Tarix dəfələrlə sübut etmişdir ki, assimilyasiya nəticəsində dünyada bir sıra dillər məhv olmuş, başqa dillərin təsiri nəticəsində inkişafını dayandıraraq yox olmuşdur. Azərbaycan dilinin tarixində də məhv olmaq təhlükəsi ilə üz-üzə qalma halları az olmamışdır. Son zamanlara qədər, hətta indi də Azərbaycan dilinin yaşamağa qadir olmadığını iddia edənlərə də rast gəlinir. Filologiya elmləri doktoru, professor Sədaqət Həsənovanın monoqrafik araşdırmalarının nəticəsi olan, “Əcəmi” nəşriyyatında bu yaxınlarda işıq üzü görmüş “Dilimiz mənəvi kimliyimizdir” kitabı bir daha təsdiq edir ki, Azərbaycan dili yüz illər, min illər boyunca sabitliyini saxlamış, ərəb-fars dillərinin nəticəsində onun leksikasında müəyyən dəyişmələr özünü göstərsə də, assimilyasiyaya uğramamış, əksinə vaxtilə Azərbaycana köçürülən ərəblərin dili Azərbaycan dilinə assimilyasiya olunmuş, dilimizin əsas lüğət fondu və qrammatik quruluşu qorunub saxlanmışdır. Hətta bu dilin müvafiq üslubları yaranıb formalaşmış və yüksək inkişaf səviyyəsinə çatmışdır.
“Dilimiz mənəvi kimliyimizdir” kitabı üç hissədən ibarətdir. Birinci hissə “Dilimiz – mənəvi sərvətimiz, qüdrətimiz, kimliyimizdir” adlanır. Burada nitq mədəniyyəti, dialektoloji problemlər, dilimizin yayılma arealı məsələlərindən danışılır. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan nitq mədəniyyəti və siyasi natiqliyinin inkişafındakı rolu, dil məsələlərinə münasibəti, çağdaş dövrümüzdə nitq problemləri faktiki materiallarla üzə çıxarılmış, elmi-nəzəri təhlilə cəlb edilmişdir. Araşdırmalarda maraqlı faktlara toxunulmuş, diqqəti çəkən dil vahidlərindən bəhs olunmuşdur. Kitabın birinci hissəsinin sonunda dilimizin dünya dilləri arasındakı mövqeyi məsələsinə toxunulmuş, slavyan dillərinə təsirini göstərən faktlara müraciət edilmişdir. Sədaqət Həsənova dilimizin qorunması məsələsini ən mühüm problem kimi dəyərləndirir, onun təəssübkeşi mövqeyində dayanaraq saflaşmasına mane olan faktlara qarşı çıxır, bütün ziyalıların dilimizi qoruyub yaşatması zəruriyyətini tez-tez vurğulayır.
Yeni nəşrin ikinci hissəsi “Dil və üslub məsələləri” adlanır. Üslubiyyat dilin araşdırılma baxımından yeni sahələrindəndir və hələ də yetərincə tədqiq olunmamışdır. Sədaqət Həsənova Naxçıvanda üslubiyyat sahəsində daha çox araşdırma aparan alimlərdəndir. Onun tədqiqatlarında “Kitabi-Dədə Qorqud” dastanının və Aşıq Qurbani, M.P.Vaqif, S.Vurğun, M.Şəhriyar, M.Araz, B.Vahabzadə kimi bir sıra söz sənətkarlarımızın dil və üslub xüsusiyyətləri öz əksini tapmış, onların yaradıcılığına yeni üslub faktları müstəvisindən yanaşılmışdır.
S.Həsənova hər bir yazısında yeni fikir söyləməyə qadir olan alimlərimizdəndir. Bunu onun son araşdırmalarındakı fikirlər də təsdiq edir. Məsələn, ədəbi simaların dilindən danışarkən onların hansı söz və ifadələri yaratması, hansı yeni üslub keyfiyyətinə malik olması müəllifin diqqət mərkəzində olur.
Kitabın üçüncü hissəsi “Naxçıvan ədəbi mühiti və dilimizin üslub imkanları” adlanır. Bu hissədə Naxçıvanda yaşayıb-yaratmış və çağdaş dövrümüzdə fəaliyyət göstərən söz-qələm adamlarının ədəbi dilimizə münasibəti, yaradıcılığının üslubi cəhətləri, söz aləminə gətirdikləri yeniliklər və sair məsələlərdən bəhs olunur. Burada Naxçıvandakı xalq danışığının üslub keyfiyyətləri də üzə çıxarılır.
Alimin “Dilimiz mənəvi kimliyimizdir” kitabı həm nəzəri, həm də təcrübi cəhətdən əhəmiyyət daşıyır. Azərbaycan dilçiliyinin müxtəlif sahələri (ədəbi dil, nitq mədəniyyəti, dialektologiya, üslubiyyat) ilə məşğul olanlar ondan faydalana bilərlər. Bundan başqa, ali məktəblərin bakalavr pilləsində bir sıra fənlərin, xüsusilə də “Azərbaycan ədəbi dilinin tarixi” fənninin, magistr pilləsində isə “Azərbaycan dilinin üslubiyyatı”, “Poetik linqvistika” fənlərinin tədrisində kitabdakı materiallar maraqlı və faydalı qaynaqdır.
Yeni nəşr, ümumilikdə, Azərbaycan dilçiliyi elminə layiqli töhfələrdən biridir.
Akif İmanlı
filologiya üzrə elmlər doktoru, professor