23 Dekabr 2024, Bazar ertəsi

Xalça istehsalı emalatxanasının tikintisi ilə bağlı verilən sərəncam Naxçıvanda bu qədim el sənətinin yeni inkişaf mərhələsinə qədəm qoymasına səbəb olacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixdə imzaladığı “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən tikiləcək xalça istehsalı emalatxanasında Naxçıvan xalçaçıları üçün əlverişli şərait yaradılacaq, keçmişdən günümüzə gələn bu ənənəyə uzun­ömürlülük bəxş ediləcəkdir. Belə bir emalatxananın istifadəyə verilməsi yeni iş yerlərinin açılması ilə yanaşı, həm də yeni xalçaçılar nəslinin formalaşmasına rəvac verəcək. Ən əsası, evlərimizi keyfiyyətli, nəfis Naxçıvan xalçaları bəzəyəcək.

“Kültəpə” adlı qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar nəticəsində Neolit və Eneolit dövrlərinə aid iy və cəhrənin, Tunc dövrünə aid sadə toxuculuq dəzgahının tapılması Naxçıvan diyarında yaşayan əhalinin toxuculuqla hələ qədim dövrlərdən məşğul olmasını sübut edir. Erkən orta əsrlər dövründən müstəqil fəaliyyət sahəsinə çevrilən xalçaçılıq sonrakı dövrlərdə Azərbaycan qadınlarının əsas məşğuliyyət sahələrindən birinə çevrilmişdir. X-XIII əsrlərə aid mənbələr Azərbaycanın bir çox bölgələri ilə yanaşı, Naxçıvanı da əsas xalçaçılıq mərkəzi kimi xarakterizə edir.

Naxçıvanda xalça istehsalı XVIII əsrdən başlayaraq daha yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Xarici bazarlarda xalça məmulatlarına tələbatın kəskin şəkildə artması bu sənət sahəsinin, xüsusilə XIX əsrdə daha geniş vüsət almasına gətirib çıxarmışdı. XIX əsrin ortalarına aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Naxçıvan diyarında xeyli miqdarda xovlu və xovsuz xalça məmulatları istehsal edilmişdi. Belə ki, 1845-ci ilə aid statistik məlumatda göstərilir ki, həmin il burada 1050 xalça, 3000 at çulu, 2500 keçə, 5000 çuval, 460 məfrəş toxunmuşdur. Naxçıvan diyarında XVIII-XIX əsrlərdə toxunmuş xeyli sayda xalça məmulatları nümunəsi dövrümüzə qədər gəlib çatmışdır. Həmin nümunələrin bəziləri bu gün Naxçıvan Dövlət Xalça Muzeyi ilə yanaşı, Naxçıvan Dövlət Tarix Muzeyinin və bölgələrdəki tarix-diyarşünaslıq muzeylərinin ekspozisiyalarını bəzəyir.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradovun rəhbərliyi ilə aparılan çöl tədqiqatları zamanı Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Sədərək, Ordubad, Şahbuz və Şərur rayonlarında toxunaraq şəxsi kolleksiyalarda saxlanılan yun xovlu xalçalar, namazlıqlar, yun xovsuz zililər, duz torbaları, xurcunlar, məfrəş üzü, şəddə və kilim aşkarlanaraq elmi ictimaiyyətə təqdim edilmişdir. Tədqiqat zamanı aydın olmuşdur ki, şəxsi kolleksiyalarda saxlanılan Naxçıvan qrupuna aid olan ən qədim xovlu xalça 1800-cü ildə Şərur rayonunun Maxta kəndində toxunmuşdur. Belə faktları kifayət qədər sadalamaq olar ki, bütün bunlar da Naxçıvanda xalçaçılığın tarixən uzun bir inkişaf yolu keçdiyini göstərir.
Ta qədim zamanlardan Naxçıvanda gəlinin cehizliyini ana-nənələrimizin toxuduğu qalın, milli ornamentli xalçalar bəzəyib. Bu gün də Naxçıvan kəndlərində evlərdə kifayət qədər belə xalçalara rast gəlmək olar. Rəngini itirməyən bu dəyərli sənət nümunələri elə yaşını da bu gözəl rəng çalarlarında gizləyib. Nənələrimizin barmaqlarının sığalı, gözlərinin nuru, ürəklərinin hərarəti ilə toxunan bu xalçalar həm də adət-ənənələrimizin keşikçisi rolunu oynayıb. Evdən-evə daşınıb, əzizlənib, qorunub. Azərbaycan qadınının həm də zəhmətkeşliyinin bir nümunəsinə çevrilən bu xalçalar, adətən, təsərrüfat işlərindən sonra gecələr lampa işığında toxunardı. Elə olardı ki, bunun üçün bəzən ana-nənələrimiz səhərə qədər yatmazdılar. Əsasən də uzun qış gecələrində ərsəyə gələn belə xalçaların toxunmasına qızlar kiçik yaşlarından böyük maraq göstərər, çox erkən yaşlarından xalça toxumağı öyrənərdilər. Məhz bu səbəbdəndir ki, bu gün də muxtar respublikanın istənilən bölgəsində bu sənəti bilən qadınlar, qızlar az deyil.
Təəssüflə deməliyik ki, 90-cı illərin ağır zamanlarında sənətkarlığın digər sahələrində olduğu kimi, xalça­çılıq sahəsində də durğunluq yaşandı. Evlərdəki cəhrələr, daraqlar, hanalar, kirkid və digər toxuculuq alətləri zirzəmilərə daşındı.
Müstəqilliyin ilk illərində xalçaçılıq sənətini, xalçaçılıq məmulatlarımızı, ümumilikdə, Naxçıvanın nəfis xalçalarını qorumaq, yaşatmaq, gələcək nəsillərə ötürmək məqsədilə bir sıra əhəmiyyətli tədbirlər görüldü. Belə tədbirlərdən biri də Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılması oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində 1998-ci ildə yaradılan və ildən-ilə eksponatlarının sayı artan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni binaya köçürüldü. Muzeyin üç dildə internet saytı istifadəyə verildi. Bu da dünyanın hər yerində muzeyi virtual ziyarət etməyə, ziyarətçilərin ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar almalarına, həmçinin tarixi keçmişimizi öyrənmələrinə imkan yaradıb. Bu gün muzeyi ziyarət edən hər kəs Naxçıvan xalçaçılıq məktəbinə aid nəfis xalçalarla tanış olur. Xalçanın ibtidai forması olan həsirdən başlamış keçə, kilim, palaz, cecim, vərni, şəddə, zili və digər xovlu və xovsuz xalça nümunələri, keçmişdə məişətdə geniş şəkildə istifadə olunmuş xurcun, məfrəş, çuval, heybə kimi xalçaçılıq, kirkid, həvə, cəhrə, daraq, qayçı, hana kimi toxuculuq alətləri Naxçıvanda xalçaçılığın zəngin tarixindən xəbər verir. Hazırda muzeydə 3429 eksponat var.
Müstəqillik illərində muxtar respublikada xalçaçılıq sənətinin qorunması, yaşadılması naminə görülən işlər Xalça Muzeyinin istifadəyə verilməsi ilə məhdudlaşmamış, Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi istiqamətində bir sıra təşkilati işlər görülmüşdür. Belə ki, peşə məktəblərində xalçaçılıq kursları, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyi açılmış, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunması təşkil olunmuşdur. Xalq yaradıcılığı emalatxanasında, dərnəklərdə toxunan xalçalar neçə illərdir ki, keçirilən festivalları, milli bayramlarımızla əlaqədar təşkil olunan şənlikləri bəzəyir.
Bu illər ərzində öz sənətini sevən çoxlu xalçaçı da yetişib. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət ixtisasları üzrə təhsil alan tələbələrə də Naxçıvan xalçaçılıq məktəbinin ənənələri öyrədilir. Muxtar respublikanın şəhər və rayonlarında “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” devizi altında evlərdə xalçaların toxunması işi həyata keçirilir. Bu, qadınların məşğulluğunu təmin etməklə yanaşı, həm də xalçaçılıq sənətinin yaşadılması istiqamətində atılan ən mühüm addımlardan biridir.
Ötən dövr ərzində Naxçıvan xalça­çılıq məktəbinin tədqiq olunması, sənədli filmlərin və yeni nəşrlərin hazırlanması da diqqətdə saxlanılıb. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları – Naxçıvan qrupu” jurnalının çap olunması, “Naxçıvan xalçaları” sənədli filminin hazırlanması xalçaların toxuma üsullarının öyrənilməsində, xalçaçılıq məktəbi ənənələrinin gələcək nəsillərə çatdırılmasında dəyərli nəşrlər və informasiya mənbələridir. 2018-ci il yanvarın 26-da Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illiyində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradovun birgə müəllifliyi ilə nəşr olunmuş “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının təqdimat mərasimi keçirilib. Bu kitab Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsində ən dəyərli nəşrlərdən biridir. Buradakı məlumatların Azərbaycan dili ilə yanaşı, ingilis, rus və ərəb dillərində verilməsi Naxçıvan xalçaçılıq məktəbi ilə bağlı elmi-tarixi faktların daha geniş oxucu kütləsinə çatdırılması məqsədinə xidmət edir. Kitabda Naxçıvanın ilkin sivilizasiyadan müasir intibaha qədər keçdiyi yol, siyasi və sosial-iqtisadi inkişaf tarixi, bu qədim diyarda xalçaçılıq məktəbi, xalçaçılıq və boyaqçılığın inkişafı elmi əsaslarla araşdırılıb. “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabı, nəinki muxtar respublika, ümumilikdə, Azərbaycan tarixinə və mədəniyyətinə dəyərli töhfədir. Kitabda diqqətçəkən məqamlardan biri də 254 xalçaçının fotosu və onlar haqqında məlumatların verilməsidir. Naxçıvan xalçaçılığına dair bu dəyərli mənbədən oxuyuruq: “Naxçıvan diyarının müxtəlif bölgələrində istehsal edilmiş xalça məmulatları öz sənətlərinin kamil ustası olan azərbaycanlı qadınlar tərəfindən toxunurdu. Onlardan XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində Naxçıvan qəzasının Cəhri kəndində yaşamış İsmayılova Fərəc Darçın qızının, Piriyeva Qumru Cəfər qızının, Kükü kəndində yaşamış Məmmədova Qönçə Heydər qızının, Kolanı kəndində yaşamış Əsmər Hüseynəli qızının, Ordubadın Nüsnüs kəndində yaşamış Ramazanova Xanpəri Musa qızının adları dövrümüzədək gəlib çatmışdır”. Kitabda adları qeyd olunan xalçaçı qadınlar öz zəhmətkeşlikləri, milli dəyərlərimizə bağlılıqları ilə bu qədim el sənətini sevərək günümüzə qədər çatdıra biliblər.
Sonda qeyd edək ki, muxtar respublikada xalçaçılığın inkişafı ilə bağlı bu günədək görülən bütün işlər, xüsusilə də ölkə başçısının 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infra­strukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı xalçaçılığın bu qədim Nuh yurdunda yeni inkişaf mərhələsinə qədəm qoyacağına zəmanət verir.

Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR