Dünən “Gənclik” Mərkəzində “İslam filmləri həftəsi”ndə 1982-ci ildə Özbəkistan və Tacikistan kinematoqraflarının birgə istehsalı olan “Dahinin gəncliyi” filmi tamaşaçılara göstərilmişdir.
İslam aləminin dünya elminə verdiyi böyük alim, filosof, həkim Əbu Əli ibn Sinanın uşaqlıq və gənclik illərindən bəhs edən bu bədii filmin rejissoru və ssenari müəllifi Elyor İşmühəmmədovdur.
Filmin baş qəhrəmanı əsl adı Əbu Əli Hüseyn ibn Abdullah olan dahi şəxsiyyət Buxara şəhəri yaxınlığında Əfşanak kəndində dünyaya göz açıb. Filmdə dünya elminə və fəlsəfəsinə böyük töhfələr vermiş alimin fitri istedada sahib olmasından, romantik və coşqun həyatından lövhələr ekrana gətirilmişdir. Bu böyük elm xadiminin 250-dən çox əsəri dövrümüzə gəlib çatmışdır.
Qeyd edək ki, film 1984-cü ildə Sovet İttifaqında Dövlət mükafatına layiq görülmüşdür.
Film tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
Bu gün isə “İslam filmləri həftəsi” türk rejissoru Cağan İrmakın çəkdiyi “Ulak” (2008) filminin nümayişi ilə davam edəcəkdir.
Əli RZAYEV