23 Dekabr 2024, Bazar ertəsi

Sentyabrın 24-də “Gənclik” Mərkəzində “İslam filmləri həftəsi”nə start verilib.

Tədbirin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, iyun ayından açılışına start verilən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” çərçivəsində qədim diyarımızda bir sıra tədbirlər keçirilib. Bu həftə ərzində keçiriləcək “İslam filmləri həftəsi” də “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” Tədbirlər Planında əksini tapıb.
Vurğulanıb ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub və İslam dininin yayılmasında, eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində, o cümlədən Naxçıvan torpağında ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb.
Qeyd olunub ki, bu gün İslam ölkələrinin mədəniyyətinə, incəsənətinə töhfə verən sahələrdən biri də kino sənətidir. Kino sənəti xalqların maariflənməsində, milli və vətənpərvərlik duyğularının aşılanmasında, milli dəyərlərin yaşadılmasında mühüm rol oynamaqla, həm də mərhəmət, şəfqət, insanlığa sevgi, ictimai məsələlərin ön plana çəkilməsində xüsusi əhəmiyyətə malikdir.
Diqqətə çatdırılıb ki, bu gün Naxçıvanda ilk dəfə keçirilən “İslam filmləri həftəsi”ndə ölkəmizlə yanaşı, İran İslam Respublikasının, Türkiyənin, Özbəkistanın, Tacikistanın filmləri nümayiş etdiriləcək. Həmin filmlərdə insanı düşündürən məsələlər, onun mənəvi dünyası və həyata baxışı əsas mövzulardır. “İslam filmləri həftəsi”ndə “Bakı İslam Mədəniyyətinin Paytaxtı – 2009” mədəniyyət ilinin bağlanış mərasimi çərçivəsində nümayiş etdirilmiş “Niyyət”, “Oskar” mükafatına təqdim olunmuş ekran əsəri kimi kino tariximizə düşmüş “Nabat”, müxtəlif beynəlxalq festivallarda 10-dək mükafat almış iranlı məşhur rejissor və ssenarist Məcid Məcidinin ­“Yağış”, məşhur alim və filosof Əbu Əli ibn Sinanın uşaqlıq və gənclik illərindən bəhs edən Özbəkistan və Tacikistan istehsalı olan “Dahinin gəncliyi”, Türkiyə istehsalı olan, Cəlaləddin Ruminin həyatı və fəlsəfəsini özündə əks etdirən “Eşqin rəqsi” və “Ulak” filmləri nümayiş olunacaqdır.
Sonra 2014-cü ildə Azərbaycanda istehsal olunmuş “Nabat” filmi nümayiş etdirilib. Qarabağ müharibəsindən bəhs edən filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdürrəhim Bəşəratdır.
Ekran əsərində Nabat xala rolunda iranlı aktrisa Fatimə Motamed Ariya çəkilib. Qeyd edək ki, film Azərbaycanın səfalı rayonlarından olan İsmayıllıda lentə alınıb. Çəkilişdə hərbi hissələrin şəxsi heyəti də iştirak edib.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR