23 Dekabr 2024, Bazar ertəsi

Doğma xalqımızın ən qədim adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə yaşadan, milli təfəkkürümüzün ayrılmaz hissəsinə çevrilən Novruz bayramı rəsmi bayramlarımızdan biridir. Novruz təbiətin oyanışını, gecə ilə gündüzün bərabərləşməsini, əkinçilik mövsümünün başlanğıcını, yazın gəlişini özündə təcəssüm etdirən bayramdır. Bənövşə ətirli, nərgiz qoxulu Novruz ən uzunömürlü bayramdır; bizlərdə deyərlər, tut sovuşanacan, gilas ağaranacan Novruzdur. 

Bu bayram öz gəlişi ilə insanlarda canlanma, xoş əhval-ruhiyyə yaradır. Azərbaycanın hər bir bölgəsində özünəməxsus şəkildə qeyd olunan Novruz bayramı Ordubad rayonunda bir sıra xüsusiyyətləri ilə diqqət çəkir.
Yeni gün, yeni il bayramı hesab edilən Novruza hazırlıq tədbirləri bir neçə gün qabaqdan, çox vaxt elə ilk çərşənbədən başlanır. Bu sırada təmizlik (təzələnmək) işləri xüsusi yer tutur. Tədqiqatçıların sözləri ilə desək, “Ordubadda hələ Novruz bayramına bir ay qalmış evlərdə qapılar, pəncərələr, otaqların yeri, tavanı, divarları, şüşəbəndlər, eyvanlar və sair süpürülər, silinər, yuyular, tozdan-çirkdən təmizlənərdi. Həyətlər, bağçalar çalğı ilə təmizlənərdi. Xalça-palaz, yorğan-döşək, paltar və sair çırpılar, havaya sərilərdi. Ev-eşik, həyət-baca səliqə­-sahmana salınardı”.

Ardını oxu...

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın ikinci günü – martın 16-da Bakı məktəbliləri muxtar respublikanın Ordubad və Culfa rayonlarının ərazisində yerləşən tarixi abidələr və mədəniyyət müəssisələri ilə tanış olublar.

Ardını oxu...

Yurdumuza bahar gəlir. Xalqımızın əziz bayramı olan Novruz bu il də muxtar respublikada geniş qeyd olunacaqdır.
Novruz bayramında Naxçıvan şəhərində və rayon mərkəzlərində Xalq yaradıcılığı günləri keçiriləcək, bayram şənlikləri təşkil olunacaqdır.
Əcəmi Seyrangahında keçiriləcək bayram tədbirində Naxçıvan Dövlət və Uşaq filarmoniyalarının kollektivlərinin, Naxçıvan Musiqi Kollecinin muğam üçlüyünün, Aşıqlar Birliyinin üzvlərinin, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının, eləcə də digər kollektivlərin çıxışları nəzərdə tutulur.
Bayram tədbirində sakinlərə və şəhərimizin qonaqlarına iaşə xidməti də göstəriləcəkdir.

Xəbərlər şöbəsi

Elə insanlar var ki, onların həyat yolu, mübarizə əzmi çoxlarına örnəkdir. Taleyin tuş gəldiyi maneələrə baxmayaraq, sağlamlıq imkanları məhdud olan belə insanlarla söhbətləşdikcə, onları yaxından tanıdıqca bacarıq və istedadın heç bir sərhədə sığmadığının şahidi olursan. Qəlbi həyat eşqi ilə döyünən belə insanlarımız muxtar respublikamızda onlar üçün yaradılmış şəraitdən lazımınca istifadə edir, öz bilik və bacarıqlarını, istedadlarını həyatın müxtəlif sahələrində sınayırlar. Bu gün muxtar respublikamızda ədəbi yaradıcılıqda, incəsənətin müxtəlif sahələrində öz sözünü deməyi bacaran onlarla sağlamlıq imkanları məhdud insanlar var. Biz isə bu yazıda məhz bu cür istedadlı insanları bir kollektivdə birləşdirən “İnam” musiqi qrupu haqqında söhbət açacağıq.

Ardını oxu...

Martın 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “İslam dini və milli-mənəvi dəyərlərimiz: adət-ənənələr” mövzusunda dəyirmi masa keçirilib.
Nazirliyin təhsil müəssisələri ilə iş üzrə baş məsləhətçisi Kənan Tağızadə çıxış edərək bildirib ki, 2009-cu il oktyabrın 14-də Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin IV konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Keçirilən dəyirmi masanın məqsədi gəncləri İslam mədəniyyəti və dəyərləri ilə tanış etmək və onları maarifləndirməkdir.
Qeyd edilib ki, dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik, ədavət aparmamışıq. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, qarşılıqlı anlaşma şəraitində yaşamaq islami dəyərlərin xüsusiyyətidir. Təsadüfi deyil ki, Azərbaycanda İslam dini ilə yanaşı, xristian dini və digər dinlər əsrlər boyu birgə yaşayıb və indi də yaşayırlar.

Ardını oxu...

Naxçıvan Şəhər Şahmat Məktəbində “Ulu öndər Heydər Əliyev gənc rəssamların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin dördüncü turu keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Hökümə Məmmədli çıxış edərək bildirib ki, Azərbaycan mədəniyyətinin, o cümlədən təsviri sənətinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider hakimiyyətdə olduğu bütün dövrlərdə rəssamlığa da böyük diqqət və qayğı göstərib.
Qeyd olunub ki, keçirilən rəsm müsabiqəsi təhsil, mədəniyyət və turizm müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2017-2018-ci tədris ili üçün nəzərdə tutulmuş tədbirlər planına əsasən dahi şəxsiyyətin anadan olmasının 95-ci ildönümünə həsr edilib. Müsabiqə muxtar respublika məktəbləri şagirdlərinin yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi, gənc nəslin mənəvi, bədii və estetik dünyagörüşünün formalaşması, gənclərdə vətənpərvərlik duyğularının daha da gücləndirilməsi məqsədi daşıyır. Ötən il oktyabr ayının sonlarında start verilən müsabiqə davam etdirilib. Bu müddət ərzində muxtar respublikanın bütün rayonlarında müsabiqənin rayon mərhələləri keçirilmişdir. Rayonlar üzrə fərqlənən şagirdlər bu ilin aprel ayında yekun mərhələdə iştirak edəcəklər.

Ardını oxu...

Martın 10-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Milli Teatr Günü münasibətilə tədbir keçirilib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 1 mart tarixli ­Sərəncamına əsasən hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir.
Qobustan, Gəmiqaya rəsmlərinə əsaslanaraq tədqiqatçılar qeyd edirlər ki, Azərbaycan ərazisində teatr ənənələri qədim dövrlərə gedib çıxır. Xalqımızın yaratdığı xalq oyunları, meydan və qaravəlli tamaşaları, bayram məzhəkələri teatr sənətinin ilk nümunələridir. Əsrlərlə tarixi olan “Sayaçı”, “Novruz”, “Lal oyunu”, “Güdül”, “Kosa-kosa”, “Maral oyunu”, “Kilimarası”, “Gəsvəs” və başqa mərasim, etno-mədəni oyunlarda, tamaşalarda səhnə sənətimizin ilk elementlərini görürük.
1873-cü ilin martında M.F.Axundzadənin “Lənkəran xanının vəziri” tamaşası ilə əsası qoyulmuş Azərbaycan peşəkar teatrı qarşıya çıxan çətinlikləri dəf edərək zəngin və şərəfli inkişaf yolu keçmişdir. Dövrünün böyük ziyalıları olan Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun bu sahədəki fədakarlığı qısa zamanda Azərbaycanda teatr hərəkatının yaranmasına səbəb olmuşdur. 1883-cü il mayın 11-də Naxçıvanda dövrünün mütərəqqi ziyalısı Hacı Nəcəf Zeynalovun Naxçıvanın məşhur “Zaviyə” məhəlləsindəki evində Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası səhnəyə qoyulmuş və bununla da, Naxçıvan teatrının əsası qoyulmuşdur.

Ardını oxu...

Martın 9-da Naxçıvan Dövlət Filarmoniyası üçün alınmış yeni səs avadanlıqlarının təqdimatı olub.
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə musiqi kollektivlərinə, folklor ansambllarına geyim dəstlərinin, paltarlarının, musiqi alətlərinin, musiqi texnikasının təqdimat mərasimlərinin keçirilməsi ənənəyə çevrilib. Naxçıvan Dövlət Filarmoniyasına son illər ərzində xarici ölkə istehsalı olan müxtəlif Avropa musiqi alətləri və milli musiqi alətləri verilib, musiqi kollektivləri və solistləri geyim dəstləri ilə təmin ediliblər.
Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət Filarmoniyasına verilən 18 adda, müxtəlif sayda səs avadanlığı və texnikası ABŞ istehsalı olub son texnologiyaya əsaslanır. Bunların içərisində 4 hissəli səsgücləndirici mikşer, əlavə səs gücləndirici vasitə, səs dalğalarındakı tezlikləri tənzimləmək üçün avadanlıq, aşağı səs frekanslarını dəqiq çatdırmaq cihazı, müxtəlif növ simli və simsiz mikrofonlar, səs gücləndirici avadanlıqlar, müxtəlifölçülü və markalı kabellər, başqa avadanlıqlar da var.
Nazir çıxışının sonunda göstərilən diqqət və qayğıya görə bütün mədəniyyət işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdar­lığını bildirib.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Əsgərov, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və dirijoru, Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundov, Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev çıxış edərək bildiriblər ki, filarmoniyaya təqdim olunan səs avadanlıqları açıq havada və qapalı konsert salonunda musiqinin tamaşaçıya keyfiyyətlə, həm də səsləndiyi kimi çatdırılmasına kömək edəcəkdir. Bu avadanlıqlar həm də açıq hava konsertlərində musiqi texnikasının asanlıqla quraşdırılmasına imkan verəcəkdir.

Əli RZAYEV

Muxtar respublikanın kompleks inkişafı sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunu da əhatə edib. Rayonda geniş quruculuq işləri aparılıb, müasir infrastruktur yaradılıb, sakinlərin rahat yaşayışı təmin edilib. Həyata keçirilən tədbirlər Sədərək rayonunda sahibkar­lıqla məşğul olanlar üçün də geniş imkanlar açıb.
Səmərəli fəaliyyəti ilə seçilən belə sa­hibkarlıq müəssisələrindən biri – ­rayondakı xalça sexi əsaslı təmir olunduqdan sonra yenidən fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov və Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, sahibkarlığın hərtərəfli dövlət qayğısı nəticəsində inkişaf etməsi daxili bazara çıxarılan məhsulların təhlükəsizliyinə tam əminlik yaradır. Naxçıvanda sahibkarlıqla məşğul olan təsərrüfat subyektlərinə banklar və kredit təşkilatları tərəfindən lazımi maliyyə yardımlarının verilməsi, hərtərəfli dəstək göstərilməsi onların qarşısında geniş perspektivlər açıb. Muxtar respublikamızda ümumi daxili məhsulun həcmində özəl bölmənin payının getdikcə artması da bu sahənin inkişafına göstərilən dövlət qayğısının təzahürü kimi dəyərləndirilməlidir.
Sonra xalça sexinə baxış olub. Bildirilib ki, daxili bazarla yanaşı, bu müəssisədə toxunan xalçalar xaricə də ixrac olunur. 10 nəfər qadının daimi işlə təmin olunduğu xalça sexində xalça­toxuma zalı, mətbəx və digər inzibati otaqlar mövcuddur. Sexin həyətyanı sahəsində həmişə­yaşıl ağaclar, gül kolları və meyvə ağacları əkilib.
Burada çalışan xalça ustası Mahirə Vəliyeva ilə həmsöhbət olduq. O bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 7 mart tarixli Sərəncamı ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilib. Əməyinin yüksək qiymətləndirilməsinə görə min­nətdarlığını bildirən xalçaçı qeyd etdi ki, müəssisədə 2017-ci ildən etibarən Naxçıvan xalçaçılıq məktəbinə xas olan xalçalar toxunur. Belə xalçalar tarixən Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus rəng çalarları ilə zənginləşdirib. Həmçinin keyfiyyət amili də Naxçıvan xalçalarını fərqləndirən cəhətlərdəndir. Çalışacağıq ki, yaradılmış bu şəraitdən istifadə edərək Naxçıvanımızın xalçaçılıq ənənələrini bundan sonra da yaşadaq.
Qeyd edək ki, xalça sexinin yenidən fəaliyyətə başlaması Naxçıvanda qədim və zəngin ənənələrə malik bu el sənətinin yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verəcək.

Sərxan İSMAYILOV

  Uşaqların hərtərəfli formalaşmasında müxtəlif fənlərin tədrisi zamanı folklor nümunələrinin yer almasının da önəmi çoxdur. Folklor şifahi xalq ədəbiyyatımızın qiymətli nümunələri olmaqla yanaşı, həm də uşaqların hərtərəfli inkişafına və yaradıcılıq qabiliyyətlərinin formalaşmasına böyük təsir edir. Qeyd edək ki, zəngin folklor nümunələrinin əksəriyyəti xüsusi olaraq uşaqlar üçün yaradılmışdır. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”. Uşaqlar, həqiqətən də, bizim gələcəyimizin təminatçılarıdır. Onları vətənpərvər ruhda böyütməkdə, kiçik yaşlarından etibarən Vətənə sevgi hissi aşılamaqda folklor nümunələrinin rolu böyükdür.

Uşaq ana dilini öyrənməyə ana laylası ilə başlayır. Bir sözlə, uşaq dünyaya göz açan gündən folklor nümunələri ilə qarşılaşır, anaların şirin laylası ilə uyuyur, nənələrin, xalaların, bibilərin həzin mahnıları ilə əzizlənir, onlara xoş gələn duzlu oxşamalarla gülür, yanıltmaclarla dil açır və beləcə, həyatda mənəvi nemətlərdən ilk payını alır. Uşaqlar yaşa dolduqca folklorun digər nümunələri ilə də tanış olur, bununla qidalanırlar. Onların beynində, ruhunda Vətən sevgisi yaranır və elə də böyüyürlər. Hətta məktəbəqədərki dövrdə kifayət qədər şeirlər əzbərləyir, nağıllar öyrənirlər. Bu biliyə malik olan uşaqlar məktəbə böyük bir həvəslə gəlirlər. Amma bəzi hallarda bu həvəsi uşaqlarda inkişaf etdirmək yerinə kiçikyaşlı məktəblilərin poeziyaya olan marağını konkret bir qəlibə salıb, onları məhdudlaşdırırıq. Bunun nəticəsi olaraq dünən şeirləri, nağılları, əfsanələri, tapmacaları çox asanlıqla əzbərləyən, öyrənən bir uşaq birdən-birə passivləşir. Məktəbə qədər uzun-uzadı foklor nümunələrini birnəfəsə deyən balacalar sanki çevrilib başqa uşaq olurlar. Çünki foklor dünyasından, azad bir dünyadan çərçivələnmiş bir aləmə düşürlər. Bunun qarşısını almaq lazımdır. Bu da ibtidai sinif müəllimlərinin üzərinə düşür. Yəni poetikanın əsas xüsusiyyətlərini öyrətmək üçün müəllim özü bir ədəbiyyatşünas kimi onun ən incə xüsusiyyətlərini dərk etməli və ibtidai siniflərdə tədris prosesində folklorla bağlı dərslərin, tapşırıqların yerinə yetirilməsinə ciddi yanaşmalıdır.

Ardını oxu...

Naxçıvanda xalqımızın milli sərvəti sayılan yazılı abidələrin tədqiq olunaraq gələcək nəsillərə çatdırılması işi uğurla həyata keçirilir. Tariximizi, milli-mənəvi dəyərlərimizi özündə ehtiva edən bu abidələrin toplanması, sistemləşdirilməsi, kataloqlaşdırılması, tədqiqi, mühafizəsi, bərpası və nəşri üzrə işlər AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondu tərəfindən aparılır.

2005-ci ildən fəaliyyət göstərən fonda ötən dövr ərzində müxtəlif qədim çap kitabları və dəyərli əlyazmalar toplanaraq tədqiq edilib. Bu haqda oxucularımıza məlumat vermək üçün fondun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovla söhbət etdik. O, ulu öndər Heydər Əliyevin AMEA Naxçıvan Bölməsini yaradarkən səsləndirdiyi sözləri xatırladaraq dedi ki, bu gün fondun kollektivi fəaliyyətini dahi rəhbərin tövsiyələri əsasında qurub: “Mən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında sərəncam imzalamışam... Bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də indiyə qədər lazımi dərəcədə öyrənilməyib. Bunlara, mənim irəli sürdüyüm məsələnin öyrənilməsinə böyük ehtiyac var”.

Ardını oxu...

Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyət, görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi ölməz əsərləri ilə dünya şöhrəti qazanmışdır. Nizami Gəncəvinin adı dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkilir. Nizami Gəncəvi (1141-1209) də Dante, Servantes, Şekspir, ­Əbdürrəhman Cami, Əlişir Nəvai, Məhəmməd Füzuli, Balzak, Viktor Hüqo kimi mənsub olduqları xalqın milli iftixarı olan sənətkar olmaqla bərabər, həm də dünya ədəbiyyatını yüksək səviyyədə təmsil edir.

Dünyanın harasından, Şərqdən, yoxsa Qərbdən baxılmasından asılı olmayaraq, Nizami Gəncəvi şeir-sənət səmasında günəş kimi parlayır. Bütövlükdə, mədəni dünya Nizami Gəncəvini dahi şair, qüdrətli sənətkar, bəşəri təfəkkürə malik böyük mütəfəkkir kimi qəbul edir. Bu mənada, Nizami Gəncəvi söz sənətinin möhtəşəm bahadırıdır. Onun əsərlərində dünyanın bir çox ölkələrinin və xalqlarının həyatından alınmış ibrətamiz süjetlər və işıqlı, düşündürücü obrazlar vardır. Ölməz sənətkarın “Xəmsə” adlanan məşhur poemaları sanki Qərbin və Şərqin ədəbiyyat ensiklopediyasıdır. Yunanıstandan Hindistana, Ərəbistandan Rusiyaya, İrandan Balkanlara qədərki geniş məkanın hadisələri və şəxsiyyətlərini Nizami Gəncəvi böyük məharətlə ədəbiyyata həkk etmişdir. Böyük fateh Makedoniyalı İsgəndərin az qala dünyanın yarısını əhatə edən yürüşlərini heç bir sənətkar dünya ədəbiyyatında Nizami Gəncəvi miqyasında yüksək bədii səviyyədə işıqlandıra bilməmişdir. Nizami Gəncəvinin bir sənətkar kimi şöhrətini daha çox Makedoniyalı İsgəndərlə müqayisə etmək olar. İsgəndərin qılıncla fəth etdiyi ölkələri Nizami Gəncəvi qələmlə ram etmişdir. Bu mənada, Nizami Gəncəvi dünya ədəbiyyatının Makedoniyalı İsgəndəridir. O, Azərbaycan ədəbiyyatına Makedoniyalı İsgəndər şöhrəti qazandırmışdır. Makedoniyalı İsgəndərin bir xidməti də Qərb anlayışını Şərq xalqlarına çatdırmaq olduğu kimi, Nizami Gəncəvinin dünya dillərinə tərcümə edilmiş əsərləri vasitəsilə Avropa xalqları geniş şəkildə Şərqi tanımaq imkanı qazanmışlar. Bu mənada, Nizami Gəncəvi Şərq dünyasının və Azərbaycanın Qərb ölkələrində və ümumən, dünyada ən böyük ­bələdçisidir.

Ardını oxu...

Azərbaycan Respublikasının ­Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixdə imzaladığı “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” ­Sərəncamı qədim el sənətinin daim yaşadıldığı Naxçıvanda bu sahənin daha da inkişafına, xalçaçılığın keçmişi ilə bu günü arasında möhkəm körpünün yaranmasına səbəb olacaqdır. Ölkə Prezidentinin məlum sərəncamı Naxçıvan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. “Şərq qapısı” qəzetinin redaksiyasında təşkil edilən dəyirmi masanın da əsas məqsədi illərin ağır sınaqlarından keçərək yaşadılmış və inkişaf etdirilmiş xalçaçılıq sənətinə muxtar respublikamızda göstərilən qayğı, bu xalq sənətinin Naxçıvanda yaşadılması, açılacaq xalça emalatxanası ilə bu sahəyə veriləcək yeni həyat barədə fikir mübadiləsi aparmaq idi.

Ardını oxu...

Ölkəmizdə, eləcə də muxtar respublikada gənc istedadların aşkarlanması, onların yaradıcılıq potensialının düzgün formalaşdırılması ­istiqamətində mühüm tədbirlər həyata keçirilir. Öz yaradıcılığı ilə digərlərindən fərqlənən gənclər mükafatlandırılır, onların fəaliyyəti üçün lazımi şərait yaradılır. 

Ardını oxu...

Ordubad Rayon Mədəniyyət Evində Kazım Ziya adına Rayon Xalq Teatrının görkəmli maarifpərvər yazıçı və dramaturq, etno­qraf Rəşid bəy Əfəndiyevin “Tiflis səfəri” ikihissəli məzhəkəsi əsasında hazırladığı tamaşanın premyerası olub.
Qeyd edək ki, Ordubad Rayon Xalq Teatrı 1964-cü ildə yaradılıb. 1972-ci ildən görkəmli səhnə ustası, Xalq artisti Kazım Ziyanın adını daşıyır. 1989-cu ildə teatrın 25 illiyi dövlət səviyyəsində geniş qeyd olunub. Bu münasibətlə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə həmin mədəniyyət müəssisəsi “Naxçıvan MSSR-in Əməkdar kollektivi” fəxri adına layiq görülüb. Onu da deyək ki, o zaman təsis olunan bu fəxri ad ilk dəfə Ordubad Rayon Xalq Teatrına verilib. Teatrın yetirdiyi bir çox sənətkar sonralar Naxçıvan teatrının səhnəsində də maraqlı obrazlar yaradıb və fəxri adlara layiq görülüblər. Müxtəlif illərdə xalq teatrının səhnəsində “Bəxtsiz cavan”, “Leyli və Məcnun”, “Arşın mal alan”, “Ər və arvad”, “Əkbər kimdir”, “Fərhad və Şirin”, “Beş manatlıq gəlin”, “Həmyerlilər”, “İtirilən sağlıq”, “Canlı tonqal”, “Kamança” və başqa maraqlı tamaşalar səhnəyə qoyulub.
“Tiflis səfəri” məişət lətifələri üzərində qurulmuş bir məzhəkədir. Tamaşanın rejissoru Günəş Ağayeva, musiqi tərtibatçısı Qasım Rəsulov, rəssamı Hikmət Əliyevdir.
Qeyd edək ki, bu tamaşa dramaturqun xalq teatrında səhnəyə qoyulan ikinci əsəridir.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov kollektivi yeni tamaşa münasibətilə təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıblar.

Əli RZAYEV

 

Cənubi Qafqazı Yaxın Şərqlə bağlayan ən mühüm ticarət yollarının bir qolu da vaxtilə Naxçıvandan keçib. Araşdırmalar göstərir ki, muxtar respublika ərazisində olan Culfa, Qızılburun və Şahtaxtı keçidləri hələ eramızdan əvvəl VI-V minilliklərdə istifadə olunub. Orta əsrlərdə Şərqlə Qərbi bağlayan məşhur İpək Yolu da bu istiqamətdə davam edib. Əlverişli mövqelərdə yerləşdikləri üçün bu keçid məntəqələrindən indi də istifadə olunmaqdadır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsinə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu il İslam Mədəniyyətinin Paytaxtı olan Naxçıvanın ölkə­mizin Gənclər Paytaxtı seçilməsi ilə bağlı səsvermədə qalib gəlməsini böyük uğur kimi qiymətləndirib, bunu muxtar respublika gənclərinin dövlət quruculuğunda, ictimai-siyasi proseslərdə, sosial-iqtisadi, elmi-­texniki tərəqqidəki fəal iştiraklarının nəticəsi kimi dəyərləndirib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində gənclər siyasəti ən yüksək səviyyədə həyata keçirilir və ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun onlara aşılanması gənclərimizin bugünkü ictimai həyatda fəallıqlarına şərait yaradır.
“Azərbaycanın uğurlu gənclər siyasəti” mövzusundakı çıxışında universitetin Tələbə-Gənclər Təşkilatının sədri Zümrüd Səfərova bildirib ki, Naxçıvanda həyata keçirilən dövlət gənclər siyasəti, onlar üçün yaradılan yüksək şərait, son illər naxçıvanlı gənclərin beynəlxalq arenalarda qazandıqları uğurlar, Azərbaycanı layiqincə təmsil etmələri sübut etdi ki, Naxçıvan şəhəri ölkəmizin Gənclər Paytaxtı olmağa layiqdir. 2018-ci il 31 yanvar tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən 6 gənc arasında öz adının olmasını, ümumən, muxtar respublika gəncliyinə verilən qiymət kimi dəyərləndirib.
Tədbir İncəsənət fakültəsi tələbələrinin ifalarında konsert proqramı ilə davam edib.

Səadət ƏLİYEVA

Müdriklərin sərlövhəyə çıxardığımız bu kəlamından da göründüyü kimi, kitablar insanların biliklərinin artmasına səbəb olan, onlara həyatda uğurlar qazandıran başlıca meyar, əsas vasitədir. Fransız yazıçısı və filosofu Albert Camus əbəs yerə deməmişdi: “Başımızı qoyacaq bir yerimiz və kitablarımız varsa, bizə lazım olan hər şey var deməkdir”.

Həqiqətən də, insan çoxlu mütaliə sayəsində mənəvi kamilliyə ucalır, dünyagörüşü dəyişir, xarakterindəki mənfilikləri aşkar edib, onları aradan qaldırmaq üçün səy göstərir. Kitabın faydaları sayılmaqla bitməz. Çox təəssüf ki, son zamanlar, xüsusən də biz gənclər arasında mütaliəyə maraq hədsiz dərəcədə azalıb. Avtobuslarda, dayanacaqlarda təsadüfən kitab oxuyan birini görə bilərsiz. İnsanlarda kitab oxumaq vərdişlərinin aşağı səviyyədə olması, vaxtlarının azlığından şikayətlənmələri, boş zamanlarını isə kompüter və ya mobil telefonlara sərf etmələri, tələbələrin dərslərinin “çox” olması və başqa səbəblərdən bu gün mütaliəyə olan maraq xeyli azalıb. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı olduqca əhəmiyyətli və zəruridir. Bəs yeniyetmə və gənc nəsildə mütaliəyə maraq necə yaradıla bilər?

Ardını oxu...

Culfa rayonunun Ərəfsə kənd sakinləri Nail Əliyev, Aqil Qələndərov, Ləkətağ kənd sakini Zakir Hüseynov, Ərəzin kənd sakini Mahmud Zeynalov, Kırna kənd sakini Sona Əsgərova tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, toxuculuq məmulatı, mis və saxsı qablar, səhəng, cəhrə, kəlağayı, dibək, dəyirman və xırmanda işlədilən təsərrüfat alətləri, çıraq, dəmir dəbilqə və digər nümunələrdən ibarət 75 eksponat Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, nazirliyin tabeliyində 29 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Bu muzeylərdə xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 minə yaxın maddi-­mədəniyyət nümunəsi mühafizə olunaraq saxlanılır. Tariximizin və mədəniyyətimizin saxlanc yeri olan muzeylərimizə son illərdə göstərilən dövlət qayğısı, xüsusilə qeyd edilməlidir. Keçən il muxtar respublikanın muzeylərini 445 min 747 nəfər ziyarət edib ki, bunların arasında həm yerli əhali, həm də Azərbaycanın digər regionlarından muxtar respublikamıza gələn qonaqlar, həmçinin 110 mindən çox xarici vətəndaş olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən bu gün muzeylər ilə orta məktəblər arasında distant dərslər təşkil olunur, həmçinin yetişməkdə olan gənc nəsil üçün açıq dərslər keçilir.

Ardını oxu...

Fevralın 22-də Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyində böyük yazıçının anadan olmasının 149 illiyi ilə bağlı tədbir keçirilib.
Tədbiri muzeyin direktor əvəzi Kəmalə Tahirova giriş sözü ilə açaraq bildirib ki, böyük yazıçı ədəbiyyat və ictimai fikir tariximizə qüdrətli dramaturq və vətəndaş yazıçı-publisist, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi kimi əbədi daxil olub. Qüdrətli sənətkarın əbədiyaşar zəngin irsi dünən, bu gün və gələcək nəsillər üçün müstəqillik, Azərbaycançılıq, millilik və vətəndaşlıq nümunəsidir.
Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Cəlil Məmmədquluzadə irsinə, onun əsərlərinin tədqiqi və nəşri məsələlərinə böyük diqqət və qayğı göstərib. Məhz ümummilli liderin ölkəmizə hakimiyyəti illərində Cəlil Məmmədquluzadə haqqında yeni və sanballı tədqiqat əsərləri kütləvi şəkildə nəşr olunub, xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər həyata keçirilib.
Sonra muzeyin bələdçisi Səadət Qasımova böyük yazıçının bədii yaradıcılığından və ictimai fəaliyyətindən söhbət açıb.
Tədbirdə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin şagirdləri Cəlil Məmmədquluzadənin satirik şeirlərini bədii qiraət edib, felyetonları və hekayələrindən ibarət səhnəciklər göstəriblər. Sonra muzeyin ekspozisiyasına və sərgiyə baxış olub.

Əli Rzayev

 

Sosial şəbəkələrdə Məhəmmədağa Şahtaxtlı adına Naxçıvan Şəhər Kitab Evində fevral ayının 24-də Elxan Yurdoğlunun “Ulduz çoxluğu qədər təklik” adlı şeir kitabının təqdimat mərasiminin keçiriləcəyi xəbərini eşidəndə bir oxucu kimi çox sevindim. Təqdimatı gözləmədən kitabı əldə etdim. Etiraf edək ki, çoxumuzun son zamanlarda yeni və yaxşı şeir nümunələri oxumağa mənəvi tələbatımız getdikcə artır. Bu da təbiidir və Elxanın ­yaradıcılığına yaxşı bələd olduğum üçün onun yeni kitabında yer alan poeziya nümunələrinin oxucu qəlbinə yol tapacağına şübhəm yox idi. 

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan kitab həcmcə kiçik olsa da, burada yer alan şeirlər oxucu qəlbində elə ovqat yaradır ki, həmin şeirlərin ovsunu səni əməlli-başlı tərk-silah edir, imkan vermir ki, ondan ayrılasan. Elxanı yaxından tanıdığıma görə yaxşı bilirəm ki, o, əlinə qələm alandan söz dərgahının hüzurunda həmişə ayıq-sayıq dayanmaq üçün ürəyinin diktəsindən heç zaman uzağa getməyib; həmişə həyat yollarında sözə sığınıb, ilahi sözün qüdrətinə inanıb və düşünürəm ki, bu inamda uduzmayıb. Şeirə, sənətə, poeziyaya məsuliyyətlə və ciddi yanaşıb. Elxana görə, insan üst-başıyla, göz üstə qaşıyla, cavanlıq yaşıyla deyil, sözüylə tanınmalıdır.

Ardını oxu...

Ulu öndər Heydər Əliyеv: Cəlil Məmmədquluzadənin  böyüklüyü həm şəxsi həyatında və fəaliyyətində, həm yaradıcılığında ondan ibarətdir ki, o, ... ümumbəşəri dəyərləri dərk edib, öz milliliyi ilə öz ana dili ilə, öz milli kökləri ilə birləşdirərək Mirzə Cəlil  – Cəlil Məmməd­quluzadə olmuşdur.


Görkəmli demokrat ədib, tanınmış yazıçı-publisist Cəlil Məmmədquluzadə (1869-1932) XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı, mətbuatı və ictimai fikrinin bayraqdarı, Azərbaycançılıq ideologiyasının yaradıcılarından biridir.

Məşhur yazıçı, böyük ictimai xadim ədəbiyyat tariximizə Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı, tənqidi-realist nəsrin banisi kimi düşmüşdür. XX əsrin əvvəllərindən bədii yaradıcı­lıqla ardıcıl məşğul olan böyük yazıçının “Poçt qutusu”, “Usta Zeynal”, “Dəllək”, “İranda hürriyyət”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”, “Nigarançılıq”, “Konsulun arvadı” və sair hekayələri bu gün də bədii nəsrimizin unikal nümunələri hesab edilir. Cəlil Məmmədquluzadənin sovet dövrü hekayələrində, o cümlədən “Taxıl həkimi”, “Hamballar”, “Oğru inək” kimi bədii nümunələrdə cəmiyyətin əyintiləri və eybəcərlikləri diqqətə çatdırılmışdır.
Mirzə Cəlil Azərbaycan dramaturgiyası tarixində tragikomediya mərhələsinin yaradıcısı kimi iz qoymuşdur. Ədibin canlı xalq dili, Azərbaycan danışıq üslubu ilə seçilən əsərləri kiçik adamı böyük ədəbiyyatın əsas qəhrəmanı etməsi ilə də mühüm ədəbi mərhələni təşkil edir. Onun ilk dram əsəri, ilk alleqorik və mənzum pyesi “Çay dəstgahı”dır. Ədibin komediyaları faciəviliyi ilə də seçilir. Məşhur “Ölülər” əsəri Azərbaycan tragikomediyasının zirvəsini təşkil etməklə, bütövlükdə, türk-müsəlman dünyasını cəhalət və mövhumata qarşı mübarizəyə səsləyən qüdrətli əsərdir.
Görkəmli mirzəcəlilşünas, akademik İsa Həbibbəyli “Anamın kitabı” dramına “Azərbaycançılığın ədəbi manifesti”, “Azərbaycana aid olmayan fərqli düşüncələrə malik üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın dramı” elmi-bədii dəyərini vermişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrinin zabitlərinin muzeylərə ekskursiyaları davam edir.
Sərəncama uyğun olaraq “Muzey günlərinin” tərtib edilməsi birləşmə və hissələri zabitlərinin Naxçıvan Muxtar Respublikasındakı muzeyləri ziyarət etməsinə, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi və milli dəyərlərimizi özündə yaşadan eksponatlarla əyani tanış olmasına şərait yaradıb.
Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrinin zabitləri növbəti dəfə Heydər Əliyev Muzeyini, Dövlət Bayrağı Muzeyini, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Bəhruz Kəngərli Muzeyini, Cəlil Məmmədquluzadənin ev-muzeyini, Xatirə Muzeyini, eləcə də muxtar respublikanın rayonlarında yerləşən tarix-diyarşünaslıq muzeylərini ziyarət ediblər. Muzey bələdçiləri tərəfindən zabit­lərə ətraflı məlumat verilib.
Müxtəlif profilli geniş muzeylər şəbəkəsinin yaradıldığı muxtar respublikamızda hərbi qulluqçuların muzeylərlə tanış olması mənəvi-psixoloji hazırlığa müsbət təsir göstərir. Təkcə Naxçıvan şəhərində deyil, muxtar respublikanın rayonlarında da muzeylərin fəaliyyət göstərməsi burada yerləşən hərbi hissələrin zabitlərinin zəngin tarix və mədəniyyətimizlə yanaşı, ­görkəmli şəxsiyyətlərimiz haqqında da ətraflı məlumat almalarına imkan verir.

Nəriman NƏCƏFOV

 Fevralın 21-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova tədbirdə çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması üçün çox böyük işlər görüb, dil siyasətinə mühüm əhəmiyyət verib. Ulu öndər hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan dili əsaslı şəkildə elmi tədqiqatların obyekti olub, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılıb.
Görkəmli dövlət xadiminin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev dilimizin daha geniş təbliğinə hərtərəfli imkanlar yaradıb. Bu gün inkişaf etmiş bir çox dünya dövlətlərində Azərbaycan dilində təlim verən məktəblər açılıb, həmin məktəblər doğma dilimizdə olan dərsliklərlə, metodik və bədii ədəbiyyatlarla təmin edilib. Artıq dilimiz dünyanın mötəbər kürsülərindən, beynəlxalq tədbirlərdən, teatr səhnələrindən, konsert salonlarından, elmi müəssisələrdən, idman saraylarından, ordu hissələrindən hər gün, hər an əzəmətlə, məğrur səslə eşidilməkdədir.

Ardını oxu...

Bu gün Naxçıvan Muxtar Respublikasında Cəlil Məmməd­quluzadənin adı ilə bağlı üç muzey fəaliyyət göstərir. Bu muzeylərdən biri Cəlil Məmmədquluzadənin doğulub boya-başa çatdığı Naxçıvan şəhərində, digər ikisi isə ədibin müəllimlik etdiyi Babək rayonunun Nehrəm kəndində və Şərur rayonunun Cəlilkəndindədir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi də böyük yazıçının adını daşıyır. Bütün bunlar Mirzə Cəlil sənətinə dövlət qayğısı və ümumxalq məhəbbətidir. 

Yaxın günlərdə belə məkanlardan birində, Mirzə Cəlilin Şərur rayonundakı Cəlilkənddə fəaliyyət göstərən Xatirə Muzeyində olduq. Qeyd edək ki, Cəlil Məmmədquluzadə Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra 1887-ci il oktyabr ayının 13-dən 1890-cı il yanvarın 13-dək bu kənddəki ibtidai məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub. Öyrəndik ki, bədii yaradıcılığa bu yaşayış məntəqəsində başlayan Cəlil Məmmədquluzadənin buradakı Xatirə Muzeyi 1987-ci ildə Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin filialı kimi yaradılıb, 2013-cü ildən isə müstəqil mədəniyyət müəssisəsi kimi fəaliyyət göstərir. 2015-ci ildə muzeyin binası tamamilə yenidən qurulub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş rəsm sərgisi təşkil edilib.
Sərginin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək diqqətə çatdırıb ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən cinayətdir. Ona görə də Azərbaycan xalqı və bütün mütərəqqi bəşəriyyət bu amansız qətliamı heç zaman unutmayacaq.
Ülviyyə Həmzəyeva bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparıldığını və bu işdə hər bir azərbaycanlının fəal iştirakının vətəndaşlıq borcu olduğunu bildirib. Vurğulayıb ki, Xocalıya həsr edilən sərgidə gənclərimizin fəallıq nümayiş etdirməsi vətənpərvər ruhlu gənc nəslin yetişdiyini göstərir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov qeyd edib ki, qədim və zəngin tarixə malik olan ölkəmiz tarixin dolaylarında çox çətin məqamlarla üzləşib, faciələr yaşayıb, şəhidlər verib. Ancaq xalqımız heç vaxt öz mətanətini itirməyib, qarşılaşdığı hər bir çətinliyin önündə məğrur dayanıb. Əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı təsviri sənət ustalarımızın yaradıcılığında da öz əksini tapıb. Naxçıvanlı rəssamlar da bu mövzularda müxtəlif janr və üslubda rəsm əsərləri yaradıblar.
Sonra sərgiyə baxış olub. Sərgidə 24 rəssamın 44 əsəri nümayiş olunur. Həmin rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 Fatma BABAYEVA

Fevralın 20-də Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Ordubad Rayon Mədəniyyət Evində “Qırmızı papaq” tamaşasını uşaq və məktəblilərə göstərib.
Tamaşadan əvvəl teatrın bədii rəhbər-direktoru, Xalq artisti Şirzad Abutalıbov çıxış edərək Naxçıvan Dövlət Kukla Teatrının keçdiyi yaradıcılıq yolu haqqında qısa məlumat verib.
“Qırmızı papaq” tamaşasında bütün nağıl-tamaşalarda olduğu kimi xeyrin şər, yaxşılığın pislik, ədalətin haqsızlıq üzərində qələbəsi əsas ideyadır. Sehrli nağıllardan fərqli olaraq burada baş verən hadisələr həyat və məişət üzərində qurulub.
Bu maraqlı tamaşada teatrın ak­tyorları Əfqanə Ələsgərova, Vəsmə Quliyeva, İlham Babayev, Süleyman Süleymanov, Ulduz Süleymanova və başqaları obrazları təbii canlandırırlar.
Tamaşanın quruluşçu rejissoru Nadir Hüseynov, tərtibatçı rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli, bəstəkarı Əli Məmmədovdur.

Əli RZAYEV

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Sərəncamı görkəmli rəssamın həyat və fəaliyyətinin yenidən tədqiq olunması ilə yanaşı, həm də mədəniyyətimizin öyrənilməsinə xidmət edən mühüm dövlət sənədidir. Bu günlərdə paytaxt Bakı şəhərində olarkən unudulmaz rəssamın qızı Natella Qazıyeva ilə görüşüb rəssamın ömür yoluna bir daha nəzər saldıq. 


 Haşiyə: Qazıyeva Natella Şamil qızı 1947-ci ildə Naxçıvan şəhərində anadan olub. 1965-ci ildə Bakı şəhərindəki 1 nömrəli rus məktəbini müvəffəqiyyətlə bitirib. Həmin ildə Bakı Dövlət Universitetinin Biologiya və kimya fakültəsinin Biologiya ixtisasına daxil olub. 1966-2016-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutunda çalışıb. 50 elmi məqalənin, 1 patentin müəllifidir. Hazırda təqaüdçüdür.

– Natella xanım, bildiyiniz kimi, bu il Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, görkəmli rəssam Şamil Qazıyevin anadan olmasının 110 illik yubileyi qeyd olunur. İstərdik, atanızın həyat yoluna qısa bir nəzər salaq.

Ardını oxu...

Xalça istehsalı emalatxanasının tikintisi ilə bağlı verilən sərəncam Naxçıvanda bu qədim el sənətinin yeni inkişaf mərhələsinə qədəm qoymasına səbəb olacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixdə imzaladığı “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən tikiləcək xalça istehsalı emalatxanasında Naxçıvan xalçaçıları üçün əlverişli şərait yaradılacaq, keçmişdən günümüzə gələn bu ənənəyə uzun­ömürlülük bəxş ediləcəkdir. Belə bir emalatxananın istifadəyə verilməsi yeni iş yerlərinin açılması ilə yanaşı, həm də yeni xalçaçılar nəslinin formalaşmasına rəvac verəcək. Ən əsası, evlərimizi keyfiyyətli, nəfis Naxçıvan xalçaları bəzəyəcək.

“Kültəpə” adlı qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar nəticəsində Neolit və Eneolit dövrlərinə aid iy və cəhrənin, Tunc dövrünə aid sadə toxuculuq dəzgahının tapılması Naxçıvan diyarında yaşayan əhalinin toxuculuqla hələ qədim dövrlərdən məşğul olmasını sübut edir. Erkən orta əsrlər dövründən müstəqil fəaliyyət sahəsinə çevrilən xalçaçılıq sonrakı dövrlərdə Azərbaycan qadınlarının əsas məşğuliyyət sahələrindən birinə çevrilmişdir. X-XIII əsrlərə aid mənbələr Azərbaycanın bir çox bölgələri ilə yanaşı, Naxçıvanı da əsas xalçaçılıq mərkəzi kimi xarakterizə edir.

Ardını oxu...

Dahi bəstəkar Üzeyir Hacıbəyli qədim milli musiqi alətimiz tar haqqında yazırdı: “Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və ən mühümüdür”. Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə müasir tar ən mükəmməl və təkmil çalğı aləti hesab olunur.

Tar hər zaman muxtar respublikamızda musiqi ifaçılarının maraq dairəsində olub və olmaqdadır. Bu musiqi aləti yaşlı insanlarla yanaşı, həm də gənclər tərəfindən sevilir və ifa olunur. Belə gənc tar ifaçılarımızdan biri də hazırda Naxçıvan Musiqi Kollecində şöbə müdiri vəzifəsində çalışan Fətəli Axundzadədir. O, kollecdə təhsil alan tələbələrə bu musiqi alətini tədris edir. Onunla bu barədə söhbətimiz maraqlı oldu:
– Fətəli müəllim, sizdə tara maraq necə yaranıb?
– Məni tarın sehrli səsi ilə hələ körpə ikən babam tanış edib. O, tarda ifa etməyi çox sevərmiş. Mən böyüyəndə babamı görməsəm də, onun evdə “boynubükük” qalmış tarı hər gün gözlərim önündə idi. Sanki tar məni özünə doğru çəkir və ona təkrar həyat verilməsini gözləyirdi. Bir gün onu səsləndirmək qərarına gəldim. Elə o vaxtdan məndə tara qarşı maraq daha da artdı. Beləliklə də bu musiqi alətinin sirlərini daha dərindən öyrənmək üçün musiqi təhsili almaq qərarına gəldim.
– Bu musiqi sənəti ilə neçə ildir məşğul olursunuz?

Ardını oxu...

Fevralın 16-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyi qeyd olunub.

Ardını oxu...

Son illərdə ölkəmizdə cəmiyyətin sənəd-informasiya tələbatının daha dolğun şəkildə ödənilməsi və bu işdə informasiya-kommunikasiya texno­logiyalarından istifadə sahəsində bir sıra ciddi addımlar atılıb. Xüsusilə elektron informasiya daşıyıcılarının hazırlanması, sistemləşdirilməsi, mühafizəsi və şəbəkə rejimində uzaq məsafədən istifadəsi kitabxanaların da fəaliyyətində yeni mərhələnin başlanmasına şərait yaradıb. Ənənəvi kitabxanalardan fərqli olaraq elektron kitabxanalar insanların informasiya əldə etməsi üçün zaman və məkan asılılığına son qoyur. Ənənəvi kitabxanalarda yalnız kitabxananın iş saatı müddətində və məhdud sayda oxuculara informasiya xidməti göstərildiyi halda, elektron kitabxanalar fasiləsiz fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edir.

Elektron kitabxanalardakı vəziyyətlə yaxından tanış olmaq üçün muxtar respublikada fəaliyyət göstərən bir neçə kitabxanaya yollandıq. İlk üz tutduğumuz ünvan Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası oldu. Kitabxananın direktor müavini Rahilə Məmmədova ilə söhbət zamanı bildirdi ki, muxtar respublikamızda kitabxana işinin müasir standartlar səviyyəsində qurulması daim diqqət mərkəzində saxlanılır, kitabxanaların elektronlaşdırılması üçün məqsədyönlü addımlar atılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 19 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublika Kitabxanasının bazasında yaradılan Elektron kitabxana da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada birinci dərəcəli dövlət əhəmiyyətli universal elmi kitabxana statusuna malik olan bu mədəniyyət ocağında elektron kitabxana sisteminin yaradılması və yeni internet saytının istifadəyə verilməsi kitabxana işinin günün tələbləri səviyyəsində qurulmasına imkan yaradır. Kitabxanada ən müasir surətköçürmə aparatı və 2 elektron köşk qurulub, elektron oxu zalında 12 kompüter quraşdırılıb, www.e-kitab.nakhchivan.az internet saytı istifadəyə verilib.

Ardını oxu...

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında məşhur “1001 gecə nağıl­ları”ndan olan “Ələddinin sehrli çırağı” tamaşasına ictimai baxış olub.
Teatrın bədii rəhbəri-direktoru, Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbovun səhnələşdirdiyi nağıl real və fantastik elementlərlə zəngindir. Ələddinin maraqlı macəra və sərgüzəştləri tamaşanı baxımlı edir. Tamaşa-nağılın əsas mövzusu insanın çətinliklərə qalib gələrək öz xoşbəxtliyinə, səadətinə qovuşmasıdır. Ələddinin ­sehrli çırağı tapması, sonra isə onun cadugər tərəfindən ələ keçirilməsi, sehrli qüvvələrlə rastlaşması tamaşada maraqlı səhnələrdəndir. Bütün çətinlikləri dəf edən Ələddin (aktyor Arzu Səfərov) tamaşanın sonunda xoşbəxtliyə çatır.
Tamaşadakı Ələddinin anası (ak­trisa Ulduz Süleymanova), Cadugər (aktyor İlqar Babayev), Cin (aktyor İlham Babayev), Div (aktyor İbad Nəbiyev) və başqaları nağıl qəhrəmanlarını dolğun canlandırırlar.
Tamaşanın quruluşçu rəssamı Rəfael Qədimov, musiqi tərtibatçısı Əli Məmmədovdur.
Sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova, xalq artistləri Kamran Quliyev, Şirzad Abutalıbov və başqaları çıxış edərək tamaşa haqqında fikir və rəylərinin bildiriblər.
Yaxın həftələrdə “Ələddinin sehrli çırağı” tamaşasının balacalara göstərilməsi nəzərdə tutulub.

Əli RZAYEV

Fevralın 14-də Naxçıvan Dövlət Tarix Muzeyində “Muzey fondlarına daxil olan eksponatların bazasının yaradılması işinin təşkili və qarşıya çıxan çətinliklər” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Qumral Əsədova açaraq bildirib ki, muxtar respublikamızda muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları müasir tələblər səviyyəsində qurulur. Qədim diyarımızda muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması və muzey şəbəkələrinin genişləndirilməsi sahəsində işlər 2017-ci ildə də davam etdirilib. Ötən il muzeyləri 110 min 425-i əcnəbi olmaqla, ümumilikdə, 445 min 747 tamaşaçı ziyarət edib. Bu ilin ilk ayında isə muzeylərdə 5 min 359 nəfəri əcnəbi vətəndaş olmaqla, 24 min 434 nəfər tamaşaçı olub.
Bildirilib ki, muzeylərdə açıq dərslərin, seminar-treninqlərin təşkili də müntəzəm xarakter alıb. Muzey fondlarının zənginləşdirilməsi sahəsində görülən işlər öz bəhrəsini verir. Belə ki, ötən il muzeylərimizə 1340 yeni eksponat daxil olub. Bu ilin yanvar ayında isə bu mədəniyyət müəssisələrinə 130 eksponat verilib.

Ardını oxu...

Qədim Naxçıvan torpağı tarixən mədəniyyət, sənət, ədəbiyyat beşiyi olub və dünya mədəniyyətinə qüdrətli sənətkarlar bəxş edib. Naxçıvan tarixinin möhtəşəm sütunlarından biri də onun musiqi mədəniyyəti tarixidir. Naxçıvanlı musiqiçilər yazdıqları əsərlərində, ifaçılıq sənətində tarixi hadisələri, qəhrəmanları, onların göstərdikləri şücaət və igidlikləri, yaşadıqları dövrün xüsusiyyətlərini vəsf etməyə səy göstəriblər.

Onu da xüsusi vurğulamaq lazımdır ki, Naxçıvan mədəniyyəti, eləcə də onun bir qolu olan musiqi sənəti heç bir dövrdə ictimai inkişafdan geri qalmayıb, qədim diyar Azərbaycanın yüksək inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri kimi tanınıb.
Ümummilli liderimiz Heydər Əliyev başqa sənət sahələri ilə yanaşı, Azərbaycan bəstəkarlıq məktəbinin və musiqişünaslığın inkişafına da böyük diqqət və qayğı ilə yanaşıb. Dahi öndəri musiqi mədəniyyətinin çağdaş və aktual məsələləri, bəstəkar və ifaçıların problemləri, fikir və təklifləri, uğurları daim maraqlandırıb. O, ömrünü bu sahəyə bağlayan insanlardan köməyini əsirgəməyib, onların fəaliyyətinə qayğı göstərib.

Ardını oxu...

Son dövrlərdə Naxçıvanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, regiona turist axınının getdikcə artması, burada fəaliyyət göstərən ali təhsil müəssisələrinin xarici ölkələrin bir çox universitetləri ilə əməkdaşlıq etməsi, yerli məhsullarımızın xarici bazarlara çıxarılması faktları muxtar respublikanın mühüm inteqrasiya yoluna qədəm qoymasından xəbər verir. Bu mənada, tərcüməçilik işinə daha çox ehtiyac duyulur. Doğrudur, bu gün yerli ali təhsil müəssisələrimizdə müxtəlif dillər üzrə ixtisaslı kadrlar yetişdirilir. Ancaq tərcüməçilik elə sahədir ki, buna hər bir vətəndaşın ehtiyacı ola bilər. Yəni tərcümə işi konkret olaraq bir istiqamət üzrə məhdudlaşmır, ona elmi, bədii, metodiki, hüquqi, iqtisadi, mədəni və digər sahələrdə də ehtiyac duyula bilər. Bəs bu ehtiyacın ödənilməsi üçün hazırda mövcud vəziyyət necədir? Elə kiçik bir araşdırma apardıqdan sonra hazırladığımız yazıda da bu suala cavab tapmağa çalışdıq.
Əvvəlcə muxtar respublikamızda bədii tərcümə işi ilə maraqlandıq. Bununla bağlı ilk olaraq Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində olduq. Birliyin sədri Asim Əliyev bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2012-ci ilin oktyabr ayında birliyin nəzdində Tərcümə mərkəzi yaradılıb. Hazırda bu mərkəzə ingilis dili üzrə tanınmış mütəxəssis Şirməmməd Qüdrətoğlu rəhbərlik edir. Mərkəz yaradıldıqdan qısa müddət sonra onun rəhbərliyi ilə muxtar respublikada tərcümə işi ilə məşğul olan şair və yazıçılara xarici dillərdən bir sıra maraqlı əsərlərin dilimizə tərcümə olunması tövsiyə edilib. Bu sahədə mərkəzdə artıq müəyyən işlər aparılıb.

Ardını oxu...

Ordubad Rayon Xalq Teatrı teatr­sevərlər üçün yeni tamaşa üzərində işləyir. Belə ki, yaxın vaxtlarda kollektiv yazıçı Rəşid bəy Əfəndiyevin “Tiflis səfəri” əsəri ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşanın rejissoru Günəş Ağayevadır.
Əsərdə oğlu Tiflisə gedən Püstə xanım və Mərdan bəyin ailəsindən bəhs edilir. Onların övladı burada xoşagəlməz hallarla rastlaşır, həbsə düşməli olur. Mərdan isə Tiflisə gedib oğluna vəkil tutaraq onu bu bəladan xilas etmək qərarına gəlir. Mərdanın həyat yoldaşı Püstə xanım və dostları Heydər bəy və Hacı Qara onu bu fikrindən daşındırmağa çalışır, lakin bacarmırlar. Mərdan bəy fikrindən dönmür, Tiflisə yola düşür. Burada xeyli çətinliklərlə üzləşdikdən sonra bütün pullarını xərcləyən Mərdan bəy geriyə – Vətənə qayıtmalı olur.
Tamaşada əsas qəhrəmanları – Mərdanı Nadir Məhərrəmov, Püstə obrazını isə teatrın aktyorlarından Günəş Ağayeva canlandıracaq. Heydər bəy surəti aktyorlardan Oruc Əliyevə, Hacı Qara isə Rəcəb Quliyevə həvalə edilib.
“Tiflis səfəri” tamaşası qısa zamanda teatrsevərlərə təqdim olunacaq.

Xəbərlər şöbəsi

Naxçıvan tarixi abidələrlə zəngin bir diyardır. Ulu babalarımızın yadigarı olan bu abidələr bizə keçmişimizdən xəbər verir, məxsus olduğu dövrün mədəni mühitini, xalqımızın sənətkarlıq xüsusiyyətlərini, təfəkkür və düşüncə tərzini özündə yaşadır. Buna görə də tarixi abidə­lərin mühafizəsi və tədqiqi maddi-mənəvi irsimizin qorunub gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. 

Ardını oxu...

Xalqımızın milli-mənəvi dəyərlərini zənginləşdirmək, formalaşdırmaq, qoruyub yaşatmaq hər birimizin müqəddəs borcudur. Əsrlər boyu cilalanmış, zamanın keşməkeşli sınaqlarından keçmiş, mədəniyyətimizi, birliyimizi, tarixi zənginliyimizi ucaldan milli dəyərlərimiz, xalqımızın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür. Uzun illərdən bəri ­nəsildən-nəslə ötürülən Vətən, ata-ana, el-oba, doğma ocaq sevgisi, xalqımızın mənlik şüuru, əxlaqi dəyərlərə sədaqəti, vətənpərvərlik hissinin ülviliyi, etik dəyərlər milli mentalitetimizin bariz nümunələridir. 

Hələ illər öncəydi. Nənəmgilin həyətində “təndirəsər” dedikləri bir tikili vardı. İçində isə nənəmin düzəltdiyi iki təndir... Biri balaca, o biri böyük... Məni sevindirmək üçün həmişə balaca təndiri göstərib: “Bax, bu balaca təndiri səninçün düzəltmişəm, bir az da böyü, xəmir edəcəm, sənə təndirdə çörək bişirməyi öyrədəcəm”, – deyərdi.
Nənəm sadə bir kənd qadını idi. Təndir düzəltməyi də sevirdi, təndirdə çörək bişirməyi də. O, təndir düzəltməyi öz anasından öyrənmişdi. Bu, onlarda nəsildən-nəslə keçən və yaşadılan bir peşə idi. Kənddə kimsə həyətinə təndir qoymaq istədikdə nənəmi köməyə çağırardı. Nənəm isə bu işi sevə-sevə yerinə yetirərdi.

Ardını oxu...

Fevralın 9-da Culfa Rayon Mədəniyyət Evində Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94-cü ildönümünə həsr olunmuş konserti təşkil edilib.
Kollektivin tanınmış solistlərindən Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Yaşar Qurbanov, Elçin Nağıyev, Qəribə Həsənova, Azər Cəfərli, gənc müğənni İlkin Abdullayevin ifa etdikləri estrada mahnıları tamaşaçılarda xoş ovqat yaradıb. Onların ifasında səslənən Tofiq Quliyevin “Badamlı”, “Zibeydə”, Nəriman Məmmədovun “Naxçıvanım”, Emin Sabitoğlunun “Ötən günlərim”, Nəriman Əzimovun “Mənə dəniz verin”, Vasif Adıgözəlovun “Mahnı”, Elza İbrahimovanın “Sən yadıma düşəndə” və vətənpərvərlik ruhlu “Vətən”, “Gənclik nəğməsi”, “And içirik” mahnıları konsertə gələnlər tərəfindən alqışlarla qarşılanıb.
Konsertdə estrada mahnıları ilə bərabər, Azərbaycan bəstəkarlarından Eldar Mansurovun, dünya musiqisinin görkəmli sənətkarlarının marş, vals, caz, rəqs musiqi janrlarında yazdıqları melodiyalar da səsləndirilib.
Konsert Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyevin ifasında Səməd Əsgərovun “Ulu yurdum” mahnısı ilə başa çatıb.

Əli RZAYEV

Qədim el sənəti nümunələri müasir dövrümüzdə də tətbiq edilir. Bunlar yüz illər boyu cilalana-cilalana dövrümüzə qədər gəlib çatıb. Onlardan biri də dekorativ-tətbiqi sənətdir. Dekorativ-tətbiqi sənətin müxtəlif növləri mövcuddur. Bu növlərdən biri də bədii tikmədir. Qədim dövrlərdən meydana gəlmiş bədii tikmə sənəti digər əl işləri kimi xalqın milli-mənəvi və estetik düşüncəsini özündə əks etdirir. 

Müxtəlif dövrlərdə Təbriz, Şamaxı, Gəncə, Naxçıvan, Şuşa və Quba şəhərlərində Azərbaycan ­tikmələri yüksək texniki və bədii xüsusiyyətlərlə hazırlanırdı. Bədii tikmə sənətində rəngli ipək saplardan istifadə olunurdu. Bədii tikmələr, əsasən, qızılgül, lalə, zanbaq, nar, heyva, sünbül, müxtəlif formalı yarpaqlar, qızıl və gümüş tellər, ­tovuzquşu, göyərçin və digər motivlər əsasında işlənilirdi.
Mənbələr göstərir ki, tikmələ­rimiz erkən orta əsrlərdən indiyədək bədii xüsusiyyətlərini itirməyib və əhali arasında ən geniş yayılmış xalq sənəti növlərindən olub. XIX əsrin 50-ci illərində Qafqaza səfər etmiş fransız yazıçısı Aleksandr Düma Azərbaycan bədii tikmələrinə heyran qalaraq demişdir: “Şəkidə mən iyirmi dörd manata bədii ­tikməli iki yəhər aldım. Fransada onu iki yüz franka da ala bilməzdim. Düzünü desəm, onu bizdə heç bir qiymətə tapmaq olmaz...”

Ardını oxu...

Naxçıvan Dövlət Tarix Muzeyində  Naxçıvan Muxtar Respublikasının 94 illiyi münasibətilə  “Muxtariyyətin yetirməsi olan Naxçıvan muzeyləri: tarix və müasirlik” mövzusunda dəyirmi masa keçirilib.

Naxçıvan Dövlət Tarix Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov açaraq mədəniyyət müəssisəsi olan muzeylərin qədim keçmişimizlə bu günümüz arasında körpü rolunu oynamasının əhəmiyyətindən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazir­liyinin əməkdaşı Qumral Əsədovanın, “Xan Sarayı” Dövlət Tarix-­Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədovanın, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimovanın və başqalarının çıxışları olub.
Çıxışlarda Naxçıvanda muzey işinin tarixindən, muzeylərin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə ulu öndər Heydər Əliyevin xidmətlərindən və onun nəcib əməllərinin Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilməsindən bəhs edilib.
Sonda Naxçıvanın muxtariyyət tarixindən bəhs edən sərgiyə baxış olub.

Xəbərlər şöbəsi

  Azərbaycan etnoqrafiyasında xalq təqviminin özünəməxsus yeri vardır. Əkinçi və maldar babalarımız tarixən təbiət hadisələrini izləyib, təbiətdə baş verən dəyişikliklər, məişətdə görüləcək işlərə uyğun hər il təkrarlanan bir təqvim hazırlayıblar. Bu təqvimə əsasən əlamətdar günlər xalq bayramına, el şənliyinə çevrilib. Xalq özü bu mərasimlərin həm təşkilatçısı, həm yaradıcısı, həm də tamaşaçısı olub. Xalq yaradıcılığından qaynaqlanan bu folklor nümunələri, etnoqrafik bilgilər emprik yolla nəsildən-nəslə ötürülüb, min illər boyu yaşayıb. İnsanlar bəzən bu adətləri dini inanclarla əlaqələndirirlər. Lakin etnoqrafik tədqiqatlar sübut edir ki, bu mərasimlərin heç bir dini inancla əlaqəsi yoxdur. Bu cür mərasimlərin keçirilməsi ən çox qış aylarında baş verir. Bu isə təsadüfi deyildir. Payızın son günlərindən başlayaraq təsərrüfat işlərindən azad olan insanlar vaxtlarını səmərəli keçirməyə çalışıblar. 

Noyabr ayında vaxtilə təntənəli kerçirilən, lakin unudulmuş Azərbaycan bayramlarının ayinlərini qoruyub saxlayan insanlar Kövsəc, dekabr ayında isə Çillə bayramlarını qeyd ediblər. Yanvar ayının sonunda, bayrama 50 gün qalmış Səddə bayramı keçirilərdi. Səddə bayramı haqda günümüzə çox az məlumat gəlib çatıb. Bəzi tədqiqatçılar bu mərasimin mentalitetimizə uyğun olmadığını, ona görə də unudulduğunu söyləyirlər. Bizə elə gəlir ki, bu mərasim Zərdüşt dini ilə, odla, xüsusən xürrəmilərlə bağlıdır.

Ardını oxu...

Şair Xanəli Kərimlinin poeziyası barədə düşünərkən

“Bədii ədəbiyyat səslər dünyasıdır. Həyatda hər bir kəsin öz yeriş tempi, öz səsi, ifadə tərzi olduğu kimi, ədəbiyyatda da hər bir qələm sahibinin öz “yerişi”, öz səsi və ifadə tərzi olmalıdır. O sənətkar xoşbəxtdir ki, o, səslər dünyasında öz səsini, “yerişini” və ifadə tərzini yad təsirlərdən qoruyub saxlaya bilir. Ən çətin mənəvi və maddi sıxıntılar qarşısında belə, özgələşmir”.
Filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Naxçıvan Dövlət Universitetinin müəllimi Xanəli Kərimli bu azlığa daxil olanlardan biridir və həmin fikir də ona məxsusdur. Ötən əsrin 80-ci illərində ədəbiyyata gələn, o səslər dünyasında öz səsini, “öz yerişini” və ifadə tərzini yad təsirlərdən qoruyub saxlaya bilən, ən çətin mənəvi və maddi sıxıntılar qarşısında belə, özgələşməyən Xanəli Kərimlinin bu qənaəti haqqında düşünərkən akademik İsa Həbibbəylinin sözlərini xatırladım: “Xanəli Kərimli yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biridir”.
Xanəli Kərimlinin daha bir sözünü xatırlamalı oluram: “Öz zəmanəsinə mənsub olmayan bir sənətkar heç bir zəmanəyə mənsub ola bilməz”. Zəmanəsinin şairi olan Xanəli Kərimlinin hər hansı bir şeirini oxuduqdan sonra mütləq onunla daxili dialoqa girirəm. Bu günlərdə onun “Payız duyğuları” kitabını, şair haqqında yazılanları yenidən vərəqlədim. Daxilən onunla yenə də həmsöhbət oldum. Şairə öz şeiri ilə sual verdim: – Sən kimsən, Xanəli Kərimli?

Ardını oxu...

Bu günlərdə AMEA Naxçıvan Bölməsinin bir qrup əməkdaşının bir neçə ildən bəri davam edən yorulmaz axtarışlarının və tədqiqatlarının nəticəsi olaraq “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poli­qrafik dizaynda çapdan çıxıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına əsasən çap olunan nəşrin məsul redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir. 

Atlasın redaksiya heyətinə nəzər salanda bu sanballı əsərin elmi ağırlığı haqqında yetərincə təəssürat formalaşır. Belə ki, akademik İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvləri – Fəxrəddin Səfərli, Əbülfəz Quliyev, Qadir Qədirzadə, Vəli Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov, filologiya üzrə fəlsəfə doktorları Firudin Rzayev, Əkrəm Hüseynzadə, Rəşad Zülfüqarov, coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəyli, həmçinin Cəfər Əliyev və Fəxrəddin Eylazovun sistemli, ardıcıl və qarşılıqlı fəaliyyəti Qorqudşünaslıq və Naxçıvanşünaslıq elminə bu cür sanballı mənbənin bəxş edilməsi ilə nəticələnmişdir.
Üç dildə – Azərbaycan, rus və ingilis dillərində hazırlanmış kitabda mətnlərin rus dilinə tərcüməsində filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlının, ingilis dilinə tərcüməsində isə filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovun əməyini də xüsusi vurğulamağa ehtiyac vardır.

Ardını oxu...

Azərbaycanın tanınmış rəssamı, SSRİ Rəssamlar İttifaqının üzvü, Naxçıvan     Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şamil Qazıyevin yaradıcılıq fəaliyyəti Azərbaycan incəsənətinə sədaqətlə xidmətin gözəl nümunəsidir. Bu il böyük sənətkarın anadan olmasının 110 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Sərəncamı onun yaradıcılığına verilən yüksək qiymət kimi sənətsevərlər tərəfindən böyük sevinc və rəğbətlə qarşılanmışdır.

Şamil Həsən oğlu Qazıyev 30 mart 1908-ci ildə qədim Azərbaycan şəhəri İrəvanda müəllim ailəsində anadan olmuş və ilk təhsilini burada almışdır. Onun babası Axund Xəlil Kərim oğlu Qazızadə (1815-1884) 17 il İrəvan Quberniyası Ruhani Məclisinin sədri olmuş, atası Həsən bəy Qazıyev isə keçən əsrin 20-50-ci illərində Naxçıvanda maarifin inkişaf etdirilməsində böyük xidmətlər göstərmişdir. Bu, həmin Həsən bəy Qazıyev idi ki, ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyinə həsr olunmuş yubiley iclasında Naxçıvan Pedaqoji Texnikumunda oxuduğu illəri xatırlayaraq demişdi ki, o vaxt Həsən bəy Qazıyev mənə rus dilini yaxşı öyrətdi.
Həsən bəy Qazıyev 1900-cü ildə İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra 9 ilədək İrəvan Quberniyasının Uluxanlı, Nehrəm və Yengicə kənd məktəblərində və İrəvan rus-tatar məktəbində müəllimlik etmiş, 1909-cu ildən 1919-cu ilədək isə İrəvan Dövlət Vergi Palatasında və İrəvan Qəza İnspektorluğu Dəftərxanasında mühasib köməkçisi və kargüzar vəzifələrində işləmişdir. 1918-1920-ci illərdə ­erməni daşnaklarının İrəvanda törətdik­ləri vəhşiliklər nəticəsində o, ata yurdunu tərk etməyə məcbur olmuş, Naxçıvan şəhərində özünə sığınacaq tapmışdır.

Ardını oxu...

  Naxçıvanın Cənubi Qafqazı Yaxın Şərqlə bağlayan qədim yolların kəsişmə nöqtəsində yerləşməsi bölgənin iqtisadi-mədəni inkişafında mühüm rol oynayıb. Tarixən müəyyən mədəni ənənələrə sahib olan Naxçıvanda İslam dininin qəbulu elm və mədəniyyətin müxtəlif sahələrində olduğu kimi, memarlıqda da intibah və çiçəklənməyə səbəb olub.

Ardını oxu...

Fevralın 2-də Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən görkəmli rəssam Bəhruz Kəngərli yaradıcılığına aid olan üç rəsm əsərinin Naxçıvan şəhərindəki Bəhruz Kəngərli Muzeyinə daimi olaraq təhvil verilməsi ilə əlaqədar təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, Azərbaycanda realist rəssamlığın əsasını qoyan Bəhruz Kəngərli incəsənətimizdə realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşmasında mühüm rol oynayıb. Onun yaratdığı rəsmlər, portretlər, mənzərələr, natürmortlar, süjetli kompozisiyalar, teatr dekorasiyaları, karikaturalar, qrafik əsərlər bunun gözəl nümunəsidir. Bu əsərlərin sayı 2000-ə yaxın olsa da, bu günə yalnız 500-ə qədəri gəlib çatıb.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovun Rusiya Federasiyasının paytaxtı Moskvada nüfuzlu “İrs-Наследие-Heritage” jurnalında məqaləsi nəşr olunub.
“Azərbaycan qaynaqları erməni folklorunda” adlanan məqalədə tədqiqatçı-alim ermənilərin tarixboyu Azərbaycan-türk folklorundan istifadə edərək özləri üçün “erməni folkloru” yaratmalarını diqqətə çatdırıb. Məqalədə bu faktların XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış erməni yazıçı və tədqiqatçılarından Nalbandyan, Abovyan, Antonyan, Hakopyan, Miansaryats və digər erməni müəlliflərinin etirafları ilə təsdiqini tapması, xüsusilə diqqəti cəlb edir. Belə ki, milli-mənəvi irsimizə, tariximizə sahib çıxmaq istəyən saxtakar ermənilərin Azərbaycan türklərinin folklorundan dastanlar, bayatılar, aşıq havaları “yaratmaları” elmi sübutlarla ortaya qoyulub.
Elxan Məmmədov tədqiqatında söz yaradıcılığı baxımından kasıb olan bir xalqın qonşu xalqların mənəvi mədəniyyətindən istifadə və sonrakı dövrlərdə bu istifadənin mənimsəmə həddinə çatdığını tutarlı faktlarla, elmi sitatlarla şərh edib.
Məqalə Azərbaycan torpaqlarına, o cümlədən Naxçıvana qarşı əsassız iddialar irəli sürən mənfur ermənilərin iç üzlərinin ifşa olunması və rusdilli oxuculara təqdim edilməsi baxımından mühüm elmi-siyasi əhəmiyyət kəsb edir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR