Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Sərəncamı görkəmli rəssamın həyat və fəaliyyətinin yenidən tədqiq olunması ilə yanaşı, həm də mədəniyyətimizin öyrənilməsinə xidmət edən mühüm dövlət sənədidir. Bu günlərdə paytaxt Bakı şəhərində olarkən unudulmaz rəssamın qızı Natella Qazıyeva ilə görüşüb rəssamın ömür yoluna bir daha nəzər saldıq.
Haşiyə: Qazıyeva Natella Şamil qızı 1947-ci ildə Naxçıvan şəhərində anadan olub. 1965-ci ildə Bakı şəhərindəki 1 nömrəli rus məktəbini müvəffəqiyyətlə bitirib. Həmin ildə Bakı Dövlət Universitetinin Biologiya və kimya fakültəsinin Biologiya ixtisasına daxil olub. 1966-2016-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutunda çalışıb. 50 elmi məqalənin, 1 patentin müəllifidir. Hazırda təqaüdçüdür.
– Natella xanım, bildiyiniz kimi, bu il Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, görkəmli rəssam Şamil Qazıyevin anadan olmasının 110 illik yubileyi qeyd olunur. İstərdik, atanızın həyat yoluna qısa bir nəzər salaq.
– İnsan həyatı o zaman ölümsüzlüyə qovuşur ki, onun ömrünü, arzularını ləyaqətlə davam etdirən fədakar övladlar yetişdirə bilsin. Bəli, bu mənada, millətin maariflənməsi yolunda yarım əsrdən artıq əmək sərf edən babam Həsən Qazıyev xoşbəxt ata idi. Babam 1878-ci ildə İrəvan şəhərində anadan olub, elə orada da yaşayırmış. Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan ərazilərinin hesabına qondarma Ermənistan respublikası yaradılıb. Bolşeviklərlə həmrəylik edən daşnaklar həm İrəvanda, həm də ətraf bölgələrdə azərbaycanlılara qarşı işğalçılıq siyasəti yeridərək görünməmiş vəhşiliklər törədiblər. İrəvanın özündə azərbaycanlılara sui-qəsdlər edilib, talanlar törədilib, evlər yandırılıb, repressiyalar baş verib. Belə bir zamanda babam ailəsi ilə birlikdə Naxçıvan şəhərini özünə sığınacaq seçib. Beləliklə, 1908-ci ildə İrəvan şəhərində anadan olmuş babamın sevimli oğlu Şamil Qazıyev 12 yaşından etibarən ailəsi ilə birlikdə Naxçıvanda yaşamağa başlayıb. Atam dünyaya İrəvanda göz açsa da, onu Naxçıvan torpağı yetişdirib, Naxçıvan mühiti formalaşdırıb. Bütün həyatını rəssamlığa həsr edən Şamil Qazıyev hələ uşaq ikən rəsm çəkməyə böyük həvəs göstərib. Bu sənətin sirlərini məşhur rəssam Bəhruz Kəngərlidən öyrənib. Əvvəllər Naxçıvan Pedaqoji Texnikumunda oxusa da, təsviri incəsənətə olan marağına görə pedaqoji təhsilini davam etdirməyib. Uşaqlıqdan qəlbinə hakim kəsilmiş rəng və fırça ilə işləmək arzusu onu Bakıya, Rəssamlıq Məktəbinə gətirib və bu məktəbi 1929-cu ildə müvəffəqiyyətlə bitirərək Naxçıvana qayıdıb. Burada Naxçıvan Pedaqoji Texnikumunda müəllim vəzifəsində çalışıb.
Naxçıvan teatrının baş rəssamı kimi onun tamaşalara verdiyi bədii tərtibatlar səhnə əsərlərinin məzmununu açmağa kömək edib, hər bir detalın, rəngin, görüntünün sayəsində yaradıcı kollektivin arzu və məramını təsviri sənətin köməyi ilə dolğun ifadə etməyə nail ola bilib. Atam, sadəcə, tərtibatçı-rəssam kimi fəaliyyət göstərməklə kifayətlənməyib. Ən böyük arzularından biri o olub ki, doğma yurdda Bəhruz Kəngərlinin davamçıları yetişsin. Elə bu səbəbdən rəsmə həvəs göstərən uşaqlara, gənclərə dəstək olub. Məhz onun təşəbbüsü ilə Naxçıvan şəhərində 1940-cı ildə rəssamlıq məktəbi açılıb. Məktəbin direktoru olan Şamil Qazıyev rəssamlıq istedadı olan gənc kadrların yetişməsi istiqamətində hərtərəfli yaradıcılıq fəaliyyətinə görə 1944-cü ildə ilk dəfə muxtar respublikanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
1948-ci ildə atam yenidən Bakıya qayıdıb və “Azərbaycan gəncləri” qəzetində baş rəssam, tərtibatçı kimi çalışıb. Ömrünün sonuna qədər elə bu qəzetdə də fəaliyyət göstərib. 1980-ci ildə 72 yaşında Bakıda vəfat edib.
– Atanızın yaradıcılığında rəssamlığın müxtəlif janrlarında – qrafika, natürmort, etüd, portret əsərlərinə rast gəlinir. Bu çoxşaxəliliyi necə izah edə bilərsiniz?
– Gözəllik aşiqi idi atam. Təbiətin gözəlliklərinə heyran idi. O, təbiətə çoxlarının baxa bilmədiyi gözlə baxırdı. Bu zaman onda qeyri-adi yaradıcı təxəyyül, bu təxəyyüldən isə ürəkdə məhəbbət, dəli bir təbiət vurğunluğu baş qaldırırdı. Hərdən təbiətə biganə münasibət görəndə kövrəlirdi də. Atam həmişə deyərdi ki, təbiət əsl gözəllikdir, gözəllik isə ilham mənbəyidir. Bu gözəlliyi sevməmək olarmı? O, Naxçıvanın füsunkar təbiətinin qoynunda saatlarla gəzər, onun əsrarəngiz gözəlliklərinə baxmaqdan doymazdı. Eyni zamanda atam Azərbaycan etnoqrafiyası ilə də dərindən maraqlanardı. Onun sənət əsərlərində bunu aydın görmək olar.
– Şamil Qazıyevin əsas fəaliyyəti teatr rəssamlığı ilə bağlı olub. Ömrünün böyük bir qismini teatra həsr edib.
– Bəli, atam hələ Bakıda rəssamlıq məktəbində oxuyarkən Naxçıvan teatrının direktoru Əli Xəlilov ondan böyük pərdənin tərtibatını istəyib. Atam isə həmin tərtibatı mükəmməl şəkildə işləyib hazırlayıb. Bu, hədsiz bəyənilib. Onun teatrla bağlı xatirələrinin birində yazılıb: “1932-ci ildə rejissor Yusif Ulduzun quruluşunda Naxçıvan teatrında tamaşaya qoyulmuş “Hamlet” əsərinə tərtibat verdim. Lakin o zaman mən teatrda həvəskar kimi iştirak edirdim. 1934-cü ildə Xalq artisti Sidqi Ruhulla məni teatra rəssam vəzifəsinə çağırdı və onunla “Hacı Qara”, “Namus” tamaşalarına tərtibat verdim”. Atam Bakıda rəssamlıq məktəbini bitirdikdən sonra Naxçıvana qayıdıb və orada teatrda çalışmağa başlayıb. Öz bacarığı, işgüzarlığı ilə ilk gündən teatr kollektivinin rəğbətini qazanıb. Burada çalışdığı 16 ildə teatrda tamaşaya qoyulmuş 120 əsərin bədii tərtibatı məhz atama məxsus olub. Eyni zamanda həmin dövrdə “Şərq qapısı” qəzetində də rəssam kimi fəaliyyət göstərib.
– İşlədiyi dövrdə istedadlı rəssamın Azərbaycanın bir çox tanınmış sənət adamları ilə əlaqələri olub. Hətta bilirik ki, Xalq rəssamı Əzim Əzimzadənin dəvəti ilə Bakıya gələrək burada “Kommunist” qəzetində işləməyə başlayıb.
– Bəli, atamın yaradıcılığına, fırça ilə işləmək qabiliyyətinə, öz fantaziyası ilə rənglərin vəhdətindən orijinal əsərlər yaratmaq istedadına yaxından bələd olan məşhur karikaturaçı rəssam, mollanəsrəddinçi Əzim Əzimzadə həmkarını “Kommunist” qəzetində işləməyə dəvət edib. O zaman Əzim Əzimzadə bu qəzetin redaksiyasında baş rəssam vəzifəsində çalışırmış. Bir müddət “Kommunist” qəzetinin rəssamı olan Şamil Qazıyev qaynar paytaxt həyatında peşəkar rəssam kimi fəaliyyət göstərib. Lakin onun Bakıda işləməsi uzun çəkməyib. Yenidən Naxçıvana qayıdıb.
– Rəssamın bir çox yerlərdə sərgiləri keçirilib...
– Müxtəlif illərdə təsviri incəsənət sərgilərinin iştirakçısı olan Şamil Qazıyevin “Çoban” adlı əsəri bəyənilərək Tretyakov qalereyasına aparılıb. 1978-ci ildə Naxçıvan şəhərində atamın fərdi sərgisi olub. Sərgidə onun çoxsaylı əsərləri nümayiş etdirilib. Həm mövzu, həm də janr etibarilə diqqətçəkən bu rənglər dünyası tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Həmin əsərlərin əhəmiyyətli cəhəti haqqında o dövrün mətbuatı belə yazırdı: “Bu təsvirlərdə Azərbaycanın ən qədim guşəsi olan Naxçıvanın keçmiş tarixinə, etnoqrafiyasına, adətlərinə aid təsəvvürlər öz əksini tapıb”. Onun əsərləri bu gün də sevilir.
– Atanızla bağlı xatirələriniz...
– Qeyd etdiyim kimi Şamil Qazıyev Vətənimizin təbiətinə çox bağlı idi. Təbiətdə bitən hər bir çiçəyin, otun adını bilirdi. Eyni zamanda heyvanların da dilindən anlayırdı. Doğrudur, rəssamlar hər zaman təbiətə bağlı insanlar olurlar. Atamda isə təvazökarlıqdan uzaq olsa da, deyim ki, bu bağlılıq, bu sevgi daha fərqli idi. Məsələn, mən tələbə olduğum zaman, ixtisasıma – biologiya sahəsinə uyğun kitablar alıb gətirirdi. Bəzən o kitablarla ilk tanışlığımda düşünürdüm ki, bunlar müxtəlif bitkilər, heyvanlar haqqında yazılmış ümumi məlumat nəşrləridir. Hətta bəzən atama deyirdim: – Bunları mənə niyə alırsan? Mən ki öz tədris vəsaitlərimi oxumağa ancaq vaxt ayıra bilirəm. Ancaq o mənimlə razılaşmayaraq tövsiyə edirdi ki, bu, sənin sahəndir, sən təbiəti dərindən öyrənməlisən. O, hər zaman oxumağı, elmlə məşğul olmağı tövsiyə edirdi. Sonralar yaşım artdıqca və bu ixtisasa dərindən yiyələndikcə atamın kitab seçimində nə qədər haqlı olduğunu gördüm. Yəni belə misalları çox çəkmək olar.
– Bu gün görkəmli rəssamın sənətini yaşadanlar arasında onun irsi davamçıları da vardır. Onlar haqqında nə deyə bilərsiniz?
– Bəli, ailəmizdə bu ənənə indi də davam edir. Böyük qardaşım Arif Qazıyev Azərbaycanın Əməkdar rəssamıdır. Digər qardaşım Vaqif Qazıyev isə heykəltəraşdır. Nəvələri Samir, Mədinə, İlahə heykəltəraş və rəssam olmaqla babalarının yolunu layiqincə davam etdirirlər.
– Siz necə, əgər rəssam olsaydınız atanızın portretini necə təsvir edərdiniz?
– Atam, hər şeydən əvvəl, çox gözəl insan idi. Öz mülayimliyi, xoş xasiyyəti ilə təkcə ailəsinin deyil, elə hamının sevimlisi idi. Xaraktercə mülayim biri idi. Bir haqsızlıqla rastlaşanda məsələyə çox təmkinlə yanaşar, tələsik qərar verməzdi, eyni zamanda güzəştə getməyi bacarardı. Dərin intellekti ilə yanaşı, həm də həddən çox zəhmətsevər, ətrafındakı insanlara, təbiətə, ümumiyyətlə, hər şeyə qarşı çox duyumlu idi. Buna görə də rəssam olsaydım, atamın portretini elə Şamil Qazıyev kimi də təsvir edərdim.
Yeri gəlmişkən, onu da bildirmək istəyirəm ki, bu gün Naxçıvanda elmə, təhsilə, mədəniyyətə böyük dövlət qayğısı göstərilir, tanınmış insanların yubileyləri yüksək səviyyədə qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin atam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında bu yaxınlarda imzaladığı sərəncam da ailəmizi çox sevindirdi. Bu, atamın şəxsiyyətinə və yaradıcılığına, eyni zamanda bütövlükdə muxtar respublikada incəsənətə, mədəniyyət tariximizə, mənəvi irsimizə verilən yüksək qiymətdir. Buna görə qəzetiniz vasitəsilə Qazıyevlər ailəsi adından bir daha dərin minnətdarlığımı bildirirəm.
– Maraqlı müsahibə üçün sağ olun.
Gülcamal TAHİROVA
Naxçıvan-Bakı-Naxçıvan