Qədim Naxçıvan torpağı tarixən mədəniyyət, sənət, ədəbiyyat beşiyi olub və dünya mədəniyyətinə qüdrətli sənətkarlar bəxş edib. Naxçıvan tarixinin möhtəşəm sütunlarından biri də onun musiqi mədəniyyəti tarixidir. Naxçıvanlı musiqiçilər yazdıqları əsərlərində, ifaçılıq sənətində tarixi hadisələri, qəhrəmanları, onların göstərdikləri şücaət və igidlikləri, yaşadıqları dövrün xüsusiyyətlərini vəsf etməyə səy göstəriblər.
Onu da xüsusi vurğulamaq lazımdır ki, Naxçıvan mədəniyyəti, eləcə də onun bir qolu olan musiqi sənəti heç bir dövrdə ictimai inkişafdan geri qalmayıb, qədim diyar Azərbaycanın yüksək inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri kimi tanınıb.
Ümummilli liderimiz Heydər Əliyev başqa sənət sahələri ilə yanaşı, Azərbaycan bəstəkarlıq məktəbinin və musiqişünaslığın inkişafına da böyük diqqət və qayğı ilə yanaşıb. Dahi öndəri musiqi mədəniyyətinin çağdaş və aktual məsələləri, bəstəkar və ifaçıların problemləri, fikir və təklifləri, uğurları daim maraqlandırıb. O, ömrünü bu sahəyə bağlayan insanlardan köməyini əsirgəməyib, onların fəaliyyətinə qayğı göstərib.
Musiqini dinləmək, onu daxilən hiss etmək, duymaq, öz fikirlərini bilavasitə musiqi dilinə çevirə bilmək istedadına malik olan insan çox xoşbəxtdir. Məhz belə istedadlı insanlar Naxçıvanın bəstəkarlıq təhsili almış ilk musiqiçilərindən biri Məmməd Nəsirbəyov, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq şöbəsini müvəffəqiyyətlə bitirmiş Nəriman Məmmədov, Ramiz Mirişli Naxçıvanda professional bəstəkarlıq sənətinin ilk mərhələsini qoyublar.
Bu gün bəstəkarları, ifaçıları, musiqişünasları öz ətrafında birləşdirən Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı da ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə fəaliyyətə başlayan yaradıcılıq təşkilatlarındandır. Adıçəkilən qurumun fəaliyyəti ilə yaxından tanış olmaq üçün təşkilatın sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilovla həmsöhbət oluruq. Onun dediklərindən:
– 1978-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan Təşkilatı kimi fəaliyyətə başlayan qurum artıq 40 ilə yaxındır ki, muxtar respublikanın ictimai-mədəni həyatında yaxından iştirak edir, musiqi mədəniyyətimizin zənginləşməsinə və inkişafına töhfələr verir. Təşkilatın məqsədi xalqın mənəvi zənginləşməsinə xidmət göstərən Azərbaycan musiqi mədəniyyətini inkişaf etdirməkdən, musiqi irsinin qeydinə qalmaqdan ibarətdir. Bunun üçün təşkilat Azərbaycanın və eləcə də Naxçıvan diyarının musiqi sənətinin yaradıcılıq çoxcəhətliyinin, milli musiqinin və dünya musiqi mədəniyyətinin ən yaxşı ənənələrinin qorunub saxlanması və yeniləşdirilməsi prinsiplərini fəaliyyət proqramı kimi qəbul edib. Təşkilat üzvləri öz öhdələrinə düşən vəzifələri dərindən dərk edərək, musiqi mədəniyyətimizin inkişafı naminə öz yaradıcılıq potensiallarını daha da artırırlar.
Ötən dövr ərzində təşkilata Fəridə Ağayeva, Vidadi Heydərov, Əkrəm Məmmədli, Nizami Məmmədov kimi yaradıcı şəxslər qoşularaq üzvlərin sayı 8-dən 12-yə çatıb.
Yaşar Xəlilov onu da diqqətimizə çatdırdı ki, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi və Naxçıvan Musiqi Kolleci ilə sıx yaradıcılıq əlaqələri saxlayır. Belə ki, adıçəkilən müəssisələrdə keçirilən musiqi günlərinə, görkəmli bəstəkarların yubileylərinə və xatirələrinə həsr olunmuş konsertlərdə təşkilatın üzvləri də yaxından iştirak edirlər. Bəstəkar Məmməd Nəsirbəyovun 100 illik, Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubiley tədbirləri bu baxımdan yaddaqalan olub. Təşkilat, həmçinin Musiqi Kollecinin xor və xalq çalğı alətləri, Naxçıvan Dövlət Filarmoniyasının kamera və xalq çalğı alətləri orkestri, xor kollektivləri ilə yaxından yaradıcılıq əlaqələri saxlayır, mütəmadi olaraq yeni yazılan əsərlər ifa üçün bu kollektivlərə təqdim edilir.
Öyrənirik ki, təşkilat görkəmli bəstəkar, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri olan Tofiq Bakıxanovla sıx yaradıcılıq əlaqələri saxlayır, onun tövsiyələrindən bəhrələnir. Bəstəkar Naxçıvanda olduğu zaman dəfələrlə kollektivin üzvləri ilə görüşüb, yaradıcılıq müzakirələri aparıb. Hətta gənc bəstəkar Hakim Məmmədlinin yaradıcılıq konsertində iştirak edərək onun haqqında yüksək rəy bildirib.
Gələcək planlara gəldikdə isə təşkilatın sədri bildirir ki, bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi, eləcə də Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının yaranmasının 40 illiyi münasibətilə geniş hesabat konsertinin proqramı hazırlanır. Ulu öndərə həsr olunmuş musiqi əsərlərindən ikisi – Şəmsəddin Qasımovun “Sönməyən günəşim” və Yaşar Xəlilovun “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” odası hər il Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri arasındakı müsabiqənin proqramına daxil edilib.
Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı nəticəsində “Naxçıvan bəstəkarlarının uşaq mahnıları” məcmuəsi nəşr edilərək musiqi təhsili müəssisələrinə göndərilib. Həmçinin təşkilatın üzvlərindən Rüxsarə Hüseynovanın “Musiqinin elementar nəzəriyyəsi”, “Polifoniya tarixi”, Kamal Əhmədovun “Mahnılar və duetlər”, Günay Məmmədovanın “Tofiq Bakıxanov: Naxçıvan sevincləri” və “Bəstəkar Nəriman Məmmədov” kitabları da işıq üzü görüb. Fəridə Ağayevanın yaradıcılıq konserti keçirilib. Konsert müəllif əsərlərinin ifası kimi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Yaşar Xəlilov tərəfindən Hüseyn Cavidin eyniadlı faciəsi əsasında yazılmış “İblis” operasının xor üçün iki nümunəsi Naxçıvan Dövlət Filarmoniyasının xor kollektivi tərəfindən hazırlanır.
Naxçıvan Bəstəkarlar Təşkilatı gənc və həvəskar bəstəkarlarla da müntəzəm əlaqə saxlayır, yaradıcılıq işlərində onlara qayğı və köməklik göstərir, yeni istedadlı bəstəkar və musiqişünasların təşkilata cəlb olunması hesabına öz sıralarını genişləndirməyi diqqətdə saxlayır.
Tarixi baxımdan şərəfli bir yol keçmiş Bəstəkarlar Təşkilatının üzvləri bu gün də öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir və musiqi mədəniyyətimizin inkişafı naminə var qüvvələrini əsirgəməyərək Azərbaycan musiqisini zənginləşdirirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bütün sahələrə olduğu kimi, ifaçılıq və bəstəkar-musiqişünaslıq sənətinə də böyük qayğı göstərir. Bu diqqət və qayğı musiqiçiləri daha yaxşı işləməyə, böyük uğurlar qazanmağa sövq edir.
Fatma BABAYEVA