Naxçıvan Şəhər Şahmat Məktəbində “Ulu öndər Heydər Əliyev gənc rəssamların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin dördüncü turu keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Hökümə Məmmədli çıxış edərək bildirib ki, Azərbaycan mədəniyyətinin, o cümlədən təsviri sənətinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider hakimiyyətdə olduğu bütün dövrlərdə rəssamlığa da böyük diqqət və qayğı göstərib.
Qeyd olunub ki, keçirilən rəsm müsabiqəsi təhsil, mədəniyyət və turizm müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2017-2018-ci tədris ili üçün nəzərdə tutulmuş tədbirlər planına əsasən dahi şəxsiyyətin anadan olmasının 95-ci ildönümünə həsr edilib. Müsabiqə muxtar respublika məktəbləri şagirdlərinin yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi, gənc nəslin mənəvi, bədii və estetik dünyagörüşünün formalaşması, gənclərdə vətənpərvərlik duyğularının daha da gücləndirilməsi məqsədi daşıyır. Ötən il oktyabr ayının sonlarında start verilən müsabiqə davam etdirilib. Bu müddət ərzində muxtar respublikanın bütün rayonlarında müsabiqənin rayon mərhələləri keçirilmişdir. Rayonlar üzrə fərqlənən şagirdlər bu ilin aprel ayında yekun mərhələdə iştirak edəcəklər.
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov ölkəmizdə ulu öndər Heydər Əliyevə həsr olunmuş təsviri incəsənət əsərləri və heykəltəraşlıq nümunələri haqqında müsabiqə iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, son illər Naxçıvan rəssamları da ulu öndərə həsr olunmuş çoxsaylı təsviri incəsənət nümunələri yaratmışlar.
Sonra gənc rəssamların çəkdikləri rəsmlər münsiflər heyətinin iştirakı ilə qiymətləndirilib. Naxçıvan şəhəri üzrə keçirilən müsabiqənin bu mərhələsində Məhəmməd Həsənli (14 nömrəli tam orta məktəb) I, Mehdi Cavadlı (1 nömrəli tam orta məktəb), Cabbar Əliyev (8 nömrəli tam orta məktəb) II, Seymur İbrahimbəyli (3 nömrəli tam orta məktəb), Raul Axundov (5 nömrəli tam orta məktəb) III yerlərə layiq görülüblər. Qaliblər müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıblar. Müsabiqədə fərqlənən 5 şagird isə fəxri fərmanlarla təltif olunub.
Qeyd edək ki, Naxçıvan Dövlət Rəsm Qalereyası və muxtar respublikanın rayon təhsil şöbələrinin birgə təşkil etdikləri müsabiqənin bundan əvvəlki mərhələləri bütün rayonlarda keçirilib.
Müsabiqədə rəsm çəkmək bacarığı olan VI-XI sinif şagirdləri iştirak edirlər. Qaliblər və fərqlənənlər Naxçıvan şəhərində keçiriləcək yekun tədbirdə iştirak edəcəklər.
Əli RZAYEV