Martın 10-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Milli Teatr Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, bu gün qədim və zəngin tarixi yol keçmiş Azərbaycan milli teatrının yaranmasından 145 il ötür. Nazir bu münasibətlə tədbir iştirakçılarını və teatr xadimlərini təbrik edib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli dövlət qayğısı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binaları yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda muxtar respublikada fəaliyyət göstərən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqlərinin formalaşmasında, onların asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır.
Qeyd olunub ki, son illər ərzində Naxçıvanda fəaliyyət göstərən teatrların yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektivlər milli dəyərlərimizin peşəkar təbliğatçısına çevriliblər. Teatrlarımız repertuar zənginliyini daim diqqət mərkəzində saxlayıb, klassik və çağdaş dramaturgiyamızın dəyərli nümunələrindən, dünya klassiklərinin əsərlərindən tamaşalar hazırlayıblar.
Bildirilib ki, Naxçıvan teatrı üçün ixtisaslı gənc aktyorların yetişdirilməsi məqsədilə də muxtar respublikada mühüm addımlar atılıb, Naxçıvan Dövlət Universitetində aktyorluq sənəti, Naxçıvan Musiqi Kollecində bədii yaradıcılıq işi ixtisasları yaradılıb.
Nazir çıxışının sonunda muxtar respublikada mədəniyyətin, xüsusilə də teatr sənətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə bütün tədbir iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib.
Tədbirin bədii hissəsində Azərbaycan peşəkar teatrının yaranma tarixini əks etdirən kompozisiya nümayiş etdirilib.
Böyük dramaturqumuz Hüseyn Cavidin Azərbaycan səhnəsinin ölməz tamaşalarından olan “İblis” mənzum faciəsinin final hissəsinin təqdimatı teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Səhnəyə çıxan M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının, Naxçıvan Dövlət Uşaq Teatrının aktyorları müxtəlif tamaşalardan hissələr nümayiş etdiriblər.
Tədbirin sonunda Naxçıvan Dövlət Musiqili Dram Teatrının yeni səhnələşdirdiyi “Qılınc və qələm” tamaşasından bir parça teatrsevərlərə göstərilib.
Əli RZAYEV