Nobel mükafatı laureatı kimi dünya ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan belçikalı şair-dramaturq, esseçi, filosof Moris Meterlinkin (1862-1949) məşhur əsərlərindən biri də yeddi hissədən ibarət “Arıların həyatı” romanıdır. Bu əsərin əhəmiyyəti ondadır ki, müəllif romanı iyirmiillik arıçılıq haqqında apardığı müşahidələr əsasında, arı yuvasının birillik tarixçəsini izləməklə yazıb. Görkəmli yazıçının zəngin həyat müşahidələri əsasında yazdığı əsərdə təbiətin ən zəhmətsevər, möcüzəvi məxluqu olan arılara, onların maraqlı yaşayışlarının şüurlu ali məxluq olan insanların həyatı ilə müqayisəli şəkildə təsvir olunur.
“Arıların həyatı” romanı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilən Siyahıya daxil edilib. Romandan müəyyən sətirləri oxucularımızın diqqətinə çatdırırıq:
Arılar cəmiyyət halında yaşayır, öz qanunları ilə idarə olunur.
* * *
Altıguşəli hücrə arı sənətinin şedevridir. Onlar, sözün əsl mənasında, mükəmməl bir əsər yaradıblar və əgər dünyanın bütün dahiləri yığışsaydı, burda nəyisə dəyişdirməyə lüzum görməzdilər. Arıların öz sahəsində yaratdığı şeyi insan belə yarada bilməyib. Əgər başqa bir dünyadan gəlib bizdən məntiqi mükəmməl şəkildə təcəssüm etdirən bir predmet göstərməyi xahiş etsəydilər, onlara arı pətəyinin bir hissəsini göstərmək olardı.
* * *
Ana arı – məlikə öz yeməyini özü götürmür. Onu cəfakeş işçi arılar körpə uşaq kimi yemləyirlər. Ana arı sürətlə yumurta qoyur və bunu görən işçi arılar yeni hücrələr tikməyə tələsirlər.
* * *
Bir az tüstü püskürtməklə arının sancmasının qarşısını almaq olur. Tüstü püskürdərkən arı elə bilir ki, təknəyə heç kəs hücum etmir, bu, sadəcə olaraq təbii hadisədir, fəlakətdir və ona tabe olmaq lazımdır. Belə məqamda onları hissiyyatları aldatdığı üçün öz gələcəklərini xilas etmək naminə təknədəki materialları götürüb bal ehtiyatı toplamağa doğru tələsirlər.
* * *
Arı qarışqadan da ictimai məxluqdur. Arı cəmiyyəti təşəkkül tapıb inkişaf etdikcə onun hər bir üzvünün fərdi həyat maraqları ümumi maraqlara qurban verilir. Ancaq naqisliklər var. Məsələn, yaşlı işçi arılar sürfələrin ətrafında dolaşıb onları yeməyə çalışır. Ana arı var gücüylə onu qorumağa çalışır.