Naxçıvanda yayın son ayı (20 avqust-20 sentyabr) el arasında belə adlandırılır
Ta qədimdən xalqımız uzun illərin müşahidə və təcrübəsinə əsaslanaraq xalq təqvimi tərtib edib. Torpağın şumlanması, toxumun səpilməsi, tingin əkilməsi, peyvənd edilməsi, suvarma və məhsulun yığılması üçün konkret zaman təyin olunub. Etnoqrafik yaddaşımızda qalan həmin dövrlərdən biri də elqovan dövrüdür. Naxçıvanda yayın son ayı (20 avqust-20 sentyabr) “elqovan” adlanır. Aran zonasında bu müddətə “bürküsınan günlər” də deyirlər.
Deyilənə görə, bu dövrdə dağların yaxasından soyuq şeh titrəyib keçir, yaylaqların soyuqları başlayır, köç xəbəri el-obaya yayılır. Bu müddətdə tez-tez çən düşür, dağlardan duman, çiskin əskik olmur. “Elqovan gəlib, köçmək vaxtıdır” xalq deyimi də bununla bağlıdır. Naxçıvan bölgəsində payızın əvvəllərində əsən soyuq küləyin “oğlaqqıran” adlandırıldığı da etnoqrafik mənbələrdə qeyd olunur. Etnoqraf Elbalı Mehrəliyev “Xalq coğrafi təxminlərinin izahlı lüğəti”ndə “elqovan”ın mövsümi külək olub, yazın axırında əsən isti, payızın əvvəlində əsən soyuq külək olduğunu, yazda elatın yaylağa, payızda qışlağa köçmə vaxtını bildirdiyini yazır. “Eltökən”in isə payızın əvvəlində güclü küləklə yağan yağış olduğunu, yaylaqda olan camaatın dağdan arana köçməsinə xəbərdarlıq edildiyini bildirir. Topladığımız çöl tədqiqatlarına görə, sentyabr ayının ilk günlərinə “oğlaqqıran” dövrü də deyirlər. Buna səbəb isə həmin vaxt oğlaqların daha çox kəsilməsidir.Yaşlı insanlar söyləyirlər ki, quyruq doğduqdan sonra erkək oğlaqlar seçilir və kəsilir. Bu dövrdə yağlı quzu ətindən çox çəpiş ətinə üstünlük verilir. Naxçıvanda kənddə yaşayan əhalinin əksəriyyəti bir neçə çəpişi qurban deyir, həmin çəpişlər bu dövrdə kəsilir, damazlıqlar isə sürüyə qatılır. Ta qədimdən Əshabi-Kəhf ziyarətgahına da daha çox oğlaqqıran dövründə kütləvi axın başlayar, ziyarətçilər də, əsasən, qurbanlıq çəpiş apararlar.
“Quyruq doğduqdan” sonra kənd təsərrüfatında görüləcək işlərdən biri payız şumunun başlanmasıdır. Öküz və digər heyvanlarla şumun qaldırılması ağır zəhmət bahasına başa gəlirdi. Ona görə də əkin ilə bağlı çoxlu atalar sözləri yaranmışdır. Məsələn: “Əmək çəkənin əməyi itik, dizi sıyrıq qalmaz”, “Zəhmətin barı torpağın varıdır”, “Rəncbər əli kol-kosluğu da cənnətə döndərər”, “Vaxtında əkilən vaxtında bitər” və sair.
Qeyd edək ki, bu dövrdə aparılan şum daha yaxşı effekt verir. Çünki torpaq günəş altında yanır, alaq toxumları, zərərvericilər məhv olur. Ona görə də atalar deyir ki, bazardan qalsan, bir gün qalarsan, əkindən qalsan, bir il. Təcrübələr göstərir ki, şum nə qədər dərin olsa, suyu yaxşı saxlayar, bitkinin kökləri yaxşı inkişaf edər, bol məhsul alınar. Təcrübəli əkinçilərimiz çox zaman torpağı pərşum (1 şuma perpendikulyar) edər, bəzən isə 3-4 dəfə şumlayardılar. Bir rəvayətə görə, təcrübəli bir əkinçinin qoca vaxtında gözləri tutulur. O, oğlunu yanına çağırıb deyir: “Oğul, get əkin işlərinə başla, amma toxumunu hələ səpmə”. Oğlu cütü qoşub sahəni şumlayır. Aradan bir müddət keçdikdən sonra qoca oğluna sahəni pərşum etməyi tapşırır. Üçüncü şumda oğlan toxumu səpir. Bir müddətdən sonra ata oğluna dördüncü şumu edib, toxumu səpməyi tapşırır. Biçin vaxtı ata oğluna onu əkinin yanına aparmasını xahiş edir. Əlini taxıla sürtüb, – oğul, şumun birini kəsmisən, – deyir. Ona görə də atalar “Əkinçini əkinindən tanıyarlar” demişlər. Ata oğluna tövsiyə edir ki, kotanın macı (dəstəyi) ilan da olsa, əlindən buraxma. Yayda bir gün boş gəzərsən, qışda on gün ac qalarsan. Taxılın səpilməsi, əsasən, payız girəndə başlayır. Atalar deyiblər: “Bir gün tez əkən, bir həftə tez biçər”, “Vaxtında görülməyən iş görülməmiş kimidir”.
Əkinçi babalarımız onu da deyiblər ki, taxıl iki yay görməlidir. Havalar isti keçərsə, tez əkilən taxıl payızda “boruya gedər” (sünbül boru kimi formalaşır), yəni məhsul ərsəyə gəlməz. Belə hal baş verərsə, əkini otararlar ki, yenidən beçələsin (yeni sünbül qanadları çıxsın). Vaxtilə indiki toxumsəpən aqreqatlar olmadığı üçün şumlanmış sahəyə toxum əllə səpilər, üstdən tapan (mala) vurulardı. Bu zaman toxumlar müxtəlif dərinliyə düşər, bir hissə isə açıqda qalardı. Toxum itkiyə getməsin deyə, hər küzü (moranı) səpdikcə suvarardılar. “Taxılı öküzün dırnağına sula” məsəli də buradan qalmışdır.
Maldarlıqda da bəzi işlər bu dövrdə görülür. İribuynuzlu heyvanlar sentyabrın əvvəllərindən başlayaraq arana endirilir. Naxçıvanda ənənəvi olaraq “qoçqarışan” oktyabrın axırı hesab edilsə də, sentyabrın 15-də (bəziləri daha erkən) arıq, yaşlı qoyunlar sürüdən çıxdaş edilir.
Sentyabr ayının əvvəllərində ailələrdə qışa tədarük üçün zoğal, şaftalı kompotu, mürəbbəsi bişirilir. Turşuların qoyulmasına başlanır. Qış azuqəsi olan əriştə, yarma hazırlanır. Sentyabrda keçiləri sağmağı dayandırır, eyməyə yığılan “qara qatığı” çalxayır, şorunu küpələrə yığıb, ağzını sələklə bağlayır, torpağa basdırırlar.
Tarixən Azərbaycanda müxtəlif təqvimlərdən istifadə olunub. Lakin heç bir təqvim ilin fəsilləri, ayları, günlərini xalq təqvimində olduğu kimi dəqiq və düzgün ifadə edə bilməyib. Xüsusən baş verə biləcək təbiət hadisələrinin insanların uzunmüddətli müşahidələri əsasında daha düzgün izah edilməsi xalq təqviminin yaddaşlarda qorunmasına səbəb olub. Sentyabr ayı da bu baxımdan xüsusi əhəmiyyətə malikdir və bu dövrdə də əhalinin təsərrüfatla bağlı qayğıları daha çox olur.
Zaleh NOVRUZOV