salnaməsinin hazırlanması, əsərlərinin kütləvi tirajla nəşr olunması, sənədli filmlərin çəkilməsi, televiziya tamaşalarının hazırlanması, pyeslərinin ölkəmizin müxtəlif teatrlarında səhnəyə qoyulması da Hüseyn Cavid irsinə qayğının bir hissəsidir. Son illər Hüseyn Cavid haqqında çoxsaylı tədqiqat əsərlərinin, monoqrafiyaların yazılması böyük sənətkarın yaradıcılığına marağın göstəricisidir.
Zaman keçdikcə Hüseyn Cavid irsinə maraq daha da artır. Ulu öndərimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci ildə imzaladığı “Hüseyn Cavidin 125 illik yubileyi haqqında” Sərəncam, eləcə də “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 16 fevral tarixli Sərəncamı Hüseyn Cavid yaradıcılığına göstərilən növbəti dövlət qayğısıdır. Sərəncamda deyilir: “Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Sənətkarın dünya romantizmi ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin fikir xəzinəsində layiqli yer tutur”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 20 fevral tarixli Sərəncamı ilə “Hüseyn Cavidin 130 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planına əsasən Hüseyn Cavidin 130 illik yubileyi ilə əlaqədar simpozium keçirilmiş, Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Şeyx Sənan” əsəri səhnəyə qoyulmuş, “Naxçıvan” jurnalının bir nömrəsi ədibin yubileyinə həsr olunmuş, silsilə tədbirlər keçirilmişdir. AMEA-nın Naxçıvan Bölməsində, ali təhsil ocaqlarında, mədəniyyət müəssisələrində elmi konfranslar təşkil olunmuş, kütləvi informasiya vasitələrində böyük ədibin həyat və yaradıcılığı işıqlandırılmışdır.
Hüseyn Cavid sənəti və şəxsiyyəti bu gün də yaşayır. Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının 135-ci mövsümündə görkəmli ədibin “İblis” faciəsi əsasında tamaşa hazırlanmışdır. Bütün bunlar bir daha onu göstərir ki, Hüseyn Cavid yaradıcılığının öyrənilməsi və təbliği onun doğulub boya-başa çatdığı Naxçıvanda diqqət mərkəzindədir.
Hüseyn Cavid sənəti hər bir insanın dünyasını daxilən mükəmməlləşdirən və zənginləşdirən söz gülüstanıdır. İnsan qəlbini saflaşdıran, insan fikrini ucaldan, könül dünyasını yüksəldən sənət isə həmişə əbədiyaşardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hüseyn Cavid nə yazmışsa, Azərbaycan üçün, Azərbaycan oxucusu üçün, Azərbaycan xalqı üçün yazmışdır. Millilik, vətənçilik, Azərbaycançılıq onun yaradıcılığının ruhunda və qanındadır. Cavidin şeir dili təmiz Azərbaycan-türk dilidir. Hüseyn Cavid əsərlərinin mövzusunun və qəhrəmanının hansı dövrü və ya hansı mühiti təmsil etməsindən asılı olmayaraq, bu əsərlərdə irəli sürülən ideyalar, birinci növbədə, azərbaycanlı oxucunun özünü dərk etməsinə, vətən tarixini, onun milli dəyərlərini öyrənməsinə, mədəni irsə sahib çıxmasına yönəlmişdir”.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR