23 Dekabr 2024, Bazar ertəsi

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Uşaq Teatrının yaradılmasının 10 illiyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı on ildən artıqdır, balaca teatrsevərlərin dünyagörüşünü zənginləşdirir və inkişaf etdirir. Eyni zamanda teatr bu gün uşaqlarda incəsənətin müxtəlif növləri haqqında dolğun məlumat yaradan sənət ocağına çevrilib.

Naxçıvan Dövlət Uşaq Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov tədbirdə nümayiş etdiriləcək tamaşa ilə teatrın yeni mövsümə başladığını bildirib, bu münasibətlə teatrsevərləri təbrik edib. O, teatrın yaradıcılıq yolundan və repertuarından ətraflı söhbət açıb.
Teatrın gənc aktrisası Heyran Abdullayeva çıxışında teatr-tamaşaçı probleminə toxunub, uşaqlarda tamaşalara maraq oyatmaqda valideyn və müəllimlərin böyük rol oynadığını bildirib.
Sonra görkəmli fransız yazıçısı Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” alleqorik nağıl-povesti əsasında hazırlanmış tamaşa nümayiş etdirilib. Tamaşa şahzadənin yeddi kiçik planetə səyahətindən ibarət fantastika, alleqoriya və gerçəklik arasında real həyat epizodları üzərində qurulub. Görkəmli yazıçının insanlara səmimi münasibəti, həyatın gözəlliklərini görmək duyğuları, anlaşma və xeyirxahlıq fikir­ləri əsərin əsas leytmotividir. Tamaşada balaca şahzadələri Nurbəniz Niftəliyeva və Rəhman Abbasov canlandırırlar.
Vəli Babayev (Pilot), Mehri Nəbiyeva (İlan və Qızılgül), Heyran Abdullayeva (Tülkü), Uğur Nəsirli (Dəmiryolçu), Coşqun Əliyev (Ovçu) rollarının öhdəsindən bacarıqla gəlirlər. Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyev isə balaca şahzadənin rastlaşdığı tipləri (kral, şöhrətpərəst, əyyaş, işbaz, fənərçi, coğrafiyaşünas) maraqlı cizgilərlə təbii və canlı şəkildə tamaşaçıya təqdim edir. İlk baxışdan mürəkkəb görünən tamaşa, əslində, insana mənəvi-əxlaqi fikirlər aşıladığı üçün xoş təsir bağışlayır. Tamaşadakı rəqsləri Ayşən Məmmədova, Nuray Mikayılzadə, Şəfəq Budaqova, Aysu Həsənzadə, İlkanə Bayramova, Türkanə Bayramova ifa edirlər. Bir neçə peşəkar aktyor istisna olmaqla, əsasən, uşaqların iştirakı ilə ərsəyə gələn tamaşa maraqla qarşılanıb.
Tamaşanın quruluşçu rejissor­ları Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov və Nurbəniz Niftəliyeva, quruluşçu rəssamları Behruz Quliyev və Həbib Allahverdiyevdir. Tamaşanın rəqslərinə Humay Qafarova və Nurbəniz Niftəliyeva quruluş veriblər. Tamaşanın musiqi tərtibatçısı da Nurbəniz Niftəliyevadır.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR