Xalq şairi Məmməd Arazın ədəbiyyat və əbədiyyət dünyasına səyahət
Müasir Azərbaycan poeziyasının qüdrətli ədəbiyyat nəhəngi, Xalq şairi Məmməd Araz zəngin poetik irsi, fəlsəfi lirikası, vətəndaşlıq mövqeyi və əqidə bütövlüyü ilə seçilir. Müxtəlif janrlı əsərlərin, şeirlərin, poemaların müəllifi olan Məmməd Arazın zəngin yaradıcılığı olduqca rəngarəngdir. Şairin yaradıcılığında mövzu müxtəlifliyi var – vətənpərvərlik, sevgi, insanlıq, dostluq, lirika, insani hisslər, ictimai-siyasi məzmun.
Məmməd Arazın doğum günü ilə əlaqədar onun çoxcəhətli, özünü və dünyanı dərk poeziyasına, ölməz yaradıcılığına baş vurarkən Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasının dosenti İman Cəfərov bizə yol yoldaşı oldu.
– İman müəllim, şairin poeziyasını bütünlüklə “Vətənə məhəbbət dastanı” adlandırmaq olar. Məmməd Arazın Vətən sevgisinin səbəbi onun xalq yaradıcılığına bağlılığından, yoxsa xalqın şairi olmaq missiyasından irəli gəlir?
– Fikrimcə, zaman gələcək, Azərbaycan xalqı yeni bir dastanını yaradacaq və bu dastan Məmməd Arazın adı ilə bağlı olacaq. Bu dastanda məhəbbət lirikası öz yerini tutsa da belə, mənim obrazlı ifadəmə görə dastanın adı “Məmməd Araz və Vətən” olacaq. Məmməd Araz poeziyasında məhəbbət aparıcı yer tutur. Amma o, bizim orta əsrlər şairləri kimi məhəbbəti bir baxış bucağından işıqlandırmırdı. Məmməd Araz poeziyasındakı məhəbbəti Füzuli, Nəsimi kimi göylərdə axtarmırdı. Bu məhəbbətin özəyi od məhəbbəti, məmləkət, yurd məhəbbəti, bizim gündəlik həyatımızda mövcud olan, real məhəbbətdir. Məmməd Arazın məhəbbət lirikası özünəməxsusdur, tamamilə yenidir, bizim üçün yeni cığırlar açır.
– Şairin yaradıcılığına nəzər salanda onun poetik ənənə, yaradıcı şəkildə faydalanma baxımından Məhəmməd Füzuli və Mirzə Ələkbər Sabirdən bəhrələndiyini aydın görə bilərik.
– Məhəmməd Füzuli yazır ki, mən nədən yazıramsa, onun aşiqiyəm. Güldən, çiçəkdən, torpaqdan, hətta müharibələrdən yazıramsa da, orda həlak olanların aşiqiyəm. Bizim bu məhəbbəti təkcə Leyli-Məcnun məhəbbəti kimi mənalandırmağımız düzgün olmazdı. M.Füzuli deyib ki, mən aşiqəm sözüm hər zaman aşiqanədir. Məmməd Araz da Füzulinin bu aşiqliyini qəbul edir. Siz doğru olaraq Sabirin adını da qeyd etdiniz. Sabirdə məhəbbət lirikası Füzuli qədər deyil, ancaq o da tənqid etdiyi tipləri sevə-sevə təsvir edirdi. Cəmiyyətin eybəcərliklərindən yazsa da, o da gözəllik istəyirdi. Bu mənada, Məmməd Araz da nədən yazıbsa, o Füzuli eşqi ilə ağaca, çiçəyə, daşa, Azərbaycan adlı məmləkətə məhəbbəti ifadə edir.
– Məmməd Araz kitablarından birinə yazdığı müqəddimədə deyir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”.
Məni şeirimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa, onu demişəm.
Anadan-bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən gizlətməmişəm.
İman müəllim, şair, yazıçı həqiqətənmi yaşadıqlarını, yoxsa yaşamaq istədiklərini, arzularını qələmə alır?
– Bəli, Məmməd Arazın şeirləri sanki onun tərcümeyi-halıdır. Onun şeirlərində məmləkət və vətəndaş ayrılmazdır. O məmləkət öz təbiəti ilə, ictimai həyatı ilə, dağıyla, daşıyla, fauna və florasıyla belə, bütöv haldadır, vəhdətdədir. Bu səbəbdən biz bəzən Məmməd Araz şeirlərində təbiət və insan sərhədini ayırmaqda çətinlik çəkirik. Biz bu gün şairin “Azərbaycan” şeirində Azərbaycan təbiəti və Azərbaycan vətəndaşını ayıra bilmiriksə, bu, fikrimcə Məmməd Arazın şairlik istedadı ilə yanaşı, birinci baza ixtisasından, coğrafiya təhsilindən də irəli gəlir.
Mən qeyd edərdim ki, Məmməd Araz öz şeirlərində hətta özündən sonrakı tərcümeyi-halını da yazıb:
Baş daşımı kim öpəcək son dəfə?
Bir sən, bir də vətən küləkləri.
Məzarıma gül səpəcək son dəfə,
Bir sən, bir də vətən küləkləri.
Əslində, burada “bir sən” ifadəsi bütöv Azərbaycan, bütövlükdə, Məmməd Araz sevərlərdir. Şair burada böyük təbiət təsviri, peyzaj yaradır.
– Məmməd Araz üçün Vətən anlayışı nə deməkdir?
– Məmməd Araz üçün Vətən anlayışı böyükdür. “Vətən haradan başlanır?” – sualına Məmməd Araz bu cür cavab verir: “Ata ocağı və ata ocaqlarının daima yandığı, alovlandığı yerdən”. O, özü müəyyən yaş dövründən sonra doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində yaşamasa da, daim onun şeirlərində bir Nursu obrazı var. Bu obraz ata yurdundan başlanır. Bu da təsadüfi deyil ki, Məmməd Arazın poemaları içərisində son dərəcə doğma olanı “Atamın kitabı”dır. Bu, Məmməd Arazın o ocağa mənən bağlılığını ifadə edir. Bu, bizim hər birimizə ata ocağına bağlı olmağımızın vacibliyini bir daha yada salır.
– Şair şeirlərindən birində özünü milli şeirimizin “daş əsgəri” adlandırır. Vətəndaşlıq missiyası daşımaq Vətənin daşı olmaqdanmı keçir?
– “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” Məmməd Arazın yaradıcılıq düsturudur. Bu yazılıb və dəyişilməyən düsturdur.
Azərbaycan qayalarda bitən bir çiçək,
Azərbaycan çiçəklərin içində qaya.
Yenə dağlar, yenə məmləkət, yenə daşlar, amma bunların hamısı çiçək içərisindədir. Məmməd Araz yaradıcılığının proloqu, ön sözü bu iki misradır. Şairin dünyasının başlanğıcı, baxış bucağı, nüvəsi, Azərbaycan adlı məmləkətdir. Şair fəlsəfi mənada deyirdi ki, dünya daşdan yaranıb elə daş olaraq da qalacaq. Bu mənada, dünyanın əbədiliyi, ölməzliyi ifadəsinə də gəlirik. Məmməd Araz poeziyası, böyük mənada, insanlığa xidmət edən yaradıcılıq kimi diqqətimizi cəlb edir.
– “Ürəyimsiz kəlmə kəsən deyiləm”, – deyən şair yaradıcılığı boyu bu ideyaya sadiq qalmağı bacara bilibmi?
– Məmməd Araz bütün yaradıcılığı boyu bu ideya ilə yaşayıb. Biz Məmməd Araz şeirini görməkdən və dərk etməkdən ötrü Məmməd Araz səviyyəsinə qalxmalıyıq. Şair şeirləri ilə azərbaycanlı deyilən bir vətəndaşı Azərbaycan adlı bir ideya ətrafında birləşməyə çağırır. Məmməd Araz şeiri nədən yazmağından asılı olmayaraq, bizə Azərbaycan sevgisi, Vətən sevgisi təlqin edir. O, doğrudan da, bu ideyaya sadiq qalaraq 1988-1990-cı illərdə öz şeirləri ilə meydan hərəkatında milyonlarla insanı Azərbaycan uğrunda mübarizəyə səsləyə bildi. Bu, Məmməd Arazın, sözün həqiqi mənasında, Azərbaycan milli azadlıq hərəkatına bir ordu qədər xidmət etməsi demək idi. Məmməd Araz poeziyamıza qeyrətlilik, millilik, Azərbaycançılıq bəxş edib. O, şeirləri ilə Azərbaycançılıq odu ilə yanan ocağa dönür, qəlblərimizi isidən sənət məbədinə çevrilir. Bu mənada, Məmməd Araz şeirləri, sözün həqiqi mənasında, ürəkdən öyrənilməyə və dönə-dönə üz tutulmağa layiq sənət nümunələri kimi diqqətimizi çəkir.
– Şairimiz deyir ki, mərd ölsə də, mərdlik ölməz. Siz bu fikri necə dəyərləndirərdiniz?
– Təbii ki, bu, bizim mənəvi dəyərlərimizdir. Bizim milli və mənəvi dəyərlərimiz daim yaşayacaq. Məmməd Araz deyir ki, mərd cismən ölür, amma mərdlik ölmür. Bizim mərd oğullarımız Azərbaycan adlı məmləkətin uğrunda canlarından keçməyə hazırdırlar. Bu mənada, mərdlik ölmür və ölməyəcək də.
Hələ yeriyirəm qəlbimlə qoşa,
Hələ çoxlarına örnəyəm, bala!
Qoca büdrəyəndə büdrəyən qoca,
Körpə ağlayanda körpəyəm, bala!
Bu, əslində, sırf azərbaycanlı obrazıdır. Məmməd Arazın yaratdığı bu azərbaycanlı obrazı bütün mənəvi dəyərləri özündə təcəssüm etdirir.
– İman müəllim, sağlığında əbədiyyət qazanan şair “Dünya sənin, dünya mənim...” şeirində dünyanın faniliyindən niyə gileylənirdi?
– Biz bəzən poeziyamızda dünyanın vəfasızlığından söhbət açırıq. Amma bu şeirdə başqa fəlsəfi yöndən baxış bucağı var. Əslində, vəfasız olan dünya yox, insanlardır. Dünya elə qalır, bizdən əvvəl də var idi, bizimlə də var, bizdən sonra da olacaq. Məmməd Araz bu şeiri ilə insanı dünya haqqında yenidən düşünməyə, dünyaya niyə gəldiyi haqda sual verməyə səsləyir. İnsan dünyaya xalqına, Vətəninə xidmət etməkdən ötrü gəlib. Məmməd Araz müasir gəncliyə üzünü tutaraq deyirdi ki, dünyaya, insanlığa yararlı olmaq lazımdır. Yoxsa sən dünyaya yox, dünya sənə gülər. Dünya əbədidir, insansa bir ömür yaşayır, onun əsas missiyası insanlığa xidmətdən ibarətdir. Bu baxımdan biz Məmməd Araz yaradıcılığına mənən, ruhən, qəlbən borcluyuq.
– İman müəllim, biz Məmməd Arazın təkcə şairliyindən danışmaqla onun yaradıcılığını kölgədə qoymuruq ki?
– Məmməd Araz yalnız Azərbaycan ədəbiyyatında yox, Azərbaycan publisistikasında, tərcümə sənətində, Azərbaycan jurnalistika tarixində əsas yer tutur. Amma hələlik Məmməd Araz və Azərbaycan jurnalistikası o qədər də geniş öyrənilməmişdir. Halbuki onun jurnalistika fəaliyyəti şairliyindən heç də geri qalmır və öyrənilməyə, tədqiq edilməyə ehtiyacı vardır. O, “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktor müavini, Azərbaycan Dövlət Nəşriyyatının baş redaktor müavini və 1974-cü ildən ömrünün sonuna (2004-cü ilə qədər) “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub.
Məmməd Arazın publisistikası şair qələmindən çıxmış bədii publisistikadır. Bədii tərcümə sahəsində də Məmməd Araz uğurla fəaliyyət göstərmişdir. Buna görədir ki, həmin tərcümələrin böyük əksəriyyəti onun şair ürəyindən qopan öz şeirləri kimi səmimi və poetikdir. Məmməd Araz qəlbimizdə yaşayır, bizim müasirimizdir, bizdən sonra gələn nəsillərlə də yaşayacaq, onların da müasiri olacaq.
Xalqımızın və ədəbiyyatımızın böyük qayğıkeşi, görkəmli dövlət xadimi Heydər Əliyev Xalq şairi Məmməd Arazın sənətinə və şəxsiyyətinə böyük ehtiram bəsləmişdir. Məmməd Arazın anadan olmasının 60 illik yubileyinin ölkəmizdə dövlət səviyyəsində geniş qeyd edilməsi, şairin “İstiqlal” ordeni ilə təltif olunması, Almaniyaya müalicəyə göndərilməsi Məmməd Arazın bədii yaradıcılığına dövlət səviyyəsində verilən qiymətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqındakı 2013-cü il 27 sentyabr tarixli Sərəncamı görkəmli sənətkarın böyük sənətinə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğını aydın şəkildə ifadə edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Xalq şairi Məmməd Arazın 80 illiyinin qeyd olunması və böyük söz ustadının dünyaya gəldiyi Şahbuz rayonunun Nursu kəndində ev-muzeyinin yaradılması haqqındakı sərəncamları, keçirilən yubiley tədbirləri qədim diyarda görkəmli sənətkarın yaradıcılığına verilən qiymətin ən bariz nümunəsidir. Xalq şairi Məmməd Arazın kamil, müdrik, mübariz sənəti yaşayır, nəsillər ötdükcə yaşayacaq.
– Müsahibə üçün çox sağ olun.
Səadət Əliyeva