Culfa rayonunun Ərəfsə kənd sakinləri Nail Əliyev, Aqil Qələndərov, Ləkətağ kənd sakini Zakir Hüseynov, Ərəzin kənd sakini Mahmud Zeynalov, Kırna kənd sakini Sona Əsgərova tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, toxuculuq məmulatı, mis və saxsı qablar, səhəng, cəhrə, kəlağayı, dibək, dəyirman və xırmanda işlədilən təsərrüfat alətləri, çıraq, dəmir dəbilqə və digər nümunələrdən ibarət 75 eksponat Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, nazirliyin tabeliyində 29 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Bu muzeylərdə xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 minə yaxın maddi-mədəniyyət nümunəsi mühafizə olunaraq saxlanılır. Tariximizin və mədəniyyətimizin saxlanc yeri olan muzeylərimizə son illərdə göstərilən dövlət qayğısı, xüsusilə qeyd edilməlidir. Keçən il muxtar respublikanın muzeylərini 445 min 747 nəfər ziyarət edib ki, bunların arasında həm yerli əhali, həm də Azərbaycanın digər regionlarından muxtar respublikamıza gələn qonaqlar, həmçinin 110 mindən çox xarici vətəndaş olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən bu gün muzeylər ilə orta məktəblər arasında distant dərslər təşkil olunur, həmçinin yetişməkdə olan gənc nəsil üçün açıq dərslər keçilir.
Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzey əməkdaşları və muxtar respublika sakinləri yaxından iştirak edirlər. Keçən il ərzində muzeylərimizə 1340 eksponat daxil olub ki, bu eksponatlar da nazirliyə və muzeylərə könüllü olaraq təqdim edilib və bu məqsədlə muzeylərdə, ümumilikdə, 11 təqdimat keçirilib. Təqdimat mərasimləri içərisində, həmçinin AMEA Naxçıvan Bölməsinin Əlyazmalar İnstitutuna da qədim kitablar verilib. Muzeyə eksponat hədiyyə edənlərdən Aqil Qələndərov və Sona Əsgərova çıxış edərək bildiriblər ki, maddi-mədəni irsimizin qorunması baxımından belə tədbirlər əhəmiyyətlidir. Bu eksponatların muzeylərimizə verilməsi xalqımıza məxsus olan mədəni sərvətimizin yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Pərvin Həsənov və rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülər Əhmədova çıxış edərək mədəniyyətimizin inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bütün mədəniyyət işçiləri adından minnətdarlıq ediblər.
Sonda muzeyin ekspozisiyasına baxış olub. Tədbir iştirakçılarına bildirilib ki, hazırda muzeydə 2 minə yaxın eksponat qorunub saxlanılır. Onlardan 700-ə yaxını ekspozisiyada nümayiş etdirilir.
Əli Rzayev