Bu günlərdə AMEA Naxçıvan Bölməsinin bir qrup əməkdaşının bir neçə ildən bəri davam edən yorulmaz axtarışlarının və tədqiqatlarının nəticəsi olaraq “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik dizaynda çapdan çıxıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına əsasən çap olunan nəşrin məsul redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir.
Atlasın redaksiya heyətinə nəzər salanda bu sanballı əsərin elmi ağırlığı haqqında yetərincə təəssürat formalaşır. Belə ki, akademik İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvləri – Fəxrəddin Səfərli, Əbülfəz Quliyev, Qadir Qədirzadə, Vəli Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov, filologiya üzrə fəlsəfə doktorları Firudin Rzayev, Əkrəm Hüseynzadə, Rəşad Zülfüqarov, coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəyli, həmçinin Cəfər Əliyev və Fəxrəddin Eylazovun sistemli, ardıcıl və qarşılıqlı fəaliyyəti Qorqudşünaslıq və Naxçıvanşünaslıq elminə bu cür sanballı mənbənin bəxş edilməsi ilə nəticələnmişdir.
Üç dildə – Azərbaycan, rus və ingilis dillərində hazırlanmış kitabda mətnlərin rus dilinə tərcüməsində filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlının, ingilis dilinə tərcüməsində isə filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovun əməyini də xüsusi vurğulamağa ehtiyac vardır.
Atlas haqqında ətraflı söhbət açmazdan öncə qeyd edim ki, hələ 1997-ci il 20 aprel tarixdə xalqımızın ümummilli lideri Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən 1999-cu ildə Naxçıvan şəhərində Dədə Qorqud parkı yaradılmış, Dədə Qorqudun heykəli ucaldılmışdır. Eyni zamanda bir neçə il bundan əvvəl – 2015-ci il 20 fevral tarixdə ölkə başçısı, cənab İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu Sərəncamdan irəli gələn məsələlərlə bağlı təsdiq etdiyi Tədbirlər Planında “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ın hazırlanması da qərara alınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 25 iyul tarixdə imzaladığı Sərəncamla “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmiş, bununla əlaqədar muxtar respublikada ilboyu müxtəlif səpkili tədbirlər həyata keçirilmişdir. AMEA Naxçıvan Bölməsində yaradılan işçi qrupunun heyəti də həmin dövrdən tədqiqatlara başlamış və ona həvalə olunan tapşırıqları yerinə yetirərək haqqında bəhs etiyimiz atlası hazırlamışdır.
Kitaba son söz yazan akademik İsmayıl Hacıyevin qeydlərində də göstərildiyi kimi “Naxçıvan diyarı “Kitabi-Dədə Qorqud” dastanında baş vermiş hadisələrin coğrafiyasında mühüm rol oynamış dastandakı etnoqrafik materialların böyük əksəriyyəti Naxçıvan ərazisində yaşayan Azərbaycan türklərinin məişətində, mədəniyyətində, təsərrüfat həyatında, dini inanclarında, geyim tərzlərində və başqa sahələrdə işlədilən etnoqrafik materiallarla üst-üstə düşür”. Məhz bu mənada “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas” kitabı bütün cəhətləri ilə elmi ağırlığı, araşdırma səviyyəsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Hətta belə demək mümkünsə, bu atlas Qorqudşünaslıq elmində Naxçıvanın yerini və mahiyyətini açıqlamaqla birlikdə Naxçıvanşünaslıq elmində “Kitabi-Dədə Qorqud” dastanı və orada baş verən hadisələrin təsir dairəsini də ortaya qoyur.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanı bütün Türk dünyasına məxsusdur, onun vətəni Azərbaycan, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir” fikri ilə başlayan atlasda daha sonra Naxçıvan Muxtar Respublikasının siyasi-inzibati xəritəsi verilmişdir.
Onu da qeyd edək ki, atlas iki bölmədə oxuculara təqdim olunur. Birinci bölmədə tarixi-coğrafi, ikinci bölmədə isə etnoqrafik atlas öz əksini tapıb. Bundan sonra isə dastanda Naxçıvanla bağlı adıçəkilən yer adlarının hər birinin coğrafi xəritəsi və həmin yerin fotoşəkli də kitaba daxil edilib.
Bu məqamda onu da qeyd edim ki, tərtibçi müəlliflər dastanda Naxçıvanla bağlı adıçəkilən toponimləri üç qrup əsasında tərtib etmişlər: birinci, adları bilavasitə “Kitabi-Dədə Qorqud”da göstərilən coğrafi obyektlər (məsələn: Qaraçuq, Dərəşam, Əlincə qalası, Şərur, Günortac və sair), ikinci, dastanın qəhrəmanlarının və oğuz tayfalarının adlarından törəndiyi güman edilən toponimlər (məsələn: Sədərək, Qaraçoban düzü, Böyükdüz, Qazançı, Qazanköç və sair), üçüncüsü isə əvvəlki iki qrupda qeyd olunan toponimlərdən törəyən mikrotoponimlər (məsələn: Qazan yurdu, Qazan çuxuru, Salaxan dərəsi, Buğaçeşmə dərəsi və sair). Beləliklə, kitabda, ümumilikdə, 51 toponimin coğrafi xəritəsi və fotosu öz əksini tapmışdır.
Kitabın ikinci bölməsində etnoqrafik atlas təqdim olunub. Belə ki, adıçəkilən, eyni zamanda qədim dövrlərdə və hazırda Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı yaşayış bölgələrində istifadə olunan məişət əşyaları, yemək növləri, geyimlər, silahlar, adət-ənənələrlə əlaqəli olan söz və söz birləşmələri, folklor nümunələri müəlliflər tərəfindən bölgədəki işləklilik prinsipi nəzərə alınaraq əlifba sırasına görə atlasa daxil edilmişdir. Xalq yaradıcılığı nümunələrindən “yad oğlu saqalamaqla oğul olmaz”, “oğul dəxi neyləsin, baba ölüb mal qalmasa”, “qız anadan görməyincə öğüt almaz”, “kül təpəcik olmaz” kimi maraqlı nümunələr də daxil olmaqla, 268 söz, söz birləşməsi, ifadə, deyim yer almışdır. Atlasın tərtibçilərinin ən böyük zəhməti həm də ondan ibarət olmuşdur ki, burada verilən hər bir ifadənin muxtar respublikanın hansı bölgəsində istifadə edilməsi, hazırda işlək olması xəritə əsasında tərtib edilərək atlasa daxil edilmişdir ki, bu həm oxucuların, həm də bu sahədə tədqiqat aparan gələcək nəsil araşdırmaçıların işini asanlaşdıran əsas cəhət kimi qeyd oluna bilər.
Onu da vurğulamağa ehtiyac vardır ki, 2 il ərzində muxtar respublikanın bütün yaşayış məntəqələrində axtarışlar aparan alimlər, ümumilikdə, 600-dən çox insanla görüşmüş, söhbət etmiş və toplama fəaliyyətini həyata keçirmişlər. Kitabın sonunda yaşayış yeri üzrə məlumatçıların – informatorların siyahısı yaşadığı kənd, qəsəbə, şəhər üzrə verilmiş, həm də həmin şəxslərin təvəllüd tarixi göstərilmişdir.
“Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ında, ümumilikdə, 320 xəritə, 100-ə yaxın fotoşəkil öz əksini tapmışdır. Azərbaycan, ingilis və rus dillərində nəşr olunan sanballı elmi nəşr dünya elmi mərkəzlərinin öz kitabxanalarına daxil etmək istəyəcəkləri və elm adamlarının üz tutacağı qiymətli və dəyərli mənbə kimi Naxçıvanşünaslıq və Qorqudşünaslığın öyrənilməsində ən mühüm mənbələrdən biri olacaqdır.
Elxan MƏMMƏDOV
filologiya üzrə fəlsəfə doktoru