23 Dekabr 2024, Bazar ertəsi

Son dövrlərdə Naxçıvanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, regiona turist axınının getdikcə artması, burada fəaliyyət göstərən ali təhsil müəssisələrinin xarici ölkələrin bir çox universitetləri ilə əməkdaşlıq etməsi, yerli məhsullarımızın xarici bazarlara çıxarılması faktları muxtar respublikanın mühüm inteqrasiya yoluna qədəm qoymasından xəbər verir. Bu mənada, tərcüməçilik işinə daha çox ehtiyac duyulur. Doğrudur, bu gün yerli ali təhsil müəssisələrimizdə müxtəlif dillər üzrə ixtisaslı kadrlar yetişdirilir. Ancaq tərcüməçilik elə sahədir ki, buna hər bir vətəndaşın ehtiyacı ola bilər. Yəni tərcümə işi konkret olaraq bir istiqamət üzrə məhdudlaşmır, ona elmi, bədii, metodiki, hüquqi, iqtisadi, mədəni və digər sahələrdə də ehtiyac duyula bilər. Bəs bu ehtiyacın ödənilməsi üçün hazırda mövcud vəziyyət necədir? Elə kiçik bir araşdırma apardıqdan sonra hazırladığımız yazıda da bu suala cavab tapmağa çalışdıq.
Əvvəlcə muxtar respublikamızda bədii tərcümə işi ilə maraqlandıq. Bununla bağlı ilk olaraq Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində olduq. Birliyin sədri Asim Əliyev bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2012-ci ilin oktyabr ayında birliyin nəzdində Tərcümə mərkəzi yaradılıb. Hazırda bu mərkəzə ingilis dili üzrə tanınmış mütəxəssis Şirməmməd Qüdrətoğlu rəhbərlik edir. Mərkəz yaradıldıqdan qısa müddət sonra onun rəhbərliyi ilə muxtar respublikada tərcümə işi ilə məşğul olan şair və yazıçılara xarici dillərdən bir sıra maraqlı əsərlərin dilimizə tərcümə olunması tövsiyə edilib. Bu sahədə mərkəzdə artıq müəyyən işlər aparılıb.

Belə ki, şair və yazıçılarımızdan Həmid Arzulunun alman, Şirməmməd Qüdrətoğlunun ingilis dillərindən etdiyi tərcümələr kitab şəklində oxuculara çatdırılıb. “Dünyaya pəncərə” kitabında toplanan Şirməmməd Qüdrətoğlunun ingilis dilindən tərcümə etdikləri 30-a yaxın şeir və Corc Qordon Bayronun “Dəniz qulduru” poemasından bir parça, Ernest Heminqueyin bir neçə hekayəsi, həmçinin “Qoca və dəniz”, “Əcəl zəngi”, “Əlvida silah” romanları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Həmçinin Vaqif Məmmədovun, Elxan Yurdoğlunun türk poeziyasından tərcümə etdikləri nümunələr ayrıca kitab şəklində oxuculara təqdim olunub.
Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əbülfəz Quliyevin dünya ədəbiyyatı korifeylərindən olan Cəlaləddin Ruminin “Məsnəvi”sini ilk dəfə olaraq dilimizə çevirməsi müsbət dəyərləndirilib. Ali Məclis Sədrinin qayğısı ilə həmin əsər üç kitab şəklində çap olunaraq oxucuların ixtiyarına verilib.
Asim Əliyev bildirdi ki, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, professor Həmid Arzulunun alman ədəbiyyatından tərcümə etdiyi Bertold Brextin “Üç imperiya”, “Cuhud arvad”, “Ədalət məhkəməsi”, Efraim Lessinqin “Əsgər səadəti” dramı oxucular tərəfindən müsbət qarşılanıb, onun tərcümə etdiyi iki əsər Cəlil Məmməd­quluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub. Bundan əlavə, bədii əsərlərin fransız dilindən tərcüməsilə məşğul olan Şamil Zamanın tərcümə etdiyi Pyer-Jan dö Beranje, Viktor Hüqo, Andre Şenye, Şarl Zasayi və digər şairlərin şeirləri öz bədii dəyərinə görə seçilir.
Asim Əliyev onu da qeyd etdi ki, son illər şair və yazıçılarımızın, filoloqlarımızın xarici ölkələrdə bir çox kitabları çap olunub. Onlardan akademik İsa Həbibbəylinin, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, filologiya elmləri doktorları, professorlar Yavuz Axundlu və Hüseyn Həşimli, şairlərdən Elmira Qasımova, Kəmalə Ağayeva, Həmid Arzulu, Vaqif Məmmədov, Xanəli Kərimli, Məmməd Tahir və başqalarının əsərləri ayrıca kitab şəklində Rusiyada, Pakistanda, Ukraynada, Misirdə, Türkiyədə, İranda çap olunub.
Müsahibimiz bildirdi ki, bu gün bədii yaradıcılıqla məşğul olan gənc şairlər də tərcümə sənəti ilə maraqlanırlar. Onlardan Elxan Yurd­oğlunun hazırladığı "Nəqşicahan-Naxçıvan  Naxçıvan mövzulu şeirlər" kitabı Türkiyədə böyük maraqla qarşılanıb. Həmin kitaba Naxçıvana həsr olunmuş 77 şeirin daxil edilməsi türk oxucularında muxtar respublikanın tarixi yerləri, təbiəti ilə bağlı aydın təsəvvür yaradır.
Təqdirəlayiq haldır ki, bu gün muxtar respublikamızda bədii əsərlərin tərcüməsi ilə məşğul olan mərkəz işini günün tələbləri səviyyəsində qurub. Bu isə zəngin ədəbiyyat nümunələrimizin təbliğində, eyni zamanda oxucuların dünya ədəbiyyatının maraqlı nümunələri ilə tanış olmasında əhəmiyyətli rol oynayır.
Lakin bunu da qeyd etmək lazımdır ki, tərcümə işi yalnız bədii əsərlərin tərcüməsi ilə məhdudlaşmır. Bəzən hər birimiz rəsmi sənədlərin, elmi materialların, metodiki dərs vəsaitlərinin tərcüməsinə də ehtiyac duyuruq. Rəsmi sənədlərin tərcüməsi ilə bağlı araşdırma apararkən öyrəndik ki, bu işlə əlaqədar hazırda bir mərkəz fəaliyyət göstərir. Belə ki, sahibkar Azad Bağırovun rəhbərliyi ilə yaradılmış “Tərcümə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu sahədəki tələbatı ödəməyi qarşısına məqsəd qoyub. Öyrəndik ki, burada mütəxəssislər tərəfindən rus, ingilis, alman, fransız, ərəb, fars dillərindən tərcümələr aparılsa da, bəzən digər dillərə də ehtiyac duyulur. Azad müəllim deyir ki, hərdən insanlar çin, yapon və başqa dillərdə olan rəsmi sənədləri, diplomları tərcümə etmək üçün mərkəzə müraciət edir. Lakin bu dillər üzrə mütəxəssislər olmadığından həmin sənədlər tərcümə üçün Bakı şəhərinə göndərilir.
Bu gün Naxçıvanda elmi mühitin inkişafı, müxtəlif sahələrdə aparılan tədqiqatlar da tərcümə işini ön plana çıxarır. Elə bu səbəbdən AMEA Naxçıvan Bölməsi ilə əlaqə saxladıq. Öyrəndik ki, ötən il bölmədə də tərcümə xidməti yaradılıb, ingilis və rus dillərini bilən iki əməkdaş işlə təmin olunub.
Tərcümə işi dövrün tələbinə uyğun olaraq getdikcə daha çox populyarlıq qazanır. Çünki qlobal inteqrasiya istər-istəməz bunu zəruri edir. Doğrudur, bu gün muxtar respublikamızda tərcümə xidmətləri geniş yayılmasa da, bu, əsasən, daxili bazarın tələbatından asılıdır. Ancaq ehtimal etmək olar ki, yaxın gələcəkdə bu sahədə də canlanmanın şahidi olacağıq.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR