Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini və Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarət ediblər. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanışlıq zamanı ziyarətçilərə eramızdan əvvəl V-III minilliklərə aid olan müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, qiymətli eksponatlar haqqında ətraflı məlumat verilib.
Nuh Peyğəmbərin məzarüstü türbəsində bildirilib ki, təxminən, 7500 il bundan əvvəl baş vermiş ümumdünya daşqını zamanı Nuh və ona iman gətirənlərin mindikləri gəmi ilk dəfə Naxçıvanda quruya çıxıb, onlar burada məskən salıblar. Zaman-zaman dağıntılara məruz qalan məzarüstü türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2006-cı il 28 iyun tarixli “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” Sərəncamına əsasən bərpa edilib.