23 Dekabr 2024, Bazar ertəsi

Mətbəximizin mövsümi yeməkləri var. Bu sırada ənənəvi qış yeməkləri də xüsusi yer tutur. Qış mövsümünə də artıq bir neçə ay qalır. Bütün ailələrdə mövsümə hazırlıq işləri görülür. Ordubad şəhərində yaşayan 75 yaşlı Səkinə Əzizova deyir ki, qışa hazırlıq xüsusi zəhmət tələb edir. Belə ki, iyun ayından başlayaraq yaxın qohum-əqrəba ilə birlikdə dağlara gedir və oradan çaşır, sobu, baldırğan, cacıq, qazayağı, əvəlik, ələyəz toplayırıq. Bu bitkilərin bəzisinin şorabasını qoyur, bəzisini isə qurudub qışa saxlayırıq. Qışda isə həmin bitkilərdən yeməklər hazırlayırıq.

Səkinə nənə qeyd edir ki, yay mövsümünə uyğun fərqli çeşidli meyvələr qurudulur və qışda həmin meyvə qurularından həm çərəz, həm də qənnadı kimi istifadə edilir. Buna, eyni zamanda “qax” da deyirlər. Meyvələrin qurudulması iki üsulla həyata keçirilir: birincisi, Günəş altında, ikincisi isə təndirdə, gillədə qurutmaq. Bu üsulların ən sadəsi birincisidir. İnsanlara elə gəlir ki, meyvə quruduqca onun vitamininin dəyəri azalır. Əksinə, bu dəyər xeyli artır. Əriyin içərisindəki çəyirdəyi (dənəni) çıxarıb quruduruq. Ərik qurudulan zaman cəyən biçib əriyin altına səririk ki, yağan yağış cəyənin altından axıb getsin, onun dadını aparmasın. Ərik qurudulduqdan sonra uzun müddət saxlanılması üçün qaynadılmış duzlu suya salınıb çıxarılır. Qurudulmuş əriyin rəngi sarı olsun deyə həmin şor suya üzüm yarpağı da atırıq. Hətta armud, şaftalı, əncir içləri təmizlənir və cəviz, şəkər tozu, ədviyyatlar qarışdırılaraq, həmin meyvələrin içərisinə doldurulur, ipə düzülərək qurudulur. Səkinə nənə onu da bildirir ki, bağlarında olan meyvələrdən yığaraq, çox ­çeşiddə kompotlar, mürəbbələr, cemlər hazırlayırlar.

Nənə deyir ki, üzüm və tutdan bəkməz, qızılgül ləçəklərini saplağından ayırıb təmizləyərək mürəbbə edirik ki, bunlar da soyuqdəyməyə çox faydalıdır.
Qış üçün lobya dənələri qurudub aşlara, sıyıq əriştələrə əlavə edirik. Əriştə yeməyinin adını çəkmişkən, demək istəyirəm ki, qız-gəlinlər yığılaraq hər gün bir ailənin qış tədarükü üçün əriştə kəsir və qurudurlar.
Səkinə nənə onu da diqqətimizə çatdırır ki, noyabr ayından etibarən ət qovurmaları hazırlayır, qışda fərqli çeşidli qovurma yeməkləri bişiririk. Qovurma, əriştə yeməklərinin yanında şorabalar olmazsa, o, tam yemək sayılmaz. Belə ki, yaz aylarında hazırladığımız çöl qarpızı, gavalı, baldırğan, çaşır və başqa şorabalardan istifadə edirik. Eyni zamanda üzüm yarpağından şorabalar qoyub süfrələrimizin bəzəyi olan yarpaq dolması büküb bişiririk.
Mövsümündə daha dadlı və vitaminli olan göyərtilərdən istifadə edərək, butulkalarda dovğa hazırlayırıq.
Buğdanı yuyur, daha sonra onu qurudur və dəstərdə çəkib yarma edirik. Qışda isə yarmadan fərqli yeməklər hazırlayırıq.
Səkinə nənə bildirdi ki, qış süfrəsinin zəngin olması üçün soyuq havalarda tapa bilməyəcəyimiz ərzaqları yaz-yay aylarından alıb hazır­lıqlara başlamalıyıq. Sağlamlı­ğın yolu məhz təbii qidalardan keçir. Buna görə də hər bir insan qışa ­hazırlığa ciddi yanaşmalıdır.

Telli MUSTAFAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR