“Təmizlik imandan gəlir” deyimi tarixboyu xalqımızın gündəlik həyatının ayrılmaz ritminə çevrilib. Ölkəmizin bütün bölgələrində olduğu kimi, oğuz yurdu Naxçıvanda da orta əsrlər dövrünə aid kəhrizlərin, hamamların mövcudluğu ulu babalarımızın daim bu amilə həssaslıq göstərməsindən, təmizliyə, paklığa, səliqə-sahmana xüsusi diqqət yetirməsindən xəbər verir. Qədim diyarın ayrı-ayrı guşələrində yerləşən belə tarixi abidələr müstəqillik illərində təmir-bərpa olunaraq həyata qaytarılıb və bu gün yüksək səviyyədə qorunub yaşadılır. Tarixi keçmişimizə, əcdadlarımızın məişət həyatına işıq salan məkanlardan biri də Nахçıvаn şəhərinin Heydər Əliyеv prospеkti ilə “Təbriz” küçəsinin kəsişməsində, Dədə Qorqud mеydаnındа yerləşən, inşası XVIII əsrin ortalarına aid edilən Şərq hamamıdır.
Şəhər sakinləri arasında bu məkana “İsmayılxan hamamı” da deyilir. Tikiliyə aid yazılı kitabə aşkar edilmədiyindən inşa olunma tarixi dəqiq bəlli deyil və barəsində çox da geniş məlumat əldə edilməyib. Dövlətimizin xalqın keçmişinə, adət-ənənələrinə verdiyi böyük önəm sayəsində hamam binası əsaslı təmir və bərpa edilərək 2005-ci ildə müasir görkəminə qovuşub.
Naxçıvan şəhərinin Sabir küçəsində yaşayan, Kəngərlilər nəslindən olan, yaşı 80-i adlamış Sabir Kəngərli və həyat yoldaşı Nəzakət Kəngərli ilə söhbət zamanı öyrəndik ki, İsmayıl ağa Naxçıvanın hakimi olmuş Kərim Sultan ağa Kəngərlinin oğludur. İsmayıl ağa Pirqəmiş məhəlləsində yaşayıb və onun yaşadığı ev məhəllənin ərazisində bu gün də qalmaqdadır. Sabir Kəngərli onu da bildirdi ki, hamam haqda söhbət düşəndə atası Hüseyn ağa Kəngərli daim deyərdi ki, bu hamam İsmayıl ağa tərəfindən inşa olunub və adı da “İsmayıl ağa hamamı” kimi tanınıb. Buradan belə ehtimal yaranır ki, bu gün həmin abidə, əslində, bir vaxtlar “İsmayıl ağa hamamı” adlanıb. Ancaq bu barədə əsaslı fakt olmadığından qəti fikir söyləmək mümkün deyil.
Hamam binasının memarlıq xüsusiyyətləri haqqında ətraflı məlumat əldə etmək üçün Naxçıvan Dövlət Universitetinin Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova ilə həmsöhbət olduq. O bildirdi ki, memarlıq üslubuna görə Şərq hamamları ilə eynilik təşkil edən tikilinin ümumi sahəsi 526 kvadratmetr olub, planda düzbucaqlı formada həll edilib. Bina orta əsrlərdə Naxçıvanın memarlıq tikililərində ənənəvi material kimi geniş yayılmış bişmiş kərpiclə inşa olunub. Hamam daxildən memarlıq planlaşma quruluşuna görə dairəvi formada paltardəyişmə zalından, düzbucaqlı formada şərqdən qərbə doğru genişləndirilmiş və mərkəzi günbəzi saxlayan dörd ədəd sütunlu yuyunma zalından, həmin zala açılan buxar otaqlarından və qızdırıcı kameradan ibarətdir.
Hamamın yuyunma və paltardəyişmə zalının mərkəzində dairəvi formada kiçik hovuzlar tikilib. Vaxtilə buraya soyuq su onun yaxınlığındakı kəhrizdən gəlirmiş. Belə ki, su hamamın arxa tərəfində tikilmiş anbara doldurulduqdan sonra kanallar vasitəsilə qızdırıcı kamerada yerləşən tiyana, hamamın divarlarında yerləşdirilmiş saxsı borularla yuyunma zalına və hovuzlara paylanırdı. İsti su isə qızdırıcı kameradan mis qablarla götürülürdü. Tikilinin yuyunma zalı döşəmənin altında yerləşdirilmiş kanallar vasitəsilə (spiral formasında döşəmədə dövr edən saxsı borular) qızdırılırdı. Suyun qızdırılması üçün samandan istifadə olunurdu. Bu yanacaqla qızdırılan hamamlar həftəboyu öz istiliyini sabit saxlayarmış. Boruların içərisində dövr edən isti su yenidən ocaqxanaya qayıdır və proses yenidən baş verirdi. Borunun bir qolu isə divarda quraşdırılmış digər kameraya birləşdirilirdi və isti buxar kamera vasitəsilə xaric olunurdu. Bu kameralar hamamın divarlarında bir neçə yerdə qoyulurdu ki, bununla da daxildə təmiz hava yaradılırdı.
Tikilidəki Naxçıvan hamamlarına xas olan digər əlamətlərdən biri də girişdə, paltardəyişmə və yuyunma zalları arasında ensiz keçidlərin yerləşdirilməsidir. Həmin ensiz və alçaq keçidlər hamamın daxilində bir neçə funksiya daşıyırdı. Belə ki, onlar yuyunma zalının daxilində olan isti havanın soyumasının qarşısını alır, isti havanın paltardəyişmə zalına keçməsinə yol vermir, hamamın daxilində olan temperaturu müəyyən bir zaman daxilində sabit saxlayır, yay aylarında isti havanın hamamın daxilinə keçməsinə imkan vermirdi.
Gülnarə Qənbərovanın sözlərinə görə, hamamın divar hörgüsü ilə yanaşı, zalları və yerləşgələrinin tavan örtüyündə də bişmiş kərpicdən istifadə olunub. Zalların tavanından fərqli olaraq yerləşgələrin tavanı kiçikölçülü dairəvi günbəzlə örtülüb. Yuyunma zalına açılan yerləşgələr kiçik pəncərələr və günbəzin mərkəzində açılmış baca vasitəsilə işıqlandırılıb. Paltardəyişmə zalının tavanında yerləşən ən böyük dairəvi günbəz hamamın əsas elementlərindən biri hesab olunur. Xaricdən günbəzlərin üzərində yarımdairə formasında bacalar qurulub. Sadə formada işlənmiş kiçik memarlıq elementləri günbəzlərə mürəkkəb quruluş verir. Bacalar xaricdən hamamın daxilinə yağış sularının keçməsinin qarşısını alır, daxildəki isti (və ya yay aylarında sərin havanın) havanın tez xaric olmasına imkan vermir, gecələr hamamın işıqlanması üçün buraya lampalar asılırdı.
Hamamın ən maraqlı memarlıq elementlərindən biri də onun baştağıdır. Belə ki, tikilinin bu hissəsi fasad kompozisiyasının önəmli elementlərindən biri olmaqla, memarlıq-bədii obrazının xüsusi monumentallığı ilə fərqlənir. Düzbucaqlı portal daxilində yerləşdirilmiş əyrixətli tağı və giriş qapısı ilə kompozisiya tamamlanır. Hamamın tikintisində bişmiş kərpiclə yanaşı, interyerlərinin bəzədilməsində kaşı və mərmər daşlarından da istifadə edilib. Abidənin daxili bəzəyi günümüzədək gəlib çatmasa da, onun daxili planlaşmasından və xarici quruluşundan görünür ki, bina vaxtilə şəhərin ən önəmli tikililərindən biri olub.
Günümüzdə Şərq hamamı ilin bütün fəsillərində xeyli sayda turistin heyranlıqla tamaşa etdiyi bir tarixi abidədir. Şəhərimizin müasir memarlıq tikililəri fonunda öz sadə memarlıq quruluşu, tavan örtüyündə öz həllini tapmış müxtəlifölçülü dairəvi günbəzləri bu gün hər kəsin diqqətini cəlb edir. Muxtar respublikamıza gələn turistləri heyran edən məqamlardan biri də xalqın tarixi mirasına, soykökünə bu cür yüksək qiymətin verilməsi, tarixi-memarlıq ənənələrinə hörmətlə yanaşılması, onların qorunub saxlanılmasıdır.
Nail ƏSGƏROV