23 Dekabr 2024, Bazar ertəsi

  Azərbaycan etnoqrafiyasında xalq təqviminin özünəməxsus yeri vardır. Əkinçi və maldar babalarımız tarixən təbiət hadisələrini izləyib, təbiətdə baş verən dəyişikliklər, məişətdə görüləcək işlərə uyğun hər il təkrarlanan bir təqvim hazırlayıblar. Bu təqvimə əsasən əlamətdar günlər xalq bayramına, el şənliyinə çevrilib. Xalq özü bu mərasimlərin həm təşkilatçısı, həm yaradıcısı, həm də tamaşaçısı olub. Xalq yaradıcılığından qaynaqlanan bu folklor nümunələri, etnoqrafik bilgilər emprik yolla nəsildən-nəslə ötürülüb, min illər boyu yaşayıb. İnsanlar bəzən bu adətləri dini inanclarla əlaqələndirirlər. Lakin etnoqrafik tədqiqatlar sübut edir ki, bu mərasimlərin heç bir dini inancla əlaqəsi yoxdur. Bu cür mərasimlərin keçirilməsi ən çox qış aylarında baş verir. Bu isə təsadüfi deyildir. Payızın son günlərindən başlayaraq təsərrüfat işlərindən azad olan insanlar vaxtlarını səmərəli keçirməyə çalışıblar. 

Noyabr ayında vaxtilə təntənəli kerçirilən, lakin unudulmuş Azərbaycan bayramlarının ayinlərini qoruyub saxlayan insanlar Kövsəc, dekabr ayında isə Çillə bayramlarını qeyd ediblər. Yanvar ayının sonunda, bayrama 50 gün qalmış Səddə bayramı keçirilərdi. Səddə bayramı haqda günümüzə çox az məlumat gəlib çatıb. Bəzi tədqiqatçılar bu mərasimin mentalitetimizə uyğun olmadığını, ona görə də unudulduğunu söyləyirlər. Bizə elə gəlir ki, bu mərasim Zərdüşt dini ilə, odla, xüsusən xürrəmilərlə bağlıdır.

Mənbələrin məlumatlarına görə, ta qədimdən Səddə bayramında meydanda ümumi tonqal yandırar, tonqal ətrafında əl-ələ tutub kütləvi rəqs edər, “Novruza 50, biçinə 150 gün qaldı”, – deyərmişlər. “Səddə” sözünün “səd” sözündən yarandığına, qış ilə yay arasında tonqaldan sərhəd çəkməyə işarədir. “Biçinə 150 gün qalmaq” ifadəsi, çox güman ki, Naxçıvanla bağlıdır. Çünki Azərbaycanın aran zonasında iyunun əvvəli, Naxçıvanda isə iyulun əvvəlində taxıl biçininə başlanılır.
Xalqımız həm böyük, həm də kiçik çilləni təntənəli qeyd edir. İnsanlar böyük çilləni rəhmli, qarlı, bərəkətli sayırlar:

Böyük çillə, nar çillə,
Ağ gül üstə qar çilə.
Buğdalara yorğan ol,
Bağçalara bar çilə.

Kiçik çilləni isə amansız, sərt hesab etmişlər. Kiçik çilləyə şeirlər qoşmuş, çillə adına amansız sözlər uydurmuşlar:

Kiçik çillə, vay çillə
Qarlı, dumanlı çillə.
Aşıq Molla Cuma çillə haqqında belə yazır:
Durubsan meydanda özünü çəkib,
Bu meydanda mən aslanam, sən nəsən?
Girərəm ortaya qaş-qabaq töküb,
Çillə kimi qar salanam, sən nəsən?

Xalq təqvimində qışda keçirilən mərasimlərdən biri də Xıdır Nəbidir. Bəzi bölgələrdə buna “Xıdır”, “Xıdıra-Xıdır”, “Xıdır (Xızır) İlyas” da deyirlər. Bu mərasim Naxçıvanda xüsusilə qeyd olunur. Xıdır Nəbi bayramının nə zaman keçirilməsi mübahisəlidir. Lakin bütün türk-müsəlman aləmində Xızır (İlyas Peyğəmbərin digər adı) Peyğəmbərin adı ilə bağlıdır. Xıdır Nəbi mərasimi ilə bağlı bir folklor nümunəsində deyilir:

Xıdır Nəbi, Xıdır İlyas,
Bitdi çiçək, oldu yaz.
Mən Xıdırın quluyam,
Boz atının çuluyam.

Naxçıvanlı etnoqraflar Türkan Qədirzadə, Asəf Orucov da Xıdır Nəbi ilə bağlı dəyərli məlumatlar toplamışlar. Asəf Orucov qeyd edir ki, Anadolu türklərində bayram “Hıdır-Ellez” adı ilə may ayının 6-da, Balkanlardakı müsəlman-türk xalqları arasında isə aprel ayının üçüncü ongünlüyündə keçirilir. Türkiyənin İqdır bölgəsində isə Naxçıvanda olduğu kimi fevral ayında qeyd edilir.
Xıdır Nəbi bayramının nə vaxt qeyd edilməsi mübahisəlidir, Naxçıvan bölgəsinin müxtəlif yaşayış məntəqələrində də fərqli vaxtlarda keçirilir. Türkan Qədirzadə yazır ki, bəzi kəndlərdə Xıdır Nəbi mərasimi 3 dəfə keçirilir. Fevralın 5-i qış yarı olur, fevralın 9-u kiçik çillə yarı olur, fevralın 15-də isə Xızır anadan olduğu gün kimi qeyd edilir.
Asəf Orucov isə yazır ki, Xıdır bayramı fevralın 9-da kiçik çillənin yarısında keçirilir. Şərurun Aşağı Yaycı kəndində fevralın 5-də, Kəngərli rayonunun Çalxanqala və Təzəkənd yaşayış məntəqələrində fevralın 14-15 tarixlərində qeyd edilir.
Naxçıvan şəhəri və ətraf kəndlərdə Xıdır Nəbi kiçik çillənin ikinci cümə axşamı və ya kiçik çillənin yarı olmasına yaxın olan cümə axşamı keçirilir. Babək rayonunun Sirab kəndində isə Xıdır Nəbi kiçik çillənin yarısına yaxın çərşənbə axşamı (eyni çərşənbələr kimi) qeyd edilir. Mərhum professor, folklorşünas Məhərrəm Cəfərli çərşənbə günü keçirilən bayramı “bəy”, cümə axşamı keçiriləni “rəiyyət Xıdır Nəbisi” adlandırırdı.
Xıdır Nəbinin keçirilmə mərasimi, demək olar ki, hər yerdə oxşardır. Adətən, Xıdıra yay dövründən hazırlıq gedir. Çətənə, küncüd, fındıq, şabalıd, noxud, püstə, badam, cəviz, ərik dənəsi, qarpız toxumu tədarük edilir və Xıdır günü qovurulur. Qovurğanın əsasını isə buğda təşkil edir. Qovurğa qarışığına kişmiş, mövüc, iydə, tut qurusu, xurma qarışdırılır.
Qovurğa, əsasən, ağ, yumşaq növ buğdadan hazırlanır. Qovurğa dəstərdə (kirkirə, əl daşı) çəkilir və ya dibəkdə döyülür, qovut hazırlanır. Qovut uzaq səfərə gedən adamlar üçün çörəyi əvəz edən yol azuqəsi kimi də istifadə edilərdi. Qovut axşam pəncərə qabağında sərili qoyulardı ki, gecə Xızır Peyğəmbər qovuta əlini və ya çəliyini vursun. Quru halda qovutu yemək çətin olduğu üçün onu yoğurarlar. Qovut yoğurmaq üçün, əsasən, doşabdan istifadə edirlər. Doşabı bal ilə də əvəz etmək olar. Heç biri olmadıqda isə şəkər şərbəti hazırlayıb şərbətlə yoğururlar.
Xıdır Nəbi və İlaxır (axır çərşənbə) mərasimlərində oxşarlıq vardır. Adətən, papaqatma (şal sallama, torba atma) hər iki bayramda təkrar olunur. Xıdır Nəbi günü uşaqlar qapıları gəzir, torba ataraq Xıdır payı toplayarlar. Bu zaman müxtəlif nəğmələr oxunur:

Xıdıra Xıdır deyərlər,
Xıdıra çıraq qoyarlar.
Xıdıra pay yığmağa
Biz gəlmişik hayınan.
Xızır-xızır xız gətir,
Var dərədən od gətir.

Uşaqlar sonra bir evə toplaşar, səhərə qədər çalıb-oynayar, şənlənərdilər.
Bir məqamı da qeyd etmək istərdik. Pay toplamaq Xıdır Nəbi mərasiminin maraqlı bir elementidir. Bu mərasimi yerinə yetirən uşaqlar məhəllələri öz aralarında bölər, qapıları döyüb torba atardılar. Bəzi ailələrdə isə Xıdır Nəbidə yumurta boyayırlar. Bu bayramda oğlan evindən nişanlı qıza, bəzən də qız evindən nişanlı oğlana, təzə gəlinlərə bayram sovqatı göndərilir. Xıdır Nəbidə də niyyət edib, qulaq falına çıxanlar olur.
Xalqımızın qədim tarixindən süzülüb gələn bu bayramlarımızın təbliğ edilməsi, gələcək nəsillərə çatdırılması vətəndaşlıq borcumuzdur.

Zaleh NOVRUZOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR