M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı yeni teatr mövsümünü “Göyçək Fatma” tamaşası ilə açıb.
Qeyd edək ki, Azərbaycan xalq nağılı əsasında hazırlanmış “Göyçək Fatma” tamaşası Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış şairə-dramaturq Kəmalə Ağayevanın nəzmlə yazdığı pyes əsasında səhnələşdirilib.
Əvvəlcə teatrın bədii rəhbər-direktoru, Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbov çıxış edərək balaca tamaşaçılara 28-ci mövsümdə baxacaqları tamaşalar haqqında məlumat verib. Xalq artisti bildirib ki, bu gün mövsümün açılışında tanınmış şairə-dramaturqumuz Kəmalə Ağayevanın özü də iştirak edir.
Sonra teatrın bədii şurasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov Naxçıvan Dövlət Kukla Teatrının keçdiyi yaradıcılıq yolu haqqında danışıb. Qeyd edib ki, teatr uşaq və yeniyetmələrin milli və mənəvi dəyərlər ruhunda tərbiyəsində, estetik zövqünün formalaşmasında mühüm rol oynayır. Teatr bu illərdə xarici ölkələrdə də qastrol səfərlərində olub və teatr festivallarında iştirak edərək tamaşaçı rəğbəti qazanıb.
Nağılda olduğu kimi, “Göyçək Fatma” tamaşasında da ictimai məsələlər məişətdə baş verən ədalətsizliklər fonunda göstərilir. Kiçik bir ailədəki münaqişə getdikcə böyüyür, bütün xeyirxah qüvvələr ədalətsizlik əleyhinə çevrilir. Fatma gözəl və nəcib insani sifətlərə malikdir. Lakin bu gözəllik, nəciblik anası öldükdən sonra ona fəlakət gətirir. Tamaşanın nikbin sonluqla bitməsi xeyrin şər qüvvələr üzərində qələbəsi kimi səslənir.
Tamaşada Göyçək Fatma rolunu gənc aktrisa Ləman Əhmədova təbii təqdim edir. Bu, onun səhnədə ilk roludur. Aktrisalar Ulduz Süleymanova (ögey ana), Vəsmə Quliyeva (ögey bacı) balaca Fatmanın taleyinə acımayan, ona əzab verən personajlar kimi yadda qalırlar.
Teatrın tanınmış aktyoru İlqar Babayevin Qarı nənə obrazı xüsusilə maraqlıdır. Tamaşada maskada rolunu canlandıran aktyor olduqca təbii görünür.
Aktyorlar İlham Babayev (İnək), Süleyman Süleymanov (Xoruz) isə tamaşada xeyir qüvvələrin təmsilçiləridir. Aktyorlar İbad Nəbiyev, Arzu Səfərov, Əfsanə Ələsgərova tamaşanın finalında görünsələr də, hadisələrin açılmasında iştirak edirlər.
Quruluşçu rejissor Şirzad Abutalıbov maraqlı tamaşa yaratmağa nail olub. Quruluşçu rəssam Rəfael Qədimovun səhnə tərtibatı uğurludur. Bəstəkar Əli Məmmədovun musiqisi, xüsusilə Fatmanın dilindən səslənən mahnılar tamaşanın ruhu ilə uyğundur.
Tamaşa uşaqlarda xoş əhval-ruhiyyə yaradıb.
Əli RZAYEV