Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyət, görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi ölməz əsərləri ilə dünya şöhrəti qazanmışdır. Nizami Gəncəvinin adı dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkilir. Nizami Gəncəvi (1141-1209) də Dante, Servantes, Şekspir, Əbdürrəhman Cami, Əlişir Nəvai, Məhəmməd Füzuli, Balzak, Viktor Hüqo kimi mənsub olduqları xalqın milli iftixarı olan sənətkar olmaqla bərabər, həm də dünya ədəbiyyatını yüksək səviyyədə təmsil edir.
Dünyanın harasından, Şərqdən, yoxsa Qərbdən baxılmasından asılı olmayaraq, Nizami Gəncəvi şeir-sənət səmasında günəş kimi parlayır. Bütövlükdə, mədəni dünya Nizami Gəncəvini dahi şair, qüdrətli sənətkar, bəşəri təfəkkürə malik böyük mütəfəkkir kimi qəbul edir. Bu mənada, Nizami Gəncəvi söz sənətinin möhtəşəm bahadırıdır. Onun əsərlərində dünyanın bir çox ölkələrinin və xalqlarının həyatından alınmış ibrətamiz süjetlər və işıqlı, düşündürücü obrazlar vardır. Ölməz sənətkarın “Xəmsə” adlanan məşhur poemaları sanki Qərbin və Şərqin ədəbiyyat ensiklopediyasıdır. Yunanıstandan Hindistana, Ərəbistandan Rusiyaya, İrandan Balkanlara qədərki geniş məkanın hadisələri və şəxsiyyətlərini Nizami Gəncəvi böyük məharətlə ədəbiyyata həkk etmişdir. Böyük fateh Makedoniyalı İsgəndərin az qala dünyanın yarısını əhatə edən yürüşlərini heç bir sənətkar dünya ədəbiyyatında Nizami Gəncəvi miqyasında yüksək bədii səviyyədə işıqlandıra bilməmişdir. Nizami Gəncəvinin bir sənətkar kimi şöhrətini daha çox Makedoniyalı İsgəndərlə müqayisə etmək olar. İsgəndərin qılıncla fəth etdiyi ölkələri Nizami Gəncəvi qələmlə ram etmişdir. Bu mənada, Nizami Gəncəvi dünya ədəbiyyatının Makedoniyalı İsgəndəridir. O, Azərbaycan ədəbiyyatına Makedoniyalı İsgəndər şöhrəti qazandırmışdır. Makedoniyalı İsgəndərin bir xidməti də Qərb anlayışını Şərq xalqlarına çatdırmaq olduğu kimi, Nizami Gəncəvinin dünya dillərinə tərcümə edilmiş əsərləri vasitəsilə Avropa xalqları geniş şəkildə Şərqi tanımaq imkanı qazanmışlar. Bu mənada, Nizami Gəncəvi Şərq dünyasının və Azərbaycanın Qərb ölkələrində və ümumən, dünyada ən böyük bələdçisidir.
Nizami Gəncəvi 1141-ci ildə Azərbaycanın qədim Gəncə şəhərində anadan olmuşdur. Tarixboyu Gəncə şəhəri həmişə Azərbaycana aid olmuş, bu şəhərdə azərbaycanlıların ulu babaları olan oğuz tayfaları yaşamışlar. Özünə Nizami Gəncəvi təxəllüsü qəbul etmiş İlyas Yusif oğlu Gəncə şəhərində mədrəsə təhsili almış, həyatını, əsasən, bu şəhərdə keçirmişdir. Ehtimala görə, o, çox az hallarda Gəncə şəhərindən kənara çıxmışdır. Şairin Gəncədən çıxaraq getdiyi yerlərdən birinin Həmdünyan kəndi olduğunu iddia edirlər. “Xosrov və Şirin” poemasında yazıldığına görə, Nizami Atabəy Qızıl Arslan tərəfindən 1187-ci ildə ona bağışlanmış bu kəndə getmiş, “gəlirindən artıq onun xərci” olan cəmi “yarımca ağac”lıq” bu kəndin ona ərməğan edilməsindən razı qalmamışdır.
Tədqiqatçıların əksəriyyəti Həmdünyan kəndinin bağışlanması faktının Qızıl Arslanın Nizami ilə Gəncə şəhəri ətrafındakı görüşü zamanı baş tutduğu qənaətindədir. Bununla belə, həmin tarixi görüşün Gəncə yaxınlığında deyil, Gəncə şəhəri ilə Təbriz arasındakı ortaq bir məntəqədə baş verdiyini ehtimal edən mülahizələr də vardır. Görkəmli Nizamişünas alim, professor Rüstəm Əliyevə məxsus olan bu mülahizəyə əsasən Nizami Gəncəvi Qızıl Arslanla Naxçıvan ərazisindəki məşhur Batabat yaylağına yaxın bir yerdə – Zəngəzur mahalına aid Şəki kəndi ətrafında görüşmüşdür. Tədqiqatçı Əjdər Fərzəli isə həmin görüşün marşrutunu da müəyyən etmişdir: Gəncə-İstisu-Naxçıvan. Bütün hallarda Nizami Gəncəvinin Qızıl Arslanla tarixi görüşü Azərbaycan coğrafiyasına aid olan ərazidən kənarda deyildir.
Yeri gəlmişkən deyək ki, Nizami Gəncəvinin dövrünün görkəmli sənətkarı, böyük müasiri, Şərq memarlıq məktəbinin yaradıcısı və ən böyük nümayəndələrindən biri Əcəmi Əbubəkr oğlu Naxçıvani ilə görüşməsinə dair də ehtimallar vardır. Fikrimizcə, bir çox səbəbdən bu iki nəhəng sənətkarın görüşməsi haqqındakı mülahizələr məntiqə uyğundur. Memarlığın daş “Xəmsə”sini yaratmış böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin onunla eyni dövrdə yaşamış söz sənəti “Xəmsə”sinin qüdrətli yaradıcısı Nizami Gəncəvi ilə görüşməsi bu iki böyük dühanın bir-birinin yaradıcılığına və xidmətlərinə hörmət və ehtiramının ifadəsi deməkdir. Eyni əsrdə, vahid ölkə daxilində yaşayan bu qədər nəhəng sənətkarların bir-birini görməyə, tanımağa ehtiyac duymamaları qeyri-mümkündür. Bu mütəfəkkir simaların hər ikisinin Azərbaycan Atabəylər dövlətinə yaxın olmaları da onların görüşünü şərtləndirir. Atabəylər dövlətinin paytaxtının Gəncədən Naxçıvan şəhərinə köçürülməsi iki böyük dühanın görüşünün Naxçıvan ərazisində baş tutmasını düşünməyə əsas verir. XIX əsrin tanınmış rus rəssamı A.Bondarenko da Nizami Gəncəvi ilə Əcəmi Əbubəkr oğlu Naxçıvaninin görüşünə dair geniş yayılmış rəsm əsərində fonda Naxçıvan məqbərəsinin görüntülərini canlandırmışdır. Azərbaycanın xalq şairi Nəriman Həsənzadənin “Atabəylər” tarixi dramında da Nizami Gəncəvi ilə memar Əcəminin Naxçıvandakı görüşü qələmə alınmışdır.
Nizami Gəncəvinin tərcümeyi-halı qədim Azərbaycan əraziləri olan Gəncə ilə yanaşı, Bərdə, Naxçıvan, Dərbənd şəhərləri, Həmdünyan və Şəki kəndləri kimi Azərbaycan coğrafiyasına aid olan yaşayış məntəqələri ilə bağlı olmuşdur.
Ailə qurduğu “qıpçaq gözəli” Afaqın Azərbaycanın tarixi ərazilərindən sayılan Dərbənd şəhərindən olması Nizami Gəncəvinin azərbaycanlı ailəsi qurması faktını təsdiq edir. Dahi şair “İsgəndərnamə” poemasında Dərbənd qalasını da ilhamla tərənnüm etmişdir:
Burda bir qala var ki, cənub yeli,
Əssə də o yerə uzanmaz əli.
Minadan bir daşdır, saçar müşk, ənbər,
Həm gözəl, həm şəndir, bir cənnət qədər.
Qıpçaq gözəli Afaq xanım Nizami Gəncəviyə Dərbənd hakimi Müzəffər ibn Məhəmməd Arslan ibn Xələf əs Sultan tərəfindən göndərilmişdir. Bu nikahdan Nizaminin Məhəmməd adlı oğlu dünyaya gəlmişdir. Nizami Gəncəvi ayrı-ayrı əsərlərində oğlu Məhəmməddən bəhs edərək, onu “gözümün nuru”, “dilimin əzbəri”, “ömrümün ilk gülü”, “ağız ləzzətim”, “ciyərparəm”, “ilk piyalam” kimi vəsf etmişdir. Rəvayətə görə, oğlu Məhəmməd də atası kimi şair olmaq istəmiş, hətta şeirlər də yazmışdır. Lakin Nizami Gəncəvi oğluna həkim olmağı məsləhət bilmişdir:
Şeirdən ucalıq umma dünyada,
Çünki Nizamiylə qurtardı o da.
Hərçəndi sənətin çox rütbəsi var,
Həyatda faydalı bir elmi axtar.
…Elmlər elmidir demiş peyğəmbər,
Din elmi, təbabət elmi müxtəsər.
…İsa mərifətli həkim ol, amma,
İnsanı öldürən bir həkim olma.
…Həyat da, ölüm də qul olar sana,
Səadət və şöhrət düşər payına.
Nizami Gəncəvinin müxtəlif əsərlərində öz əksini tapmış oğlu Məhəmmədə nəsihətləri, ümumən, Azərbaycan ədəbiyyatında nəsihətnamə janrında yazılmış dəyərli poetik nümunələrdir. Bu dərinmənalı nəsihətlər neçə yüz illərdir ki, həm Azərbaycanda, həm də dünyada yeni nəsillərin yetişib formalaşmasına öz töhfəsini verir.
Nizami Gəncəvi dünya ədəbiyyatında “Xəmsə” adı ilə tanınan 5 məşhur poeması ilə böyük şöhrət qazanmışdır. İlk növbədə, onu qeyd etmək lazımdır ki, Nizami Gəncəvi Şərq ədəbiyyatında, türk-müsəlman dünyasında “Xəmsə” (“Beşlik”) adlanan poemalar silsiləsinin əsasını qoymuşdur. Böyük ustad sənətkardan sonra “Xəmsə” yaratmaq Şərq ədəbiyyatında ənənəyə çevrilmiş, bir çox xalqların şairləri “Beşlik” poemalar yaratmışlar. Fars-tacik ədəbiyyatında Əbdürrəhman Cami, cığatay poeziyasında Əlişir Nəvai, Hindistanda Əmir Xosrov Dəhləvi və başqaları Nizami Gəncəvinin yolunu davam etdirərək “Xəmsə”lər yazmış, bu böyük işi əsrlərdən-əsrlərə daşımışlar.
Qüdrətli sənətkarın “Xəmsə”sinə daxil olan ilk əsəri 1174-cü ildə yazılmış “Sirlər xəzinəsi” poemasıdır. Cavan yaşlarında yazılmasına və birinci böyük əsəri olmasına baxmayaraq, “Sirlər xəzinəsi” poeması Nizami Gəncəvinin həyata və ədəbiyyata bələdlik mənasında, həqiqətən, sirlər xəzinədarı olduğunu göstərir. Poemada verilmiş 20 məqalədə (hekayədə) Nizami Gəncəvi dövrünün ən aktual məsələlərini təsvir etmiş, bədii sənətin ali qayələrini diqqətə çatdırmışdır. Nizami Gəncəvini bütün yaradıcılığı boyu düşündürən humanizm və bərabərlik, ədalətli hökmdar və xalq, əməkçi insan və mənəvi kamillik, sərvət və şəxsiyyət kimi böyük ictimai mətləblər ilk dəfə “Sirlər xəzinəsi” əsərində öz əksini tapmışdır. Şairin bu əsərdə yaratdığı Kərpickəsən kişi obrazı nəinki Azərbaycan poeziyasında, geniş mənada, Şərq ədəbiyyatında yeni idi. Bu mənada, “Sirlər xəzinəsi” poeması Nizami Gəncəvi yaradıcılığının ədəbi proqramıdır. Dahi şairin sonrakı ölməz əsərlərindəki mövzuların və ideyaların mütləq əksəriyyəti “Sirlər xəzinəsi”ndən qida alır.
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması (1180) Şərq ədəbiyyatında meydana çıxmış mükəmməl mənzum romandır. Dahi şair bu əsərində mövzunu hökmdarların həyatından alsa da, sələflərindən və müasirlərindən fərqli olaraq böyük eşq dastanı yaratmışdır.
“Xosrov və Şirin” poemasında ilahi eşqin fonunda bir çox ictimai mətləblərdən bəhs olunmuş, dövlət, cəmiyyət və xalq münasibətləri ibrətamiz hadisələr və yaddaqalan bədii obrazlar vasitəsilə canlandırılmışdır. Nizami Gəncəvi Fərhadın Şirinə olan pak sevgisi əsasında əsl məhəbbətin insanı ucaltmaq qüdrətini göstərmişdir. Dahi şair əsərdə Xosrov Pərvizlə Şirinin macəralarının işığında isə eşqin hökmdarı da dəyişib kamilləşdirmək imkanlarını isbat etmişdir. Bundan başqa, Nizami əsərdə mahir daşyonan Fərhadın timsalında əməkçi insanın böyük obrazını yaratmışdır.
Nizami Gəncəvinin 1188-ci ildə yazdığı “Leyli və Məcnun” poemasında insanın mənəvi dünyasının zənginlikləri parlaq və təsirli bədii vasitələrlə canlandırılır. Bu əsərdə Nizami Gəncəvi eşqin qüdrətini iki gəncin ilahi sevgisi vasitəsilə tərənnüm etmişdir. “Leyli və Məcnun” poeması Leylinin elegiyası, Məcnunun dastanıdır. Böyük sənətkarın Azərbaycan ədəbiyyatına gətirdiyi bu mövzu bütün Şərq aləmində məşhurlaşmış, sonrakı dövrlərdə yeni-yeni əsərlərin meydana çıxmasına səbəb olmuşdur.
Dahi şair “Yeddi gözəl” poeması ilə (1196) dünya xalqlarının həyatına və bəşər mədəniyyətinə dərindən bələd olan böyük sənətkar olduğunu nümayiş etdirir. Poemada təsvir edilən Bəhram şahın yeddi ölkənin şahzadəsi ilə söhbətləri Nizami Gəncəvinin bilik və dünyagörüşünün geniş miqyasını təsəvvür etməyə imkan verir. “Yeddi gözəl” əsəri ideal insan və kamil həyat haqqında yazılmış mükəmməl mənzum romandır.
Fikrimizcə, 1197-1200-cü illərdə yazdığı məşhur “İsgəndərnamə” poeması Nizami Gəncəvi sənətinin ümumiləşmiş möhtəşəm yekunudur. “İsgəndərnamə” Nizami Gəncəvi yaradıcılığının zirvəsində dayanır. Bu əsərlə Nizami antik yunan elm və mədəniyyəti ənənələrini yenidən dirçəldərək, mövzunu Azərbaycan təfəkkürü və gerçəkliyi ilə uzlaşdıraraq ədəbi mühitə, bədii əsərə gətirmişdir.
“İsgəndərnamə” Azərbaycan ədəbiyyatında janr baxımdan ilk diologiyadır. Əsərin birinci hissəsi olan “Şərəfnamə”də Makedoniyalı İsgəndərin hərbi yürüşlərinin fonunda Nizami Gəncəvinin ədalətli hökmdar və ideal cəmiyyət axtarışlarına dair görüşləri öz əksini tapmışdır. “İqbalnamə” hissəsində isə şair mütəfəkkir baxışlara malik dövlət xadimi olan İsgəndərdən bəhs edir. Nizami Gəncəvi “İqbalnamə”də dövlətin idarə olunmasında ellin amilinin rolunu ön mövqeyə çəkmişdir. Əsərdə Makedoniyalı İsgəndərin dövrünün görkəmli alimləri olan Platon, Aristotel, Sokrat və başqa alimlərlə söhbətləri və məsləhətlərinin təsviri ideal cəmiyyətin formalaşmasında müdriklik və kamilliyin əhəmiyyətini təsdiq etməyə imkan verir.
Nizami Gəncəvinin yaradıcılığında onun lirikası xüsusi yer tutur. Şairin lirik şeirlərində kiçik epik cizgilər nəzərə çarpır. O, qəribə, macəra təəssüratı yaradan süjetvarı fon zəminində lirik ovqatın ən incə və dərin təzahürlərini tərənnüm edir. Nizami Gəncəvinin lirikası dərin və nəcib insan düşüncələrinin bədii tərcümanı olan yaddaqalan və təsirli sənət nümunələridir. Dərin lirizm, həyata və insana obrazlı poetik baxış onun şeirlərinin səciyyəvi xüsusiyyətləridir. Nizami Gəncəviyə məxsus məşhur “Sənsiz” qəzəlində sənsizliyin mənalı, həyəcanlı, düşündürücü ovqatı səmimi şəkildə mənalandırılmışdır. Şairin “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi” misrası ilə başlayan qəzəli şeirlə yazılmış kiçik mənzum novella təsiri bağışlayır.
Nizami Gəncəvi 1209-cu ildə Gəncə şəhərində vəfat etmiş və orada dəfn olunmuşdur. Hazırda dahi şair və mütəfəkkirin məzarı üzərində onun xatirəsinə möhtəşəm məqbərə ucalır.
Nizami Gəncəvinin dünyaya, bütün bəşəriyyətə məxsus olması barədə heç bir mübahisə, fikir ayrılığı yoxdur. Bu mənada, Qərb də, Şərq də Nizamidən ümumbəşəri idealları özündə əks etdirən əsərlərin dahi yaradıcısı kimi ürəkdolusu söz açır. Lakin təəssüf ki, hələ də Nizaminin fars-tacik, yaxud fars ədəbiyyatını təmsil etməsi və ya ümumi şəkildə müsəlman xalqlarına aid şair olması fikrini irəli sürən bəzi mülahizələr mövcuddur. Və bu qəbildən olan fikirlərin sahiblərinin ən çox istinad etdikləri amil dil faktorudur. Halbuki Nizami Gəncəvinin yaşadığı XII-XIII əsrlərdə fars dilində yazıb-yaratmaq təkcə Azərbaycanda deyil, Anadoluda, Qafqazda, Orta Asiyada, Hindistanda, ümumən, Şərq xalqlarının ədəbiyyatlarında qəbul olunmuş qaydalardan biri idi. Şərqdə uzun əsrlər, o cümlədən Nizaminin zamanında da “fars dili şeir dili, ərəb dili elm dili, türk dili isə hərb dili” kimi qəbul edilmişdi. Qoca Şərqin böyük dühası olan onlarla şairlər və alimlər mənsub olduqları xalqların dilində deyil, ərəb-fars dillərində yazıb-yaratmışlar. Hətta öz zamanında bunun bir çox üstünlükləri də var idi. Əvvəla, ərəb-fars dillərində elmi-ədəbi əsərlər yazmaqla görkəmli sənətkarlar, geniş mənada, ümumşərq məkanında oxunmaq, tanınmaq imkanları qazanmışlar. İkincisi, bu dillərdə danışan xalqlar avropalılara bəlli olduqları üçün ərəb-fars dilində yazıb-yaratmaq sənətkarların Qərbə çıxışlarına da münasib şərait yaratmışdır. Üçüncüsü, ərəb-fars dillərini bilməklə Nizamilər Şərq xalqlarının tarixini, ədəbiyyatlarını və mədəniyyətlərini öyrənmək, əsərlərinin mövzularını, süjetlərini və qəhrəmanlarını çox geniş ictimai-tarixi mühitdən almaq imkanı əldə etmişlər. Beləliklə, Azərbaycanda ədəbiyyatın əhatə etdiyi coğrafiyada təbii olaraq fars dili daha geniş məkanı özündə cəmləşdirmişdir. Bu mənada, Nizami Gəncəvi Şərqin qüdrətli sənətkarıdır – dedikdə, ən azı aşağıdakılar nəzərdə tutulur: Nizami İslam dininə mənsub olan böyük şairdir; O, ilk növbədə, Şərq aləmində tanınıb şöhrət qazanmışdır; Onun əsərlərində Şərq xalqlarının həyatı özünün geniş bədii əksini tapmışdır; Nizami Gəncəvi Şərq ölkələrində qəbul olunmuş dildə yazıb-yaratmışdır; Şairin əsərləri Şərqdə daha çox oxunur… Türk-müsəlman dünyasında sanki hər xalq Nizami Gəncəvinin əsərlərində öz taleyini görür, çarəsini axtarıb tapa bilir.
Bütün bunlarla bərabər, Nizami Gəncəvinin Azərbaycan xalqına mənsub sənətkar olması şəksizdir. O, dünya ədəbiyyatının və Şərqin görkəmli sənətkarı olmaqla bərabər, həm də konkret olaraq qədim tarixə malik olan Azərbaycan xalqının böyük oğlu, qüdrətli şairi və görkəmli mütəfəkkiridir.
Nizami Gəncəvinin əsərlərində Azərbaycan mövzusunun özünəməxsus yeri vardır. Azərbaycanın qədim Bərdə şəhərini vəsf etdiyi məqamlarda şairin Vətən sevgisi aşkar nəzərə çarpır. “Xosrov və Şirin” poemasında Kəpəz dağının, “İsgəndərnamə”də Dərbənd qalasının təsvirində də Nizami Gəncəvinin doğma Azərbaycana dərin məhəbbəti yüksək bədii səviyyədə ifadə olunmuşdur.
Nizami Gəncəvinin Bərdə hökmdarı Nüşabəyə münasibətində də eyni doğmalıq hiss olunur. Şair özünün ədalətli hökmdar konsepsiyasını Azərbaycan hökmdarı Nüşabə obrazı ilə yeni çalarlarla zənginləşdirmişdir. Bəlkə də, Bərdə hökmdarı Nüşabə Nizami Gəncəvinin düşündüyü ideal hökmdar obrazının yekunudur. Dünyanı fəth etmiş Makedoniyalı İsgəndəri özünün ağıllı fikirləri ilə heyrətləndirməyi bacarmış Azərbaycan qadın hökmdarı Nüşabəni şair rəğbətlə vəsf etmiş, onun aydın bədii obrazını yaratmışdır:
Ağıllı, tədbirli olması, müdrikliyi ilə dünyaca məşhur olan Makedoniyalı İsgəndəri mat qoyması Nizami Gəncəvinin Azərbaycan hökmdarı Nüşabənin timsalında əsl ədalətli hökmdar obrazını yaratdığını düşünməyə əsas verir.
Nizami Gəncəvinin Şirvanşah Axsitanın “Leyli və Məcnun” mövzusunda fars dilində əsər yazdırmaq təklifini qəzəblə qarşılaması faktı da şairin azərbaycanlı olmasını təsdiqləyən amillərdəndir. Şirvanşah Axsitanın məktublarından “Türk dili yaraşmaz şah nəslimizə, Əskiklik gətirər türk dili bizə” kimi misraların Nizami Gəncəvini narazı salması şairin azərbaycanlı olduğunu açıq şəkildə göz önünə gətirir. “Leyli və Məcnun” poemasında həmin münasibətlə yazılmış aşağıdakı misraları yalnız azərbaycanlı şair ifadə edə bilərdi:
Qulluq halqasına düşdü qulağım,
Qan vurdu beynimə, əsdi dodağım.
Nə cürətim vardı ki, evdən qaçım,
Nə də gözüm vardı xəzinə açım.
Ömrüm viran oldu, solub-saraldım,
Bu əmrin önündə cavabsız qaldım.
Məlum olduğu kimi, Nizami Gəncəvi Şirvanşah Axsitanın tapşırığına yalnız oğlu Məhəmmədin xahişindən sonra əməl etmişdir.
Böyük Azərbaycan şairi Nizami Gəncəvi ölməz əsərlərini, o cümlədən məşhur “Leyli və Məcnun” poemasını fars dilinin Azərbaycan ləhcəsində qələmə almışdır. Dahi şairin əsərlərinin öz dövründə və vəfatından dərhal sonra köçürülmüş əlyazmaları Azərbaycan ləhcəsi ilə fars dilində qələmə alınmışdır. Şairin əsərlərinin XIII əsrə aid əlyazmalarında fars dilinin Azərbaycan ləhcəsi hiss olunacaq səviyyədə qorunub saxlanılmışdır. Lakin sonralar farsdilli katiblər Nizami Gəncəvinin əsərlərinin üzünü köçürərkən Azərbaycan ləhcəsini “redaktə” edərək aradan qaldırmışlar. Dünya arxivlərində isə şairin XIV əsrdən sonrakı əlyazmaları geniş yer tutur. Nizami Gəncəvinin “Xəmsə”sinin fars dilində Azərbaycan ləhcəsində yazılmış əlyazmaları indi də dünya muzeylərində və kitabxanalarında saxlanılır. Böyük sənətkarın əsərləri kitab halında nəşr olunarkən farsdilli katiblərin köçürdükləri əlyazmalara üstünlük verildiyi üçün Azərbaycan ləhcəsinin izləri itmişdir.
Tədqiqatçılar Nizami Gəncəvinin fars dilində yazılmış əsərlərində şairin öz ata-anasının türk olması haqqında da məlumat verildiyini diqqət mərkəzinə çəkirlər. Şairin atası Yusif Zəki və anası Rəisə xanım türk milli kimliyinə mənsub idilər. Nizaminin əsərlərində fars dilində yazılmış “Rəiseye-qord” kəlməsi igid, yaxud vüqarlı, qürurlu Rəisə mənasını daşıyır. Atası Yusif Zəki Gəncə şəhərində sənətkarlıqla məşğul olmuşdur. Bəlkə də, şairin “Kərpickəsən kişinin dastanı”ndakı böyük məhəbbətlə yaradılmış usta, bənna obrazı onun doğma atasının prototipidir.
Nizami Gəncəvinin müasirləri ilə əlaqələri də onun Azərbaycanda yaşayıb-yaratdığını yəqinləşdirməyə əsas verən dəlillərdəndir. Bu cəhətdən Nizami Gəncəvi-Xaqani Şirvani münasibətləri xüsusi əhəmiyyətə malikdir. Müşahidələr göstərir ki, Nizami Gəncəvi böyük azərbaycanlı müasiri Xaqaninin (1120-1199) yaradıcılığına rəğbət bəsləmiş, onu qəlbinə yaxın sənətkar kimi qəbul etmişdir. Hətta bir rəvayətdə Nizami Gəncəvinin müasiri Əfzələddin Xaqaninin vəfatı ilə əlaqədar mərsiyə yazması faktı öz əksini tapmışdır.
Dahi şairlə, təxminən, eyni dövrdə yaşayıb-yaratmış məşhur təzkirəçi Dövlətşah Səmərqəndi “Daneşmandani-Azərbaycan” təzkirəsində Nizami Gəncəvinin Azərbaycan dilində yazılmış “Divan”ının olması barədə məlumat vermişdir. Təəssüf ki, həmin “Divan” itmiş, dövrümüzə qədər gəlib çatmamışdır.
Məzarının Gəncə şəhərində olması da Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu təsdiqləyən mühüm faktlardandır.
Nizami Gəncəvinin zəngin və mənalı yaradıcılığı Şərq intibah mədəniyyətinin əhəmiyyətli hadisəsidir. Şairin ölməz əsərləri dünya ədəbiyyatı xəzinəsinin qiymətli sərvətidir. Nizami Gəncəvi Azərbaycan xalqının ümumdünya mədəniyyətinə bəxş etdiyi böyük düha və qüdrətli sənətkardır.
Nizami Gəncəvinin ölməz “Xəmsə”si orta əsrlərdə və XIX əsrdə əlyazma halında Azərbaycanda və Şərq ölkələrində geniş yayılmışdır. Şair “Xəmsə”yə daxil olan əsərlərindən hər birinin əlyazmasını Şərq ölkələrinin hökmdarlarına göndərmişdir. Bu əsərlər müxtəlif ölkələrin saraylarında, rəsmi dairələrində oxunub müzakirə mövzusuna çevrilmişdir. Beləliklə, Nizami Gəncəvini hələ öz dövründə geniş dairədə, Şərq miqyasında nəinki tanımış, qüdrətli sənətkar kimi qəbul etmişlər. Hazırda dünyanın ən məşhur muzeylərində və kitabxanalarında Nizami Gəncəvinin əsərlərinin əlyazma nüsxələri saxlanılır. Dahi şairin əsərləri əlyazma halında Azərbaycanda da yayılmışdır. Nizami Gəncəvinin əsərləri hər bir azərbaycanlı üçün əvəzsiz hədiyyə hesab olunmuşdur. Bu, indi də belədir.
Göründüyü kimi, dünya şöhrətli dahi Nizami Gəncəvi, hər şeydən əvvəl, böyük Azərbaycan şairi və mütəfəkkiridir. Bu qüdrətli sənətkarı Azərbaycan xalqı dünyaya bəxş etmişdir. Nizami Gəncəvinin əsərləri dünyanın əksər mədəni xalqlarının dillərinə tərcümə olunmuşdur. Bəlkə də, Nizami dünya ədəbiyyatında xarici dillərdə ən çox oxunan nadir sənətkarlardandır. Nizami irsinin tədqiqi ilə də az qala bütün dünya məşğuldur. Nizamişünaslıq dünya şərqşünaslıq elminin məxsusi bir istiqamətinə çevrilmişdir. Nizami Gəncəvinin haqqında ayrı-ayrı dillərdə yazılmış kitablardan və dahi sənətkarın müxtəlif dillərə tərcümə olunmuş əsərlərindən nəhəng bir kitabxana yaratmaq mümkündür. Bu dahi sənətkar haqqında uzun əsrlər ərzində ən çox elmi əsərlər şairin Vətəni Azərbaycanda yaradılmışdır. Azərbaycan dünya Nizamişünaslıq elminin əsas mərkəzidir. Bununla belə, hansı dildə yazıb-yaratmasından, hansı ölkədə öyrənilib-oxunmasından asılı olmayaraq, Nizami Gəncəvinin əsərləri azərbaycanlı ruhunun yüksək bədii ifadəsindən ibarətdir. Nizami Gəncəvi dünya ədəbiyyatında Azərbaycanın qüdrətli təmsilçisi, böyük elçisidir. Azərbaycan xalqı Nizami Gəncəvi kimi ölməz sənətkarı ilə haqlı olaraq fəxr edir.
Dahi şair əsərlərində elmi, istedadı və zəhmətkeşliyi, mənəvi kamilliyi, insanpərvərliyi var gücü ilə təbliğ etmişdir. Nizami Gəncəvi bu fikirdə idi:
Çox iti zehinlər yatan oldular,
Axırda saxsı qab satan oldular.
Nizaminin fikrincə, şüurlu əmək, məsuliyyət, zəhmət insanı ucaldan əsas həyati mənbədir. O, yazırdı ki:
Qana qəltan etsə də, səni zəhmət tikanı,
Çalışmaqdan usanma, işə alışdır canı.
Öz halal zəhmətində namuslu insan sayıl,
Hər yetənə alçalma, əl açıb olma sail!
Bir sözlə, Nizami Gəncəvinin zəngin yaradıcılığı indiki və gələcək nəsillər üçün də ən faydalı həyat və ədəbiyyat dərsləri, faydalı və ibrətamiz öyüdnamələrdir.
Kimdir Nizami Gəncəvi?
Bu suala verilmiş ən yüksək cavab belədir: Şeyx Nizami!
Qədim dövr və orta əsr fəlsəfi təliminə görə Şeyx ya torpaq sahibi, ya da qəbilə başçısı, yaxud da ruhani atadır. Lakin Nizaminin timsalında Şeyx kəlamı daha çox mənəvi ucalığı fəth etmiş ağıl və kamal sahibi, öz sözlərilə desək, “könül mülkünün sultanı” deməkdir.
Şeyx Nizami Gəncəvi böyük mütəfəkkirdir. Dövlətşah Səmərqəndi onu sadə və təvazökar həyat keçirən, çox iti zehinli, bilikli və məlumatlı bir şəxs kimi qiymətləndirmişdir. O, şairin yaradıcılığından bəhs edərkən, Nizamini “Xərabatın bülbülü” adlandırmışdır. Xərabat “huşyar adamların yığınaq yeridir”. Qədim və orta əsr şairləri içərisində Nizami Gəncəvi qədər ağıl və kamalın qüdrətinə möhkəm inam bəsləyən sənətkar tapmaq çətindir:
İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
Kim ki, yetişmədi ağıldan bara,
Oxşar insan sifət əjdahalara.
Və yaxud:
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz!
Sələfi Şeyx Əbülqasım Firdovsi, necə deyərlər, hərb və sülh şairi idi. Xələfi Məhəmməd Füzulini bütün dünya qəlb şairi kimi tanıyır. Nizami Gəncəvi cəng ədəbiyyatı ilə, əməllə qəlb arasında ağıl zirvəsidir.
Nizami Gəncəviyə “Pənc gənc” şairi deyənlər də olmuşdur. Bu sözləri onun məşhur “Xəmsə”sinə və özünə də aid edirlər. Yəni yazdığı beş möhtəşəm əsər – “Xəmsə” daima əbədi olaraq gəncdir, təzə-tərdir, köhnəlməyəndir. Yaxud da Nizami Gəncəvinin özü də əsərləri – “Xəmsə”si kimi həmişə cavandır. Nizami Gəncəvi ağıl və idrak şairidir.
Dünya elmi-ədəbi fikrində Homer “kor ozan”, Şekspir “faciə ustadı”, Puşkin “rus şeirinin günəşi” adlandırılıb. Ulduzlarla və ayla müqayisə edilən başqa sənətkarlar da vardır. Lakin obrazlı şəkildə desək, təsəvvüredilməz qədər böyük ucalıq sahibi olan Nizami Gəncəvi ədəbiyyatda müəllimlərin müəllimidir:
Hər kim öyrənməyi bilməyirsə ar,
Sudan dür, daşdan da gövhər çıxarar.
Nizami Gəncəvinin əsərlərində az qala hər beyt aforizm kimi səslənir. “Xəmsə” başdan-başa aforizmlər külliyyatıdır:
...Qələmə gərəkdir elə söz almaq,
Şüurdan, ağıldan olmasın uzaq.
...Doğruya azacıq bənzəyən yalan,
Yaxşıdır yalana bənzər doğrudan.
Əbədiyyət qazanmış Nizami Gəncəvi bizim müasirimizdir. Onun XII əsrdə canlandırdığı böyük ideyalar bu gün üçün də aktual və əhəmiyyətlidir. Bu, böyük sənətin ölməzliyinin inkaredilməz gerçəkliyidir. Dahi şairin vaxtilə özünün əbədi şöhrəti haqqında böyük uzaqgörənliklə bəyan etdiyi aşağıdakı fikirlər bu gün üçün də, uzaq gələcək üçün də qəbul edilən obyektiv reallığın ifadəsidir:
…Dedim: Məni görmək istəsə hər kim,
Beytimdə görünər ona surətim.
…Şeiri oxunanda bu Nizaminin,
Özü də hər sözdə görünər yəqin.
…Yüz il sonra sorsan bəs o hardadır?
Hər beyti səslənər: Burda, burdadır!
Nizami Gəncəvi əbədiyyət qazanmış görkəmli sənətkardır.
Dahi sənətkarın adı onun vətəni Azərbaycanda əbədiləşdirilmişdir. Bakı şəhərində Nizami Gəncəvinin heykəli ucalır. Ölkəmizdə Nizami Gəncəvinin adına məktəblər, muzeylər, küçələr vardır. Müstəqil Azərbaycan dövlətinin təşəbbüsü və dəstəyi ilə Moskvada, Pekində, Romada Nizami Gəncəvinin heykəlləri ucaldılmışdır. Azərbaycanda Nizami Gəncəvinin anadan olmasının 800, 840 və 850 illik yubileyləri dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunmuşdur.
Dahi sənətkar Nizami Gəncəvinin ölməz əsərləri həmişə gəncdir, aktualdır, bəşəridir və müasirdir. Nizami bütün zamanlar üçün humanizmin, ədalətin, bərabərliyin böyük carçısıdır.
Bəşəriyyətin həmişə Nizami Gəncəvinin böyük ideallarına ehtiyacı olacaqdır.
Görkəmli Azərbaycan şairi Nizami Gəncəvi bütün zamanların və gələcəyin qüdrətli şairi və böyük mütəfəkkiri kimi əbədiyyət qazanmışdır.
İsa Həbibbəyli
akademik