Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir. Bu münasibətlə oktyabrın 24-də böyük sənətkarın Naxçıvan şəhərindəki ev-muzeyində tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə şair-dramaturqun və onun ailə üzvlərinin uyuduğu məqbərəni ziyarət etmiş, buraya gül qoymuşlar. Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova böyük söz ustadının bəşəri ruhlu, həmişəyaşar yaradıcılığından, Cavid şəxsiyyətinə və irsinə dövlət qayğısından söhbət açıb.
Vurğulanıb ki, bu gün istər poeziyada, istərsə də dramaturgiyada orijinallığı ilə seçilən, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair-dramaturq Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır. O, Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazmışdır. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü formalaşdıran əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır.
Qeyd edilib ki, ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə vaxtilə milli ruhda yazılan, türkçülük ideologiyasını və islami dəyərləri təbliğ edən əsərlərə görə repressiya qurbanı olan Hüseyn Cavidin cənazəsinin 1982-ci ildə Uzaq Sibirdən Bakıya, noyabrın 2-də isə Naxçıvana gətirilməsi böyük cəsarət tələb edən nadir tarixi hadisə idi.
1992-ci il oktyabrın 23-də Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənəli şəkildə qeyd edilmiş, Naxçıvanda Ali Məclisin Sədri vəzifəsində işləyən ümummilli lider yubiley tədbirində Hüseyn Cavid haqqında dərin məzmunlu çıxış etmiş, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunmuşdur. Bakıda Hüseyn Cavidin abidəsi ucaldılmış, 125, 130 və 135 illik yubileyləri geniş şəkildə qeyd edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yubileylərlə bağlı 2007-ci il 15 may və 2012-ci il 20 fevral tarixli sərəncamlarla təsdiq etdiyi Tədbirlər planlarına əsasən qədim diyarımızda yubiley tədbirləri yüksək səviyyədə təşkil olunmuşdur.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyevin “Hüseyn Cavidin həyat və yaradıcılığı”, Naxçıvan Dövlət Universitetinin müəllimi, professor, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Hüseyn Həşimlinin “Hüseyn Cavidə həsr olunmuş əsərlər”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Böyük ideallar şairi” mövzularında çıxışları olub.
Tədbirdə şairin yaradıcılığından nümunələr bədii qiraət edilib.
Sonda tədbir iştirakçıları Hüseyn Cavidin ev-muzeyinin ekspozisiyası ilə tanış olublar.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti