23 Dekabr 2024, Bazar ertəsi

Ordubad Rayon Mədəniyyət Evində Kazım Ziya adına Rayon Xalq Teatrının görkəmli maarifpərvər yazıçı və dramaturq, etno­qraf Rəşid bəy Əfəndiyevin “Tiflis səfəri” ikihissəli məzhəkəsi əsasında hazırladığı tamaşanın premyerası olub.
Qeyd edək ki, Ordubad Rayon Xalq Teatrı 1964-cü ildə yaradılıb. 1972-ci ildən görkəmli səhnə ustası, Xalq artisti Kazım Ziyanın adını daşıyır. 1989-cu ildə teatrın 25 illiyi dövlət səviyyəsində geniş qeyd olunub. Bu münasibətlə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə həmin mədəniyyət müəssisəsi “Naxçıvan MSSR-in Əməkdar kollektivi” fəxri adına layiq görülüb. Onu da deyək ki, o zaman təsis olunan bu fəxri ad ilk dəfə Ordubad Rayon Xalq Teatrına verilib. Teatrın yetirdiyi bir çox sənətkar sonralar Naxçıvan teatrının səhnəsində də maraqlı obrazlar yaradıb və fəxri adlara layiq görülüblər. Müxtəlif illərdə xalq teatrının səhnəsində “Bəxtsiz cavan”, “Leyli və Məcnun”, “Arşın mal alan”, “Ər və arvad”, “Əkbər kimdir”, “Fərhad və Şirin”, “Beş manatlıq gəlin”, “Həmyerlilər”, “İtirilən sağlıq”, “Canlı tonqal”, “Kamança” və başqa maraqlı tamaşalar səhnəyə qoyulub.
“Tiflis səfəri” məişət lətifələri üzərində qurulmuş bir məzhəkədir. Tamaşanın rejissoru Günəş Ağayeva, musiqi tərtibatçısı Qasım Rəsulov, rəssamı Hikmət Əliyevdir.
Qeyd edək ki, bu tamaşa dramaturqun xalq teatrında səhnəyə qoyulan ikinci əsəridir.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov kollektivi yeni tamaşa münasibətilə təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıblar.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR