Gənc nəsildə vətənpərvərlik, tarixə, milli köklərə bağlılığın formalaşdırılması, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünün zənginləşdirilməsi, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin, mütaliə vərdişlərinin aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinə start verilib.
Layihə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Zirvə” Kitab Evində həyata keçirilib.
Kitab evində ayrılmış guşədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya bədii ədəbiyyatı nümunələri yer almışdır. Mütaliə etmək istəyən hər kəs seçdiyi kitabın məbləğinə uyğun kitab gətirərək onu götürə bilər. Gətirilən kitablar səliqəli, istifadəyə yararlı vəziyyətdə, həmçinin latın qrafikası ilə çap olunmuş əsərlər olmalıdır. “Kitablar tozlanmasın” devizi altında keçirilən layihədə yalnız bədii ədəbiyyatdan istifadə edilməlidir. Hər kəs öz kitabxanasında olan maraqlı kitablardan gənclərin də faydalanmasını istəyirsə, layihəyə dəstək məqsədilə ayrılmış guşəyə kitab hədiyyə edə bilər. Bununla da kitab guşəsi daha da zənginləşər və gənclərin mütaliə vərdişlərinin formalaşmasına hər kəsin töhfəsi olar.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti