23 Dekabr 2024, Bazar ertəsi

Sosial şəbəkələrdə Məhəmmədağa Şahtaxtlı adına Naxçıvan Şəhər Kitab Evində fevral ayının 24-də Elxan Yurdoğlunun “Ulduz çoxluğu qədər təklik” adlı şeir kitabının təqdimat mərasiminin keçiriləcəyi xəbərini eşidəndə bir oxucu kimi çox sevindim. Təqdimatı gözləmədən kitabı əldə etdim. Etiraf edək ki, çoxumuzun son zamanlarda yeni və yaxşı şeir nümunələri oxumağa mənəvi tələbatımız getdikcə artır. Bu da təbiidir və Elxanın ­yaradıcılığına yaxşı bələd olduğum üçün onun yeni kitabında yer alan poeziya nümunələrinin oxucu qəlbinə yol tapacağına şübhəm yox idi. 

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan kitab həcmcə kiçik olsa da, burada yer alan şeirlər oxucu qəlbində elə ovqat yaradır ki, həmin şeirlərin ovsunu səni əməlli-başlı tərk-silah edir, imkan vermir ki, ondan ayrılasan. Elxanı yaxından tanıdığıma görə yaxşı bilirəm ki, o, əlinə qələm alandan söz dərgahının hüzurunda həmişə ayıq-sayıq dayanmaq üçün ürəyinin diktəsindən heç zaman uzağa getməyib; həmişə həyat yollarında sözə sığınıb, ilahi sözün qüdrətinə inanıb və düşünürəm ki, bu inamda uduzmayıb. Şeirə, sənətə, poeziyaya məsuliyyətlə və ciddi yanaşıb. Elxana görə, insan üst-başıyla, göz üstə qaşıyla, cavanlıq yaşıyla deyil, sözüylə tanınmalıdır.

Əslində, söz uğrunda döyüşə gedənlər bu cür yaşayıb-yaratmasalar, yazdıqları heç kimin duyğularına işıq tutmaz. Çünki şeir işıqdır, şeir arzudur, həsrətdir, ürək yanğısıdır, qəlbin tərcümanıdır. Müdriklərimizin bir qənaətini xatırlayıram: “Deyirlər, insan özü özünü yazır. Amma yazdıqlarında başqası da özünü tapmalıdır. O yazılarda, heç olmazsa, on adam özünü tapa bilmirsə, deməli, sən heç özünü də yaza bilmirsən”. Müəllif “Ön söz yerinə” müraciətində oxucularına “Özünüzü tapdınızsa, o şeiri bir də oxuyun” çağırış edir. Bir oxucu kimi mən də bu şeirdə özümü tapdım. Hər misrası Vətən ətirli, hər bəndində Naxçıvan çağlayan bu şeiri oxuduqca qədim Nuh yurduna sevgin bir qədər də artır, sinədolu nəfəs alırsan. Həmin şeir, hər şeydən əvvəl, insanda Naxçıvan torpağına damcı-damcı hopmaq arzusu yaradır. Bu yerdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fikirlərini oxucularla paylaşmaq istəyirəm: “...Ədəbi məhsullarda “Vətən” sözünü çox işlətməklə vətənpərvərlik mövzusunda ədəbiyyat yaratmaq mümkün deyil. Vətənpərvərlik yazıçı və ya şairin yaradıcılığının bütün mahiyyətini ifadə etməli, vətəndaşlıq duyğusunun daşıyıcısına çevrilməlidir”. Elə Elxanın “Şeir-şeir yazdım bu şəhəri” adlı şeirinin də Naxçıvana olan duyğularımızın daşıyıcısına çevriləcəyinə heç bir şübhəm yoxdur. Fikrimcə, bu şeir son illərdə doğma Naxçıvan haqqında yazılan ən güclü şeirlərdən biridir və oxucuların da bu qənaətlə razılaşacağına inanıram. Şeirin bədii dəyəri də bunu deyir. Bu şeirdə Naxçıvanın tərənnümü elə sözlərdən biçilib, elə kəlmələrdən libas geyib ki, bu hiss və duyğularda qəribə bir can yanğısı duyursan. Şeirin dili aydın, axıcı, rəvan, səlis və təsiredicidir:

Addım-addım gəzdim bu şəhəri,
Gül-gül qoxladım,
Qucaq-qucaq sevdim.
Küçə-küçə vərəqlədim bu şəhəri,
Tarix-tarix oxudum,
Torpaq-torpaq sevdim.

Şair Naxçıvanın aşiqidir. İstər əvvəl, istərsə də yeni yazdığı şeirlərində Vətən, yurd sevgisi, el-oba nəfəsi güclüdür, qibtəedicidir. Kəngərli rayonunun Yurdçu kəndində dünyaya göz açmış Elxan şəhərdə yaşasa da, onun ürəyindən su içən qələmi doğma kəndindən heç zaman yan keçmir. Rəmzi mənada, Yurdçu onun üçün Vətənin başlandığı torpaqdır. O, böyük Vətəni bu kiçik yaşayış məntəqəsindən tanıyıb. Doğma yurda sevgi, məhəbbət buradan başlayıb. Bu mövzuda qələmə aldığı şeirləri ilə göstərə bilir ki, onun torpağa olan sevgisi əbədidir, tükənməzdir. Naxçıvanı “canməkan” adlandıran şairin şeirlərini oxuduqca allı-güllü don geyinən nazlı gəlin Batabatı gəzir, Arpaçayın sahilində Xançobanın qəmli nəğməsinə qulaq asırsan. Yallı səsiylə coşursan.
Şairin də yazdığı kimi, ulduzları qısqandıran gecələri ilə bu gün Naxçıvan gözəlliklər sərgisinə çevrilib:

Canım yansa bir can deyər,
ağrılarım candan çıxar,
Bura mənim can evimdir,
bura mənim Canməkanım.
Ürək əsər, ruh titrəyər, qəlb tövşüyər,
can darıxar,
Bircə günlük səndən ayrı
düşsəm əgər, Naxçıvanım!

Onun bəzi şeirlərində bir az yorğunluğunu hiss edirsən. Şair illərin keçməsindən, yaşının üstünə yaş gəlməsindən narahatdır. O, şeirlərində daha çox payızdan yazır, payızı vəsf edir. Mənə elə gəlir ki, şair qış fəslindən qorxur, çəkinir. Bəlkə də, ona görədir ki, gənc şair ünvanını əlində bərk-bərk saxlayıb.

Elxanın şeirlərindən hansı ləçəyi çəksək, mənalı və düşündürücüdür. “Çərpələng”, “Burada havalar sevgisiz”, “Azadlığın vüsalı”, “Sənlə bir nəfərəm”, “Susmağın dağ havası” və başqa şeirlərindəki həzin çırpıntılar, sevginin qəm göyərdən həsrəti oxucunu kövrək xatirə cığırları ilə ünyetməz, əlçatmaz, lakin unudulmayan bir müqəddəs aləmə aparır. Hissimizi, duyğumuzu bizdən alan zərif misraların ahəngindəki titrək nidalar, ötən günlərin həsrət şimşəyi bizi bir daha tərpədir. Xəyalın, yaddaşın gücünə qəlbimizdə yaşayanları xatırlayırıq.
Şeirin, sənətin mürəkkəb, dolaşıq, cazibədar zirvələrinə qalxmaq, öz yolunu tapmaq üçün daim axtarışda olan Elxanın sənət eşqinə, gözəllik duyğusuna, iradəsinə, istedadına ürəkdən inanıram. İnanıram ki, bu uzun yolda Elxan bu karvanın sarvanı kimi öz istəyinə çatacaq. Bu yolda ona uğurlar arzulayıram.

Sara ƏZİMOVA
jurnalist

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR