Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadi 1872-ci il martın 24-də Ordubad şəhərində dünyaya göz açıb. Onun atası Hacı Ağa müəllimliklə məşğul olub, bir çox şeirlər yazıb. “Fəqir” təxəllüsünü qəbul edib və bu adla da tanınıb.
Adı ədəbiyyatımızın, mətbuatımızın inkişafı ilə sıx bağlı olan ədibin ev-muzeyi doğulub boya-başa çatdığı Ordubad şəhərində 1972-ci ildə yaradılıb. Bu günlərdə həmin muzeydə olduq. Öyrəndik ki, muzey 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı əsasında əsaslı təmir və bərpa edilib. Muzey ekskursiya zalı və 3 otaqdan ibarətdir. Fondunda 720-dən çox eksponat saxlanılır, onlardan 500-ə yaxını ekspozisiya zalında nümayiş etdirilir.
Buradakı birinci otaq tarixi romanlar müəllifinin xatirə otağıdır. Həmin otaqda yazıçının Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Şəmil Mustafayev tərəfindən yağlı boya ilə çəkilmiş portreti asılıb. Yazıçının həyat və yaradıcılığı haqqındakı məlumatların öz əksini tapdığı otaqdakı guşələrin birində ümummilli lider Heydər Əliyevin mədəniyyət və muzeylər haqqında dediyi müdrik sözlər, görkəmli dövlət xadiminin müxtəlif mədəniyyət obyektlərinin açılışında iştirakına dair fotolar və 22 may 1980-ci ildə muzeydə olarkən Ordubadi haqqında muzeyin rəy və təkliflər kitabına yazdığı sözlərin fotosurəti yer alıb. Muzeydə bu sənədin Azərbaycan dilində mətni də var. Vitrinin önündə isə Ordubadinin məşhur xanəndə Bülbül və dahi bəstəkar Üzeyir Hacıbəyov ilə birlikdə heykəli yerləşdirilib. Məlumat üçün bildirək ki, Üzeyir Hacıbəyovun 1937-ci ildə musiqi həyatı verdiyi “Koroğlu” operasının liberettosunu Ordubadi yazıb, Bülbül isə Koroğlu rolunun əvəzsiz ifaçısı, həm də ədibin yaxın qonşusu və dostu olub.
Digər vitrində yazıçının 1886-cı ildə mollaxanada oxuyarkən istifadə etdiyi axund Şəhrəbanunun “Qurani-Kərim” kitabı və ədibin iki əlyazması, həmçinin “Molla Nəsrəddin” jurnalının 1906-cı il iyirmi ikinci nömrəsinin orijinal üz qabığı qoyulub. Soldakı guşədə yazıçının anadan olmasının 100 illiyinin keçirilməsi ilə bağlı sənədlər, Naxçıvan şəhərində yazıçının adına olan kitabxana binasının fotosu və Ordubadinin 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə latın əlifbası ilə buraxılan “Qılınc və qələm” əsərinin I və II cildləri, 2007-ci ildə çap olunmuş “Qanlı illər” kitabı sərgilənir. Divardan asılan xəritədə isə onun yaşadığı və fəaliyyət göstərdiyi yerlər göstərilib.
İkinci otaqda yazıçının ailəsinin istifadə etdiyi müxtəlif məişət əşyaları, geyim nümunələri, örtüklər və sair nümayiş olunur. Buradakı vitrinlərin birində Ordubadinin müxtəlif illərdə çap olunmuş əsərləri, o cümlədən onun 1964-cü ildə işıq üzü görən seçilmiş əsərlərinin 8 cildliyi qoyulub. Yazıçının rus və özbək dillərində dərc olunmuş əsərləri də burada yer alıb. İkinci vitrində Ordubadinin tədqiqatçılarının müxtəlif elmi jurnallarda çap olunmuş məqalələr və kitabları nümayiş etdirilir. Otağın divarlarına isə yazıçının müxtəlif əsərlərinə aid olan illüstrasiyalar vurulub.
Üçüncü otaq yazıçının iş və istirahət otağıdır. Buradakı eksponatların əksəriyyəti 1972-ci ildə muzey təşkil olunarkən onun Bakıdakı mənzilindən göndərilib. Divarlarda ədibin ailə üzvlərinin və yaxın dostlarının şəkilləri asılıb. Muzeyin ən maraqlı eksponatlarından biri ədibin gənc yaşlarında işlədiyi Ərbab Rzayevin ipək fabrikinin fotoşəklidir.
Ekspozisiya zalında nümayiş olunan yazıçının büstü heykəltəraş Xanlar Əhmədov tərəfindən düzəldilib. Divarda ədibin müxtəlif əsərlərinə çəkilən illüstrasiyalardan yağlı boya ilə işlənənlər Azərbaycan Respublikasının Xalq rəssamı Maral Rəhmanzadə tərəfindən, sulu boya ilə çəkilənlər isə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi məzunlarının Ordubadinin 100 illik yubileyinə hədiyyələridir. Otaqdakı yazı stolunun arxasında yazıçı özünün ən məşhur əsərlərindən olan “Qılınc və qələm”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Qanlı illər”, “Dumanlı Təbriz” əsərlərini yazıb.
Bu gün böyük ədibin ev-muzeyi yeniyetmə və gənclərin, ədəbiyyatsevərlərin ən çox üz tutduqları ünvanlardan biridir. Onlar burada ədibin irsi ilə yaxından tanış olur, yazıçının həyat və yaradıcılığı barədə dolğun məlumatlar əldə edirlər.
Görkəmli sənətkarın yaradıcılığı daim öz aktuallığı etibarilə bundan sonra da ədəbiyyatşünas alimlərimiz tərəfindən tədqiq ediləcək, əsərləri müasir yazıçılarımız üçün meyar olacaqdır.
Güntac ŞAHMƏMMƏDLİ