Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin və Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının təşkilatçılığı ilə kitabxanada şairlərlə oxucuların görüşü keçirilib.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq belə görüşlərin gənclərin bədii ədəbiyyata marağının artırılmasına, şairlərlə oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət etdiyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar “Naxçıvanda ədəbi mühit” mövzusunda çıxış edib, Naxçıvan ədəbi mühitinin yetirmələri olan şair və yazıçılar barədə fikirlərini tələbələrlə bölüşüb.
Bildirilib ki, Naxçıvanda ədəbi mühit həmişə fəal olub. Ayrı-ayrı dövrlərdə bir sıra görkəmli yazıçılar Naxçıvanda işləyib, ədəbi mühitimizin formalaşmasına öz köməkliklərini göstəriblər. Azərbaycan tarixində folkloru, elmi, incəsənəti, memarlığı, hərb sənəti, dövlətçiliyi və digər sahələri ilə seçilən qədim Naxçıvan diyarının müxtəlif dövrlərdə özünəməxsus ədəbi mühiti şairlərin yaradıcılığına öz təsirini göstərib. Onların şeirlərinin əsas xəttini milli və mənəvi dəyərlərə hörmət, vətənpərvərlik hissinin təbliği, doğma el-obaya məhəbbət mövzuları təşkil edib. Müasir dövrümüzdə də ədəbi qüvvələrimiz muxtar respublikamızın bugünkü sürətli inkişafı, təbiətin bu diyara bəxş etdiyi təbii gözəllikləri, müasir tariximizi ədəbiyyatda əks etdirmək funksiyasını yerinə yetirirlər.
Sonra şairlərdən Asim Yadigar, Əbülfəz Ülvi, Zeyqəm Vüqar, Ələsgər Nehrəmli, Elxan Yurdoğlu, Yadulla Zaman, Qanun Ümman və şairə Ruhəngiz Əliyeva ümummilli lider Heydər Əliyevə, Azərbaycana, Naxçıvana, Vətənə həsr etdikləri şeirlərindən nümunələr səsləndiriblər.
Güntac ŞAHMƏMMƏDLİ