Sədərək kənd sakinləri Əli Ağayev, Süleyman Tağıyev, Fərrux Heydərov, Qaraağac kənd sakinləri İslam Şahverdiyev və Novruz Cabbarov tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, o cümlədən başqa toxuculuq məmulatları, mis və saxsı qablar və digər nümunələrdən ibarət 26 eksponat Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muxtar respublikada tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin araşdırılması, qorunması və gələcək nəsillərə çatdırılması diqqət mərkəzində olan məsələlərdəndir.
Qeyd edilib ki, Mədəniyyət Nazirliyinin tabeliyində 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Bu muzeylərdə də xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunəsi mühafizə olunaraq qorunub saxlanılır. Son illər ərzində yeni muzeylərin yaradılması da artıq ənənə halını alıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən bu il Naxçıvan Duz Muzeyi istifadəyə verilib, Qarabağlar Türbə Kompleksi və Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamı bərpadan sonra öz qapılarını ziyarətçilərinin üzünə açıb. Bu gün muzeyləri ziyarət edənlərin də sayı əhəmiyyətli dərəcədə artıb. İlin 9 ayı ərzində muxtar respublikanın muzeylərini 435 min 560 nəfər ziyarət edib ki, onların 139 mindən çoxu əcnəbi vətəndaşdır.
Vurğulanıb ki, nazirlik tərəfindən muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzey əməkdaşları və muxtar respublika sakinləri yaxından iştirak edirlər. Bəhs olunan dövrdə muxtar respublika muzeylərinə 1065 eksponat daxil olub. Bu müddət ərzində AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna qədim tarixə malik əlyazma və kitabların təqdimatı da daxil olmaqla, ümumilikdə, 6 eksponat təqdimatı keçirilib. Nazir göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
Sonra eksponatları muzeyə hədiyyə edənlərdən Əli Ağayev, Fərrux Heydərov, İslam Şahverdiyev və Novruz Cabbarov maddi-mədəni irsimizin qorunması baxımından belə tədbirlərin əhəmiyyətini qeyd ediblər. Vurğulayıblar ki, bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Sonda muzeyin ekspozisiyasına baxış olub.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti