23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvanda xalqımızın milli sərvəti sayılan yazılı abidələrin tədqiq olunaraq gələcək nəsillərə çatdırılması işi uğurla həyata keçirilir. Tariximizi, milli-mənəvi dəyərlərimizi özündə ehtiva edən bu abidələrin toplanması, sistemləşdirilməsi, kataloqlaşdırılması, tədqiqi, mühafizəsi, bərpası və nəşri üzrə işlər AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondu tərəfindən aparılır.

2005-ci ildən fəaliyyət göstərən fonda ötən dövr ərzində müxtəlif qədim çap kitabları və dəyərli əlyazmalar toplanaraq tədqiq edilib. Bu haqda oxucularımıza məlumat vermək üçün fondun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovla söhbət etdik. O, ulu öndər Heydər Əliyevin AMEA Naxçıvan Bölməsini yaradarkən səsləndirdiyi sözləri xatırladaraq dedi ki, bu gün fondun kollektivi fəaliyyətini dahi rəhbərin tövsiyələri əsasında qurub: “Mən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında sərəncam imzalamışam... Bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də indiyə qədər lazımi dərəcədə öyrənilməyib. Bunlara, mənim irəli sürdüyüm məsələnin öyrənilməsinə böyük ehtiyac var”.

Əlyazmalar Fondunda ötən dövr ərzində Naxçıvana aid elmi və tarixi əsərlərin əlyazmaları üzərində araşdırmalar aparılıb, tədqiq edilən əsərlərin bəziləri nəşr etdirilərək oxuculara təqdim olunub.
Öyrəndik ki, AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunda üç şöbə fəaliyyət göstərir: Əlyazmaların toplanması, Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri, Əlyazmaların mühafizəsi, gigiyenası və bərpası şöbələri. Burada “Naxçıvan əlyazmalarının toplanması, kataloqlaşdırılması, öyrənilməsi və nəşr edilməsi” mövzusunda aparılan elmi-tədqiqat işləri Naxçıvanın tarixi keçmişinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Fondun direktoru bildirdi ki, burada Atabəylər dövrünə aid tarixi-fəlsəfi əsər sayılan “Munisnamə”nin əlyazmaları aşkar olunaraq əsərin Naxçıvanla bağlı hissələri fondun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimov tərəfindən tərcümə edilib, kitab şəklində nəşr olunub. Əsər haqqında maraqlı faktlar kifayət qədərdir. Həmin əsərin əlyazmasının 1920-ci ildə Naxçıvandan aparılaraq İngiltərənin Britaniya Muzeyinə satılması da məlumdur. Lakin sonralar Britaniya Muzeyindən fotosurəti çıxarılaraq AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fonduna daxil edilib. Oradan da əlyazmanın Naxçıvana aid hissələrinin – giriş, I-II fəsillər, XVII fəslin bəzi hissələrinin fotosurəti çıxarılaraq AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fonduna gətirilib.
Həmsöhbətim “Munisnamə” haqqında geniş məlumat verərək qeyd etdi ki, 17 fəsildən ibarət olan əsərin XVII fəslində “Əshabi­-Kəhf əhvalatı” və “Əbulüla Kirmaninin oğlu ilə Naxçıvana səfəri və onların başlarına gələn hadisələr”ə aid hekayələr diqqətçəkicidir.
Həmçinin ötən dövr ərzində muxtar respublika ərazisindən toplanan əlyazma nümunələrindən biri olan Hatif İsfahaninin “Tibnamə” əsəri də tərcümə və şərh olunaraq kitab şəklində çap edilib. Kitabda XVIII əsrdə yaşamış filosof-təbib Hatif Seyid Əhməd İsfahaninin (Ordubadi) həyatı, yaradıcılığı haqqında ətraflı məlumat verilib. Bu nəşr Naxçıvanda digər sahələrlə bərabər tibbin də inkişaf etdiyini, burada görkəmli təbiblərin yaşadığını və qiymətli əlyazma nümunələrinin varlığını nümayiş etdirən dəyərli mənbədir.
Müsahibim bildirdi ki, fondun əməkdaşları tərəfindən bir çox müəllifin əlyazmaları aşkar edilərək tədqiqata cəlb olunub. Belə ki, Əli Əkbər Məmmədrza oğlu, Mirzə Müslim Qüdsi, Mirzə Mahmud Zunuzi, Hacı Molla Məhəmməd Naxçıvani və başqa tanınmış müəlliflərin əlyazmaları üzərində araşdırma aparılıb. Tədqiqatlar zamanı Naxçıvanla bağlı elmə məlum olmayan bir sıra faktlar aşkar edilərək üzə çıxarılıb.
Söhbət əsnasında o da məlum oldu ki, ötən il Əlyazmalar Fondu üçün səmərəli olub. Belə ki, 58 adda qədim çap kitabı və əlyazma toplanaraq onlara ilkin elmi rəylər yazılıb. Fond elmi fəaliyyəti daha da genişləndirmək məqsədi ilə 2017-ci ilin aprel ayında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilə bağlayıb. Bu da həmin institutdan bəzi qədim kitabların elektron variantının gətirilməsinə imkan verir. Fondda tamamilə yeni istiqamətdə, yəni Naxçıvanın elm, mədəniyyət, ədəbiyyat və maarif xadimlərinin şəxsi arxivlərinin yaradılmasına başlanılıb. İlk addımlar artıq atılıb. Belə ki, XX əsrin 20-70-ci illərində Naxçıvan ədəbi mühitində özünəməxsus iz buraxan şair Seyid Səbrinin əsərlərinin əlyazmaları və topladığı folklor nümunələri əldə edilərək fonda gətirilib.
Bəli, tarixin, milli mədəniyyətin bərpası kimi bu qədim tarixi əsərlərin tədqiqi sayəsində də bu gün keçmişimizlə bağlı məlumatları bütün dünyaya çatdırmaq əzmindəyik.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR