Fevralın 14-də Naxçıvan Dövlət Tarix Muzeyində “Muzey fondlarına daxil olan eksponatların bazasının yaradılması işinin təşkili və qarşıya çıxan çətinliklər” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Qumral Əsədova açaraq bildirib ki, muxtar respublikamızda muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları müasir tələblər səviyyəsində qurulur. Qədim diyarımızda muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması və muzey şəbəkələrinin genişləndirilməsi sahəsində işlər 2017-ci ildə də davam etdirilib. Ötən il muzeyləri 110 min 425-i əcnəbi olmaqla, ümumilikdə, 445 min 747 tamaşaçı ziyarət edib. Bu ilin ilk ayında isə muzeylərdə 5 min 359 nəfəri əcnəbi vətəndaş olmaqla, 24 min 434 nəfər tamaşaçı olub.
Bildirilib ki, muzeylərdə açıq dərslərin, seminar-treninqlərin təşkili də müntəzəm xarakter alıb. Muzey fondlarının zənginləşdirilməsi sahəsində görülən işlər öz bəhrəsini verir. Belə ki, ötən il muzeylərimizə 1340 yeni eksponat daxil olub. Bu ilin yanvar ayında isə bu mədəniyyət müəssisələrinə 130 eksponat verilib.
Sonra Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev, “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova və digərləri çıxış ediblər. Çıxışlarda muzeyə daxil olan eksponatların qəbulu və təhvil qaydaları, yeni daxil olmuş eksponatların elektron bazasının yaradılması işinin təşkili və qeydiyyatı, fondların və elektron bazanın uçotu, uçot nişanları, köməkçi uçot formaları, elektron bazanın yaradılmasının əhəmiyyəti, bu işdə qarşıya çıxan çətinliklər, muzey işində olan yeniliklərdən geniş söhbət açılıb.
Sonda muzeyin ekspozisiyasına baxış olub.
Əli RZAYEV