Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrinin zabitlərinin muzeylərə ekskursiyaları davam edir.
Sərəncama uyğun olaraq “Muzey günlərinin” tərtib edilməsi birləşmə və hissələri zabitlərinin Naxçıvan Muxtar Respublikasındakı muzeyləri ziyarət etməsinə, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi və milli dəyərlərimizi özündə yaşadan eksponatlarla əyani tanış olmasına şərait yaradıb.
Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrinin zabitləri növbəti dəfə Heydər Əliyev Muzeyini, Dövlət Bayrağı Muzeyini, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Bəhruz Kəngərli Muzeyini, Cəlil Məmmədquluzadənin ev-muzeyini, Xatirə Muzeyini, eləcə də muxtar respublikanın rayonlarında yerləşən tarix-diyarşünaslıq muzeylərini ziyarət ediblər. Muzey bələdçiləri tərəfindən zabitlərə ətraflı məlumat verilib.
Müxtəlif profilli geniş muzeylər şəbəkəsinin yaradıldığı muxtar respublikamızda hərbi qulluqçuların muzeylərlə tanış olması mənəvi-psixoloji hazırlığa müsbət təsir göstərir. Təkcə Naxçıvan şəhərində deyil, muxtar respublikanın rayonlarında da muzeylərin fəaliyyət göstərməsi burada yerləşən hərbi hissələrin zabitlərinin zəngin tarix və mədəniyyətimizlə yanaşı, görkəmli şəxsiyyətlərimiz haqqında da ətraflı məlumat almalarına imkan verir.
Nəriman NƏCƏFOV