Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov açaraq bildirib ki, sərgi-müsabiqənin keçirilməsində məqsəd muxtar respublika memarlarının bacarıq və ideyalarını üzə çıxarmaq, müasir Naxçıvan memarlığının müstəqillik illərindəki inkişafını əl işlərinin timsalında təqdim etməkdir.
Qeyd olunub ki, son illər aparılan tikinti-quruculuq işlərinin geniş vüsət alması nəticəsində Naxçıvan şəhərinin, eyni zamanda rayon mərkəzlərinin və kəndlərimizin siması xeyli dərəcədə dəyişib. Muxtar respublikamızın ən ucqar dağ kəndində belə, müasir tələblərə cavab verən bir-birindən yaraşıqlı binalar inşa olunub. Son illərdə tikilən binalar qədimliklə müasirliyi özündə cəmləşdirməklə yanaşı, memarlıq üslubuna görə də seçilir. Bu binalar yerləşdikləri ünvanlara xüsusi gözəllik verir, ətrafla harmoniya yaradır. Dünya, eləcə də tanınmış Azərbaycan memarlarının təcrübəsini mənimsəyən memarlarımız muxtar respublikanın inşaat sektoruna yeni üslublar və müasir dizayn formaları gətirməkdədirlər.
Sonra Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin üzvü Qabil Cəfərova, Naxçıvan Dövlət Universitetinin baş müəllimi, Memarlıq üzrə fəlsəfə doktoru, dosent Qadir Əliyevə, universitetin baş müəllimi Abbas İsayevə Beynəlxalq Memarlar Günü münasibətilə hədiyyələr verilib.
Tədbirdə Memarlar Birliyi sıralarına yeni qəbul olan və müsabiqədə əl işlərini nümayiş etdirən bir neçə nəfərə birliyin üzvlük vəsiqəsi təqdim olunub. Birliyin üzvü Qabil Cəfərov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin II kurs tələbəsi Mina İsmayılova çıxış edərək Naxçıvan memarlıq məktəbinin özünəməxsus tarixi inkişaf yolundan danışıblar.
Diqqətə çatdırılıb ki, müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşdirilib, müxtəlif nominasiyalar üzrə memarlar seçilib.
Yekunda münsiflər heyətinin qərarı ilə “Naxçıvan memarlığı bu gün” sərgi-müsabiqəsinin qalibləri elan edilərək pul mükafatları təqdim olunub.
Qeyd edək ki, müsabiqədə birinci yerə fərqli ideya, aydın fikir ifadəsinə görə “Məscid” eskiz layihəsinin müəllifi Şəfəq Cəfərova, ikinci yerə sahədə binanın düzgün yerləşdirilməsi, baxımlı fasad görünüşü və yüksəkkeyfiyyətli render işinə görə “10 mərtəbəli yaşayış binası” eskiz layihəsinin müəllifi İmran Hüseynov, üçüncü yerə müxtəlif materiallarla dəqiq maket və rekonstruksiyanın düzgün həllinə görə “Duty-Free” və “Gənclər şəhəri” maketlərinin müəllifi Heydər Əhmədov layiq görülüb. Bundan başqa, iştirakçılara həvəsləndirici diplomlar təqdim olunub.
Sonda memarlarımızın əl işlərindən ibarət sərgiyə baxış olub.
Ramiyyə ƏKBƏROVA