23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın dünya miqyaslı  şəxsiyyətləri, elm, ədəbiyyat və mədəniyyət xadimləri tarixən ölkənin elm sahəsinin inkişafına dəyərli töhfələri ilə seçilmişdir. Azərbaycan folklorunun yorulmaz tədqiqatçısı, “folklorumuzun ilk doktoru”, folklor motivlərindən məharətlə istifadə edən dramaturq, ssenarist, tərcüməçi, uzun illər ali məktəblərimizdə folklor fənnini tədris edən pedaqoq-alim Məmmədhüseyn Təhmasib (1907-1982) qədim tarixi diyar olan Naxçıvanın Azərbaycan elminə bəxş etdiyi elm xadimlərindən biridir.  Folklor motivləri əsasında qələmə aldığı “Nəbi” kinossenarisi, “Çiçəkli dağ” nağıl-pyesi, bir neçə dram əsəri, “Nizami əsərlərinin el variantları”, 5 cildlik “Azərbaycan dastanları”, 5 cildlik “Azərbaycan nağılları”, “Kor­oğlu” dastanı”, “Molla Nəsrəddin lətifələri”, “Ağ atlı oğlan” və sair əsərlər böyük alimin elmi, tərtibçilik, ədəbi və mədəni fəaliyyətinin çox geniş diapazonundan xəbər verir. 

Ali məktəblərimizdə şifahi ədəbiyyatı tədrisə ilk dəfə M.Təhmasib başlamış, Azərbaycan folkloru kursunu bir fənn kimi o yaratmışdır. Onun “Azərbaycan xalq dastanları (orta əsrlər)” mövzusunda doktorluq dissertasiyası 1972-ci ildə “Elm” nəşriyyatı tərəfindən Əməkdar elm xadimi, akademik Həmid Araslının redaktorluğu ilə monoqrafiya şəklində nəşr olunmuşdur. Bu əsər nəinki Azərbaycan folklorşünaslıq elminin, hətta bütövlükdə, türkologiya elminin uğuru kimi dəyərləndirilmişdir. Çünki alim “Aşıq”, “Ozan”, “Dastan”, “Qəhrəmanlıq dastanları”, “Məhəbbət dastanları”, “Məcazi məhəbbətə həsr edilmiş dastanlar”, “Ailə-əxlaq dastanları” haqqındakı qənaətlərini ümumtürk kontekstindən çıxış edərək təqdim etmiş, dastanların təkcə Azərbaycan yox, bir çox türk xalqlarına məxsus variantları ilə müqayisə və qarşılaşdırmalar aparmış, son məqamda isə, məsələn, “Koroğlu” dastanının və digər əsərlərin daha çox Azərbaycana məxsusluğuna diqqəti cəlb etmişdir.

Dünyəvi, real məhəbbətə həsr olunmuş pak, təmiz, insani hisslərin yüksək bədii şəkildə ifadəsi olan əsl məhəbbət dastanları ilə yanaşı, dəyərli alim məcazi sevgidən, simvolik məhəbbətdən bəhs edən dastanları da fərqləndirməyi məqsədə­uyğun hesab etmişdir. “Ümumiyyətlə, astral əsər nədir?” – sualına M.Təhmasibin verdiyi əhatəli və tam aydın cavab diqqəti cəlb edir: “Astral əsər təbiət qüvvələrinin, təbiətdə baş verən hadisələrin, xüsusilə səma cisimlərinin, səyyarə və bürclərin insan şəklində təsəvvürünə əsaslanır. Belə əsərlərdə bəzən tam il daxilində, bəzən ayrı-ayrı fəsillərdə, bəzən isə bir gecə-gündüzə ulduzlar aləmində baş verən hadisələr bədii şəkildə təsvir olunur”.
XIV əsrdə yazılmış astral əsərlərin ən yüksək zirvəsi azərbaycanlı şair, alim, astronom və riyaziyyatçı Əssar Təbrizinin (1325-1390) “Mehr və Müştəri” (1376) əsəri sayılır. Bu əsərin ideya istiqaməti, elmi və bədii dəyəri haqqında əvvəlki tədqiqatları qeyd etməklə bərabər, dəyərli folklorşünas onu astral əsər kimi səciyyələndirmək üçün əvvəlcə qısa süjetini vermiş və beləliklə də bu süjetin şifahi xalq ədəbiyyatımızdakı “Şəms-Qəmər” adlı nağılla və “Mehr-Mah” adlı dastanla sıx əlaqəli olduğu və yaxından səsləşdiyi qənaətinə gəlmişdir.
“Mehr-Mah” dastanının çox mürəkkəb süjetilə oxucuları tanış edən M.Təhmasib dastanın müasir xalq dastanları ilə oxşar və fərqli cəhətlərindən danışarkən çox mühüm bir xüsusiyyəti qeyd edir. Bu, dastanın nəzm hissələrində qoşma, gəraylı, xalq mahnılarından başqa, qəzəl, müxəmməs və rübailərdən də istifadə edilməsi ilə əlaqədardır. Bildiyimiz kimi, bu, xalq dastanlarına aid olan bir xüsusiyyət deyil. Dəyərli alim çox doğru olaraq bu qənaətə gəlmişdir ki, dastan eyniadlı yazılı ədəbiyyat əsərinin folklorlaşmış variantıdır. Dastanın Xavər şah (Şərq), onun oğlu Mehr (Günəş), Mah (Ay), Ütarid vəzir və onun qızı (Zöhrə), Bəhram (Mars), Müştəri (Bərcis) planetlər və səma cisimləri ilə bağlı surətlərinə və əsərdə “bir il müddətində təbiətdə baş verən hadisələr simvolik şəkildə təsvir olunduğuna görə” bu dastanın astral əsər olması nəticəsinə gəlinmişdir.
Folklorşünas digər astral dastanlar kimi, “Gül və Sənavər”, “Gül və Sineyvaz”, “Gül və Suman” kimi nağıl variantları olan “Şahzadə Sənubər” və “Mahmehri ilə Xurşid” dastanlarının süjetlərini müxtəsər şəkildə xatırlatmışdır. Burada əsas məqsədi isə astral süjetlərin Azərbaycan yazılı ədəbiyyatında, eləcə də şifahi xalq ədəbiyyatımızda mövcudluğunu və xüsusilə dastanlarımız üçün təsadüfi hal olmadığını nəzərə çatdırmaqdır.
M.Təhmasib, xüsusilə “Tahir-Zöhrə” dastanının astral əsər olduğunu sübuta yetirmək üçün daha çox bu dastandan bəhs etmişdir. Folklorşünas-alim uzun illər boyu aparılan araşdırmaların nəticələri olaraq aşağıdakı dəlilləri irəli sürür:
1. Dastanda şər qüvvə kimi təsvir edilmiş Hatəm Sultanın hökmdarı olduğu Qaraman heç bir dövlətlə və ya ərazi ilə əlaqədar deyil, bu, tama­milə simvolik məna daşıyan bir addır. Astral mənada qaranlıq “gecə səması” deməkdir.
2. Dastanın əsas qəhrəmanlarından biri olan Zöhrə isə onun qızıdır.
Tahirlə eyni saatda anadan olan Zöhrə atası Tahiri sürgün etdikdən sonra xüsusi bir imarətdə göz dustağı kimi saxlanılmış, Hatəm Sultan ­öldükdən sonra azadlığa çıxmışdır. Aydındır ki, bu axşamdan parlaq bir ulduz kimi görünən, sonra yoxa çıxan, bir də ancaq səhərə yaxın görünən Zöhrə ulduzunun antropomorfizmidir. Bu ulduz Şərqdə su, eşq, xoşbəxtlik və gözəllik ilahəsi Nahid (Anahit) və ya çoban kökəbi, çoban ulduzu da adlandırılır.
3. Dastanın digər əsas qəhrəmanı Tahir isə görkəmli alimin araşdırmalarının nəticəsində aydın olmuşdur ki, Əttar ulduzu, Tair zirvəsi, Tir və ya Müştəriyə çox bənzəsə də, bunların heç biri ilə əlaqəsi yoxdur: “... bizim Tahir-Tair ayın adlarından biridir”. Tahir bir sıra əlamətlərinə görə ayı təcəssüm etdirir. O, Günəşin qaranlıq gecəni məhv etməsi nəticəsində Zöhrə ilə qovuşur.
Dastanın digər versiyaları, özbək, türkmən, tatar və digər variantları ilə müqayisəli təhlillər aparılmış, fərqli cəhətlər müəyyənləşdirilmiş, özbək variantının XVI əsrdə yaşamış Səyyadi adlı bir şair tərəfindən yazılmış məsnəvi olduğu qənaətinə gəlinmişdir. M.Təhmasib bu variantda astral əlamətlərin çox zəif və sönük, tatar va­riantının isə daha qədim və astral köklərlə zəngin olduğunu diqqət mərkəzinə çəkmişdir.
Folklorşünas-alimin xüsusi vurğuladığı digər bir məqam isə “Tahir-Zöhrə” dastanının Əssar Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəm­məd Füzuli və digər orta əsrlər Azərbaycan ədəbiyyatının klassik­lərinə məlum olması faktıdır. Bu da dastanın yaranma tarixinin düşünüldüyündən daha qədim dövrə aid olduğu qənaətinə gəlməyə əsas verir.
Qeyd etdiyimiz bu dastanların müxtəlif variantları üzərində dərin araşdırmalar aparan M.Təhmasib tarixi salnamələrdə, Azərbaycan və Şərq klassiklərinin əsərlərində, müxtəlif məqsədlərlə tərtib olunmuş ayrı-ayrı cünglərdə, Şərq mifologiyasında, “Avesta”da, şərqşünas alimlərin fikirlərində rast gəldiyi məlumatları qarşılaşdırmışdır. Hətta yeri gəldikcə Yunanıstan, İran, Misir, Qafqaz və Orta Asiya dastanları ilə müqayisə etmiş, yekun elmi nəticələr ortaya qoymuşdur. Məhz bu baxımdan M.Təhmasibin çox zəngin və qədim tarixə malik olan dastanlarımızın tədqiqi sahəsindəki xidmətləri təqdirəlayiqdir.
Professor M.Təhmasib adlarını qeyd etdiyimiz fundamental əsərlər haqqında yazdığı məqalələri ilə Azərbaycanda folklorşünaslıq elminin yeni bir mərhələsinin əsasını qoymuş, məktəb formalaşdırmışdır. Bu məktəbin davamçıları folklorun istənilən janrının tədqiqində ustadlarının obyektiv nəticələrindən də bəhrələnmişlər. Onu da qeyd edək ki, M.Təhmasib təkcə dastanlarımızın tədqiqinə deyil, həm də toplanması işinə də xüsusi əhəmiyyət vermişdir. 1938-1965-ci illər ərzində o, müxtəlif aşıqlardan “Abbas-Gülgəz”, “Alıxan-Pəri”, “Qaçaq Kərəm”, “Qurbani-Pəri”, “Ordubadlı Kərim”, “Gül-Sənubər”, “Cəlali Kürdoğlu”, “Tahir-Zöhrə” və sair dastanlar da daxil olmaqla, 100-dən çox dastan toplamışdır.
Həyatını folklor nümunələrinin toplanması və tədqiqinə həsr etmiş görkəmli alim Azərbaycan xalqının tarixini, həyat tərzini, mənəvi dəyərlərini ifadə edən müxtəlif regionlara səpələnmiş folklor nümunələrini toplayıb ümumiləşdirməklə yanaşı, xalq yaradıcılığının mənalar aləmini, bədii xüsusiyyətlərini də böyük ustalıqla açmışdır. Onun Aşıq Şəmşir, Aşıq Ələsgər və digər el sənətkarları, İmadəddin Nəsimi, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı kimi tanınmış Azərbaycan ədiblərinin folklorla əlaqəsi haqqındakı araşdırmaları bu gün də elmi dəyərini qoruyub saxlamaqdadır.

Aygün ORUCOVA
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR