Naxçıvanın Cənubi Qafqazı Yaxın Şərqlə bağlayan qədim yolların kəsişmə nöqtəsində yerləşməsi bölgənin iqtisadi-mədəni inkişafında mühüm rol oynayıb. Tarixən müəyyən mədəni ənənələrə sahib olan Naxçıvanda İslam dininin qəbulu elm və mədəniyyətin müxtəlif sahələrində olduğu kimi, memarlıqda da intibah və çiçəklənməyə səbəb olub.
“Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: “Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır”.
Naxçıvan Muxtar Respublikasının ərazisində mövcud olan İslam mədəniyyəti nümunələri rəngarəngliyi və özünəməxsusluğu ilə fərqlənir. İslam mədəniyyətinə aid nümunələr arasında mülki tikintilərin xüsusi yeri vardır. Yaşayış, ticarət binaları, hamamlar, mədrəsələr və digərlərindən ibarət olan mülki tikintilər arasında körpülərin özünəməxsus yeri vardır. Orta əsrlərdə Naxçıvanın iqtisadi-mədəni inkişafını bunlarsız təsəvvür etmək mümkün deyildir. Yaşayış məskənlərinin dağlıq ərazidə yerləşməsi orta əsrlərin ən mühüm kommunikasiya vasitələrindən biri olan körpülərin tikintisini zəruri edib. Muxtar respublika ərazisində aparılan araşdırmalar göstərir ki, bu tip tikintilər vaxtilə daha çox olub, lakin onların çox az bir qismi günümüzədək salamat qalıb.
Muxtar respublikada olan körpüləri iki qrupa ayırmaq olar. Birinci qrupa aid körpülər Araz çayı üzərində salınıb və Azərbaycanın şimalı ilə cənubunu əlaqələndirib. Belə körpülərdən biri Culfa rayonunun Gülüstan kəndi yaxınlığında olub. Körpünün xarabalıqları indi də qalmaqdadır. Bu mülki tikili elmi ədəbiyyatda “Ziya-ül-Mülk körpüsü”, xalq arasında “İsgəndər körpüsü” də adlandırılıb. Orta əsr müəllifi Həmdullah Qəzvini “Nüzhət əl-Qülub” əsərində Mərənd tümənindəki Gərgər haqqında məlumat verərək yazır ki, “...onun yanında, Araz çayı üstündə Ziya-ül-Mülk Naxçıvani gözəl körpü tikmişdir. Bu xeyriyyəçilik sahəsində ən parlaq tikililərdən biridir”. Ziya-ül-Mülk Naxçıvaninin həyatı ilə bağlı məlumat olmasa da, Gülüstan körpüsü orta əsr Azərbaycan memarlığının ən gözəl nümunələrindəndir. Mənbələrin məlumatına görə, Əmir Teymur 1386-cı ildə Mərənd və Zər dərəsi istiqаmətindən Nахçıvаnа gələrkən Ziya-ül-Mülk körpüsündən kеçib.
Qırmızı qumdaşından və əhəng məhlulundan istifadə edilməklə tikilən körpünün konstruktiv quruluşu inşaat texnikasının yüksək səviyyədə olmasından xəbər verir, seysmik davamlılığın və təbii fəlakətlərin nəzərə alındığını göstərir. Yalnız sahil dayağı və kiçik bir hissəsi salamat qalan körpünün divarlarında yağış sularının axması üçün kiçik mazğallar düzəldilib. Belə mazğallara Əlincəqalanın tikintisində də rast gəlmək olur. Bu, körpünün çoxəsrlik memarlıq ənənəsinə əsaslandığını sübut edir. Əmir Teymurun tarixçisi Şərafəddinin aşağıdakı təsvirini tədqiqatçılar Gülüstan körpüsünə aid edirlər: “Yonulmuş daşdan tikilmiş sarsılmaz möhkəmliyi olan yastı və düz körpü dünya körpülərinin ən gözəlidir. Daşlarının gözəlliyi, möhkəmliyi və özümlü düzümü bütün memarları təəccübləndirir; iki tağbəndi çox ucadır və enlidir, su azalanda ölçülərkən biri 60 gəz (18 metr), o biri 50 gəz (15 metr) idi; kiçik tağbəndin aşağı qurtaracağında karvansaray, körpünün iki ucunda isə qayalarda tayı olmayan gözəllikdə qapılar tikilmişdi”. Gülüstan körpüsünün sahil dayağı içərisində bir sıra yerləşgələr indi də qalmaqdadır. Körpünün sahil dayağına bitişik tikinti qalıqlarını isə tədqiqatçılar karvansaray hesab edirlər.
Körpünün tikilməsi XII-XIII əsrlərə aid edilir. Gülüstan körpüsünün yaxınlığında xalq arasında “Şah Abbas körpüsü” adı ilə tanınan ikinci bir körpü, onun yaxınlığında isə Araz çayının hər iki sahilində karvansaray var. Ehtimal ki, bu körpü Gülüstan körpüsünün dağılıb öz əhəmiyyətini itirməsindən sonra inşa edilib. Körpülər və karvansaraylar orta əsrlərdə Azərbaycanın, o cümlədən Naxçıvanın iqtisadi-mədəni və ticarət əlaqələrinin tənzimlənməsində mühüm rol oynayıb.
İkinci qrupa daxil olan körpülər həm Naxçıvan kəndlərinin bir-biri ilə əlaqələrini təmin edib, həm də digər ölkələrlə iqtisadi-mədəni əlaqələrdə müəyyən rol oynayıb. Belə körpülərdən Əlincəçay üzərində salınan Ləkətağ və Qazançı körpülərini, Gilançay və onun qolları üzərində salınan Biləv, Bist, Məzrə, Ələhi körpülərini, Arpaçay üzərindəki Dədəli körpüsünü və digərlərini göstərmək olar.
Ölkəmizin iqtisadi-mədəni həyatında mühüm rol oynayan körpülər başlıca olaraq daşdan və yüksək ustalıqla inşa edilib ki, bu da onların uzunömürlü olmasını təmin edib. Naxçıvanda inşa olunan körpülər Azərbaycanda daxili və beynəlxalq ticarətin inkişafında mühüm rol oynayıb. Elə buna görə də yerli hakimlər həmişə körpülərin tikinti və bərpasına böyük önəm veriblər.
Sonda qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələri dövlət qayğısı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri, o cümlədən İslam mədəniyyəti abidələri qeydə alınaraq pasportlaşdırılıb. Hazırda İslam mədəniyyəti abidələrinin bərpası və tədqiqi muxtar respublikanın mədəni və elmi ictimaiyyətinin gündəlik işinə çevrilib. Son illərdə bərpa və tədqiq edilən Xanəgah Memarlıq Kompleksi, Əlincəqala, Gülüstan türbəsi, Yengicə hamamı, Qarabağlar Türbə Kompleksi və onlarla digər abidələr İslam mədəniyyəti abidələrinə göstərilən yüksək qayğı və diqqətin nəticəsidir.
Ümidvarıq ki, tariximizin böyük bir hissəsini özündə əks etdirən və yaşadan İslam mədəniyyəti nümunələri bundan sonra da qayğı ilə qorunacaq və yaşadılacaqdır.
Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü