Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” kamera orkestrinin konserti olub.
Tədbirdə fondun prezidenti Günay Əfəndiyeva çıxış edərək bildirib ki, bu gün qədim Türk dünyasının mədəniyyət mərkəzlərindən və ən gözəl guşələrindən biri, İslam Mədəniyyətinin Paytaxtı, Türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyevin Vətəni olan Naxçıvanda olmaqdan çox şadıq. Bu gün Naxçıvan qədim olduğu qədər də müasirdir. Biz ikiqat sevinc və qürur hissi keçiririk ki, belə gözəl bir tədbir Türk dünyasının inkişafına, onun güclənməsinə dəstək verən ulu öndərimizin adını daşıyan möhtəşəm Heydər Əliyev Sarayında keçirilir.
Diqqətə çatdırılıb ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan, Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb. Bizim məqsədimiz, ilk növbədə, türkdilli xalqları yaxınlaşdırmaq, qardaş xalqları daha da doğmalaşdırmaq və eyni zamanda o xalqların sahib olduqları zəngin mədəni irsi dünyaya tanıtmaqdır. Bu istiqamətdə fond müxtəlif layihələr həyata keçirir. Belə layihələrdən biri də “Dədə Qorqud” kamera orkestrinin yaradılmasıdır. Bu il sentyabr ayının əvvəlində Qırğızıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində orkestrin yaradılması dövlət başçıları tərəfindən imzalanan Bəyannamədə öz əksini tapıb. Türk dünyasının ortaq yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un baş qəhrəmanının adını daşıyan kamera orkestri özündə Türk dünyası dövlətlərinin musiqiçilərini birləşdirir. Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovdur.
Günay Əfəndiyeva bu tədbirin reallaşmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Tədbirdə tərkibində Azərbaycan, türk, qazax, qırğız, özbək kimi türkdilli xalqların musiqiçilərini birləşdirən 20 nəfərdən ibarət orkestr geniş konsert proqramı ilə çıxış edib. Orkestrin ifasında xalq və bəstəkar mahnıları türk, Azərbaycan, qırğız dillərində təqdim olunub. “Nizami” simfoniyasının I hissəsi, 3 türk miniatürü: “Üsküdara gedərkən”, “Yeni bir gülnihal”, “Nihavət lonqa”, “Aytın salem kalamkas”, “Dudaray”, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletindən 2 rəqs dinlənilib, ifaçılardan Aydan Həsənovanın “Ölkəm”, “Arzu”, Orxan Zeynalovun “Qərənfil”, “Çahargah”, Almaz İstambayevin “Caylodo”, “Selkiqe”, Orxan Cəlilovun “Dəli ceyran”, “Alagöz”, Sibel Kızılatəşin “Mazi kalbində bir yaradır”, “Axşam mahnısı”, Ceyla Seyidovanın “Muğamsayağı” vokal və instrumental ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Orkestrin bədii rəhbəri və dirijoru, Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlov bizimlə söhbətində bildirdi ki, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması bizi yenidən bu gözəl diyarda birləşdirdi: – Naxçıvan Azərbaycanın ən çox sevdiyim yerlərindən biridir. Naxçıvan öz qədimliyini qoruyaraq yalnız Azərbaycan Respublikasının yox, bütün Türk dünyasının müasir şəhərlərindən birinə çevrilib. Biz Heydər Əliyev Muzeyində, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində və Naxçıvan Dövlət Xalça Muzeyində olduq. Burada gördüyümüz təşkilatçılıq yüksək səviyyədədir. Digər tərəfdən, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması hamımızı qürurlandırır, sevindirir. Bu qədim diyarda ulu öndərin təməlini qoyan dövlətçilik ənənələri yaşadılır, mədəniyyətə böyük töhfələr verilir. Bursa Dövlət Simfonik Orkestrinin bu il may ayının 3-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konsert proqramı da çox maraqla qarşılanmışdı. Türk dünyasının zəngin mədəniyyət və incəsənətini, xalq yaradıcılığını, dahi bəstəkarlarının əsərlərini dünyada tanıtmaq və türkdilli xalqların musiqisini beynəlxalq platformaya yaymaq məqsədilə yaradılan “Dədə Qorqud” kamera orkestri isə ilk dəfədir ki, Naxçıvanda çıxış edir və mən əminəm ki, biz yaxın zamanda bu gözəl diyara yenidən qayıdacağıq.
Güntac ŞAHMƏMMƏDLİ