Martın 9-da Naxçıvan Dövlət Filarmoniyası üçün alınmış yeni səs avadanlıqlarının təqdimatı olub.
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə musiqi kollektivlərinə, folklor ansambllarına geyim dəstlərinin, paltarlarının, musiqi alətlərinin, musiqi texnikasının təqdimat mərasimlərinin keçirilməsi ənənəyə çevrilib. Naxçıvan Dövlət Filarmoniyasına son illər ərzində xarici ölkə istehsalı olan müxtəlif Avropa musiqi alətləri və milli musiqi alətləri verilib, musiqi kollektivləri və solistləri geyim dəstləri ilə təmin ediliblər.
Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət Filarmoniyasına verilən 18 adda, müxtəlif sayda səs avadanlığı və texnikası ABŞ istehsalı olub son texnologiyaya əsaslanır. Bunların içərisində 4 hissəli səsgücləndirici mikşer, əlavə səs gücləndirici vasitə, səs dalğalarındakı tezlikləri tənzimləmək üçün avadanlıq, aşağı səs frekanslarını dəqiq çatdırmaq cihazı, müxtəlif növ simli və simsiz mikrofonlar, səs gücləndirici avadanlıqlar, müxtəlifölçülü və markalı kabellər, başqa avadanlıqlar da var.
Nazir çıxışının sonunda göstərilən diqqət və qayğıya görə bütün mədəniyyət işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Əsgərov, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və dirijoru, Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundov, Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev çıxış edərək bildiriblər ki, filarmoniyaya təqdim olunan səs avadanlıqları açıq havada və qapalı konsert salonunda musiqinin tamaşaçıya keyfiyyətlə, həm də səsləndiyi kimi çatdırılmasına kömək edəcəkdir. Bu avadanlıqlar həm də açıq hava konsertlərində musiqi texnikasının asanlıqla quraşdırılmasına imkan verəcəkdir.
Əli RZAYEV