Müdriklərin sərlövhəyə çıxardığımız bu kəlamından da göründüyü kimi, kitablar insanların biliklərinin artmasına səbəb olan, onlara həyatda uğurlar qazandıran başlıca meyar, əsas vasitədir. Fransız yazıçısı və filosofu Albert Camus əbəs yerə deməmişdi: “Başımızı qoyacaq bir yerimiz və kitablarımız varsa, bizə lazım olan hər şey var deməkdir”.
Həqiqətən də, insan çoxlu mütaliə sayəsində mənəvi kamilliyə ucalır, dünyagörüşü dəyişir, xarakterindəki mənfilikləri aşkar edib, onları aradan qaldırmaq üçün səy göstərir. Kitabın faydaları sayılmaqla bitməz. Çox təəssüf ki, son zamanlar, xüsusən də biz gənclər arasında mütaliəyə maraq hədsiz dərəcədə azalıb. Avtobuslarda, dayanacaqlarda təsadüfən kitab oxuyan birini görə bilərsiz. İnsanlarda kitab oxumaq vərdişlərinin aşağı səviyyədə olması, vaxtlarının azlığından şikayətlənmələri, boş zamanlarını isə kompüter və ya mobil telefonlara sərf etmələri, tələbələrin dərslərinin “çox” olması və başqa səbəblərdən bu gün mütaliəyə olan maraq xeyli azalıb. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı olduqca əhəmiyyətli və zəruridir. Bəs yeniyetmə və gənc nəsildə mütaliəyə maraq necə yaradıla bilər?
İlk olaraq qeyd edək ki, kitaba maraq insanlara uşaq vaxtından aşılanmalıdır. Müasir dövrdə isə buna ciddi yanaşılmır. Belə ki, əgər 3-4 yaşında olan övladı durmadan ağlayır, diqqət tələb edirsə, ana düşünmədən uşağı televizor ekranının qarşısında əyləşdirir, yaxud əlinə mobil telefon verir. Bu kimi halları “XXI əsrin bəlası” adlandıra bilərik. Halbuki azyaşlı uşaqlar üçün yüzlərlə nağıl, hekayə kitabları vardır. Məhz bu kitablardan istifadə edərək balacaları sakitləşdirmək mümkündür. Hələ uşaqkən kitabla olan bu ilkin tanışlıq sonradan insanı ömürboyu müşayiət edər, elm və təhsilə marağın təməlini qoymuş olar. İnsanları mütaliəyə cəlb etmək üçün kitab mağazalarının, oxu zallarının da sayının artırılması da effektli üsuldur. Naxçıvan şəhərində bu baxımdan səmərəli tədbirlər görülmüşdür. Şəhərdə hazırda üç böyük kitabxana, ona yaxın kitab mağazası və bir böyük kitab evi mövcuddur. Naxçıvan sakinlərinin mütaliəyə marağı, kitablara olan tələbat barədə araşdırma aparmaq üçün bu obyektlərdən ikisində olduq.
2014-cü il noyabr ayının 23-də fəaliyyətə başlayan “Möminə Xatın” adlı kitab-kafe Naxçıvanda bu formatda yaradılan ilk məkandır. Kafe daha çox gəncləri bədii kitablar oxumağa sövq etmək məqsədilə açılmışdır. Bura gələnlər limitsiz, istənilən kitabı oxuya və ya kirayə götürə bilərlər. Oxuculara həm də zövqə görə çay, kofe, şirniyyat, dondurma, sərin içkilər də təqdim olunur. Burada asudə vaxtın səmərəli keçirilməsi üçün hər cür şərait yaradılıb. Kitab-kafe hay-küylü şəhər həyatından, şəxsi problemlərdən qısa müddət də olsa, uzaqlaşıb kitabların heyrətamiz, rəngarəng dünyasına qərq olmaq, dəyərli vaxt keçirmək üçün ən ideal məkandır. Kafenin müdiri Sevinc Abbasova bizimlə söhbətində bildirdi: “Sevindirici haldır ki, ötən illərə nisbətən bu il kafeyə gələnlərin sayı daha çoxdur, bundan sonra daha da çoxalacağını ümid edirəm”. Biz də kitab-kafenin uzunömürlü olacağına, gənclərin mənəvi-əxlaqi tərbiyəsinə öz töhfəsini verəcəyinə inanırıq.
“Zirvə” kitab evi Naxçıvan şəhərində ən çox kitab satılan mağaza kimi tanınır. Burada 2500-ə yaxın, hər yaşa və zövqə uyğun bədii kitab vardır. Bu kitablar həm satılır, həm də kirayə verilir. Kirayə kitablar götürməyə daha çox tələbələr üstünlük verirlər. Satıcıdan öyrəndik ki, əsasən, 20-35 yaş arası insanlar bədii ədəbiyyata maraq göstərirlər.
Orta məktəb şagirdlərindən kitab almaq istəyənlər çox azdır. Daha çox müraciət olunan ədəbiyyatlar klassik və müasir dünya, o cümlədən müasir türk ədəbiyyatıdır. Klassik dünya ədəbiyyatından çox satılan kitablar Lev Tolstoyun, Ernest Heminqueyin, Frans Kafkanın, Teodor Drayzerin, Aleksandr Puşkinin, Aligyeri Dantenin, Fyodor Dostoyevskinin, Viktor Hüqonun, müasir türk ədəbiyyatından Miraç Çağrı Aktaşın, Ahmet Batmanın, Kahraman Tazeoğlunun, müasir dünya ədəbiyyatından isə Jojo Moyesin, Xalid Hüseyninin, Aqata Kristinin və digərlərinin əsərləridir.
Onu da qeyd edək ki, gənclər arasında qadınlar romantik ədəbiyyat nümunələrinə, kişilər isə dedektiv janrda yazılmış əsərlərə maraq göstərirlər. Bəzi insanlar müasir Azərbaycan ədəbiyyatına, daha çox Çingiz Abdullayevin, Elxan Elatlının, Rövşən Abdullaoğlunun kitablarına müraciət edirlər. Bütün bunlarla yanaşı, mağazada azyaşlı uşaqların mütaliəsi üçün də müxtəlif kitablar mövcuddur. “Günbəgün kitab alıcılarının sayı artmaqdadır”, – deyən mağazanın müdiri bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı gənclərdə mütaliəyə maraq oyadıb. Bu da, öz növbəsində, alıcıların sayının artmasına səbəb olub. Bu artım, şübhəsiz, qürurverici haldır. Bəlli olur ki, artıq insanlar Nəcəf bəy Vəzirovun “Kitabsız ömrün nə mənası var” ideyasına dəyər verərək kitabların əhəmiyyətinin daha dərindən fərqinə varırlar.
Qeydlərimi məşhur İran sosioloqu Əli Şəriətinin sözləri ilə bitirmək istəyirəm: “Oxuyun! Mürəkkəbin axmadığı yerdə qan axır!”
Nəzrin MƏMMƏDOVA
Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat
müəllimliyi ixtisası üzrə II kurs tələbəsi